AB Rusiyanı “terrorçu dövlət” elan edərsə... - Azərbaycanın seçim məsələsi



 18:00 22.11.2022     598

Avropa Parlamenti gələn həftə Rusiyanı terrorçu ölkə elan edən qətnaməyə səs verəcək. Bu barədə srağagün Avropa Xalq Partiyasının (APP) rəsmi saytında məlumat verilib. “Gələn həftə biz  Rusiya nı terrorçu dövlət kimi tanıyacaq qətnaməyə səs verəcəyik”, - deyə rəsmi bəyanatda bildirilir.

Demedia.az xəbər verir ki, bunu politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, xüsusən də 44 günlük müharibədən sonra açıq-aşkar ermənipərəst və Azərbaycana qarşı təxribatçı mövqe sərgiləyən, əleyhimizə bir necə ədalətsiz qətnamə qəbul edən Avropa Parlamenti bu cür qərarlarla sözsüz ki, həm də Azərbaycan və Türkiyə kimi bitərəf ölkələri Ukrayna məsələsində seçim qarşısında qoymaq və öz tərəflərinə çəkmək niyyəti güdür:

"Belə bir qərar olarsa, Azərbaycan seçim qarşısında qala bilərmi? Rusiyanın terrorçu dövlət elan olunması ölkəmiz üçün hansı anlama gələcək və Rusiya ilə iqtisadi əlaqələrə görə bizi, qardaş Türkiyəni hansısa sanksiyalar gözləyə bilərmi?

Rusiya-Ukrayna müharibəsində Qərb koalisiyasının yekdil fikirdən çıxış etməsi bəzi radikal addımlara da gətirib çıxarır. Belə ki, Avropa Parlamenti artıq Rusiyanı terrorçu ölkə elan edən qətnamə qəbul etməyə hazırlaşır. Nəzərə almaq lazımdır ki, söhbət bizim şimal qonşumuzdan gedir və Rusiyanın terrorçu dövlət elan olunması bir sıra məsələləri də aktullaşdıracaq. Avropa İttifaqı burada öz şəxsi maraqlarından çıxış edir. Ukraynanı müdafiə Rusiyanı beynəlxalq nüfuzdan tamamilə salmaq mahiyyəti güdür. Eyni zamanda Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər gücləndikcə Azərbaycan və Türkiyənin atacağı addımlar da geniş müzakirə mövzusu olur. Nəzərə almaq lazımdır ki, biz Rusiya ilə 2022-ci il fevral ayının 22-də "Müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında" bəyannamə imzalamışıq. Hazırda Rusiyanın məhz Qarabağ mövzusunda sərgilədiyi mövqe böyük ziddiyyətlər doğurur. Bunu nəzərə alaraq Azərbaycan düşünmürəm ki, Rusiyaya qarşı hansısa çox ciddi və kəskin addımlar atsın. Zaman-zaman bəzi siyasi bəyanatlar səsləndirilir. Əgər bizim milli maraqlarımızla əks mövqedə duran Kremlin addımları olursa, biz buna qarşı çıxırıq. Lakin Avropa İttifaqının Rusiyanı terrorçu dövlət elan etməsi Azərbaycanı da Rusiyaya qarşı yönəlməyə məcbur etmir. Buna baxmayaraq, Azərbaycana Avropa İttifaqı tərəfindən müəyyən tələblər irəli sürülə bilər. Dəfələrlə biz bu istiqamətdə təzyiqlərlə rastlaşmışıq. Xüsusilə İran mövzusunda. 

İndi Rusiyanın terrorçu dövlət elan olunması Azərbaycan və Türkiyə qarşısında hansısa şərtləri formalaşdırmır. Biz bütün dövlətlərlə mehriban qonşuluq siyasətinin formalaşmasında maraqlıyıq. Əgər milli maraqlarımızdan kənar hər hansı tələb irəli sürüləcəksə, Azərbaycan buna uyğun olaraq addımlar atacaq. Ancaq dünyanın geosiyasi mübarizəsində yer tutmaq gələcəkdə Azərbaycan üçün hansısa uğurları şərtləndirəcək demək çətindir. Kiçik dövlətlər gərək proseslərə uyğun addımlar atsınlar. Hər hansısa kiçik dəyişiklikdən ilhamlanaraq radikal addımların atılması hər zaman uğura gətirmir. Hər şeyi məhz zamanı gələndə reallaşdırmaq daha böyük uğur gətirir".

Xəyalə Məmmədova / Demedia.az