Hansı qidalar mədəaltı vəzə ziyanlıdır? - Araşdırma



 21:33 23.11.2022     2105

“Hansı qidalar mədəaltı vəzə ziyanlıdır?” sualı insanları çox düşündürür. Çünki mədəaltı vəz olduqca həssas orqandır və  mədədən bağırsağa  ötürülən qidanın həzm edilməsinə məsuldur.

Mədəaltı vəz qidanın tərkibindəki nişastanı, yağı və şəkəri parçalayan xüsusi fermentlər istehsal edir. Yalnız bu fermentlərlə emaldan sonra qida bağırsağımız tərəfindən mənimsənilə bilir. Vəzin digər vəzifəsi qandakı şəkərin miqdarını nizamlamaqdır. Mədəaltı vəzin fəaliyyətindəki kiçik pozğunluq ciddi xəstəliklərə səbəb olur. Bu xəstəliklərə misal olaraq, pankreatit, diabet, mədəaltı vəz xərçəngini göstərə bilərik. 

Biz davamlı olaraq, düşünmədən bu cür vacib orqanımızı zədələyirik. Yəni, həddən artıq yeyirik,  yediyimizin bizə faydalı və ya zərərli olduğunu düşünmədən yeyirik və s. 

Müasir dövrdə insanlar arasında diabet və mədəaltı vəzin soyuqlaması olan pankreatit geniş yayılıb. Soyuqdəymə mədədə intensiv ağrılarla müşahidə edilir.  Digər simptomlar isə gözün kökünün saralması, qarında şişkinlik, nəcisin rənginin dəyişməsi, yüksək hərarətdir. Xroniki pankreatit kəskin şəkildə özünü büruzə vermir. İnsanlar illərlə yeməkdən sonra mədədəki diskomfortdan şikayət edə bilirlər. Qida rasionumuzda müəyyən qidaları qəbul etmək ağrıların artmasına səbəb olur. Mədəaltı vəzi qorumaq hər insanın öz əlindədir.  Yetər ki, rasionunuza diqqət edin və normadan artıq yeməyin.  Dietoloqların fikrincə, mədəaltı vəzə ziyan edən qidaları uzun müddət qəbul etmək olmaz. Ən azı, 8-9 ay ciddi pəhrizə əməl olunmalıdır. Çalışın, yeməyi ağzınızda yaxşıca çeynəyəsiniz və gün ərzində az-az, tez-tez yeyəsiniz.  

Hansı qidalar mədəaltı vəzə ziyanlıdır? Buyurun, birlikdə öyrənək: 
Qazlı içkilər. Bu içkilərin tərkibində xeyli sayda kimyəvi elementlər, üstəgəl, rəngləndiricilər və həddən artıq şəkər var. Qazlı içkilər sağlam insanı xəstə edir, nəinki, mədəaltı vəzində problem olanları.  Qaz qabarcıqları mədənin divarlarına mənfi təsir edir, eyni zamanda, pankreatitin yaranmasına səbəb olur. 

Yağlı ət və  hisə verilmiş qidalar. Hisə verilmiş  qidalar mədə-bağırsaq sistemini qıcıqlandırır. Xüsusilə, tüstüyə verilmiş ət məmulatları daha çox ziyanlıdır. Təbii ki, mədəaltı vəzdə problem varsa,  həzm üçün vacib olan fermentlərin ifrazı azalır. Bu da nisbətən ağır yeməklərin həzmini çətinləşdirir. Məsələn; kabab, kalapır, yarımfabrikatlar və s. 

Şirniyyatlar və şokolad. Əgər siz bir parça tünd şokolad yesəniz, bu, dünyanın sonunu gətirmir. Amma həddindən artıq, daimi olaraq şokolad yesəniz, nəticədə, mədəaltı vəziniz sıradan çıxar, yaxud diabet riski artar. Şirniyyatların həddən artıq qəbulu zamanı qanda qlükozanın miqdarı qəfildən yüksəlir. Bu da, öz növbəsində, şəkəri parçalayan insulin fermentinin intensiv ifrazını tələb edir. Xüsusilə, yağla şəkər eyni anda yeyilərsə, məsələn; tort, dondurma, paxlava, şəkərbura yeyəndə mədəaltı vəz daha da yüklənir. 

Xörək duzu. Həddən artıq duz istifadə etdikdə, bədəndə maye ixracı çətinləşir və təzyiq yüksəlir. Gücə düşən mədəaltı vəzin damarları zədələnir. 

Acı və ədviyyatlı yeməklər.  Ədvası  çox olan yeməkləri hər adamın orqanizmi həzm edə bilmir. Bunun üçün orqanizm gərək uşaqlıqdan ədviyyatlı yeməklərə adət eləsin. Məsələn; gürcülər, hindlilər kimi.  Bizim yemək adətlərimiz ilə hindlilərin yemək adətləri fərqlidir. Ona görə də, biz bol ədvalı yeyəndə özümüzə ziyan edirik. Marinə edilmiş  və turşuya qoyulmuş tərəvəzlər, həmçinin, soyuq yeməklər  mədəaltı vəzin sevmədiyi qidalardır.  Az yağlı tərəvəz şorbalarını isə həssas orqanımız çox sevir. 

Göbələklər.  Ümumiyyətlə, göbələyi nadir hallarda yemək lazımdır.  Qızarmış göbələk mədəaltı vəzin işini çətinləşdirir.  Ona görə ki, onlar uzun müddətə və çətinliklə həzm olunur.  Bundan əlavə, təbiətinə görə, göbələk süngər kimidir: ətraf mühitdəki hər şeyi özünə çəkir.  Əgər göbələk ekoloji təmiz olmayan yerdə bitibsə, baxmayarq ki, zəhərli növ deyil, insanı zəhərləyə bilir.  Uşaqlara heç bir formada göbələk yedirmək məsləhət görülmür. 

Mayonezli salatlar, sobada pendirlə bişirilən ət, piroq və peçenyelər də mədəaltı vəzə ziyandır. Onlar bayram süfrəsinin yaraşığıdır, amma gündəlik yeyilərsə, mədəaltı vəzə düşmən kəsilirlər. 

Sarımsaq. Çətin həzm edilir və mədədə yanma yaradır. Bütün mədə-bağırsaq sistemi xəstəliklərində qəti şəkildə sarımsağın istifadəsi olmamalıdır. 
Kofe. Kofe iştahı açır. Eyni zamanda, mədə şirəsinin ifrazını artırır, mədənin divarını zədələyir, mədəaltı vəzə ziyan vurur. Kofenin qəbulundan sonra bütün həzm orqanları fəaliyyətə keçir, ferment və şirələr ifraz edirlər. Amma ortada  həzm ediləsi qida olmur. Bu da həmin orqanların zədələnməsinə səbəb olur.  Çalışın ki, gün ərzində 2 fincandan artıq kofe içməyin. Və həmişə yeməkdən sonra için. 

Marqarin. Hazırda, demək olar ki, sartışda olan şirniyyat məhsullarının əksəriyyəti marqarinlə hazırlanır. Marqarin yağın süni əvəzləyicisidir. Tərkibində  orqanizmə zərərli olan sintetik yağlar və konservantlar  var. Ona görə də, hazır şirniyyatlardan imtina eləsəniz, yaxşı olar. 

Turş giləmeyvələr və meyvələr. Bəli, mədəaltı vəzimiz şirin meyvələri xoşlayır. Baxmayaraq ki, tərəvəz yeməkləri həzm sistemi orqanlarının sevimlisi sayılır, mədəaltı vəz burda da öz xüsusiliyini büruzə verir. Məsələn; mədəaltı vəz kələmi, turpu, sarımsağı, soğanı və paxlalıları da sevmir. 

Pis vərdişlər də mədəaltı vəzin sıradan çıxmasına səbəb olur.   Alkoqollu içkiləri qaraciyər parçalayır. Parçalanmış məhsullar qana sorularaq damarda sıxılmalar yaradır.  Nəticədə, mədəaltı vəz ferment ifraz edə bilmir. Bu isə diabet və pankreatitin inkişafına səbəb olur. Ümumiyyətlə, alkoqolun bu orqana ziyanları çox böyükdür. Fərqi yoxdur ki, içdiyiniz şərabdı, araqdı, konyakdı... İstənilən spirtli içki pankreatitin yaranmasına səbəb olur.  Bundan əlavə, pankreatit vaxtında müalicə olunmasa, içkilərin köməyilə onkoloji xəstəliyə çevrilə bilər.  Nikotin isə, nəinki, bronxların və ağciyərlərin, eyni zamanda, mədəaltı vəzin də düşmənidir.  Nikotin mədəaltı vəzin ferment ifrazını zəiflədir, vəzin morfoloji quruluşunu dəyişir. Bu da yekunda xərçəngə gətirib çıxarır. Çoxdan məlumdur ki, mədəaltı vəz xərçənginə tutulanların üçdə biri siqaret çəkənlərdir. 

Stressin immuniteti zəiflətdiyini, orqanizmi gücdən saldığını hamımız bilirik. Bütöv orqanizmə ziyan vuran stress həssas orqana-mədəaltı vəzə neyləyər? Bu sualın cavabını özünüz təsəvvür edin. Yuxusuzluq, psixoloji gərginlik də mədəaltı vəzə pis təsir edir. İnsanların uzunmüddətli emosional təbəddülatlarının pankreatit yarada bilməsi artıq tibbi cəhətdən sübut edilib. Sinir böhranının şəkərli diabetə “dəvətnamə yazdığı”nı isə dövrümüzdə hər bir insan bilir. 
Mədəaltı vəzə faydalı qidalar bunlardır: 
-ağ çörək;
- vegetarian şorbası, amma kələmsiz;
-soyutma bişmiş, yağsız toyuq, hind quşu və inək əti;
-bütün sıyıqlar

Mədəaltı vəzin sağlamlığını qorumaq üçün çalışın ki, süfrədən doymadan qalxın. Eyni zamanda, balanslı şəkildə yeyin. Axşamlar çox yeməyin. Mədəaltı vəz üçün zülalla zəngin olan qidalar, xüsusilə, əhəmiyyətlidir. Zülal qlükogen fermentinin istehsalında mədəaltı vəzə kömək edir. Qlükogen isə şəkəri və yağı parçalayır.

Yeməklərin temperaturu da önəmlidir. Çalışın ki, yeməkləri çox qaynar və  çox soyuq halda yeməyin. Bütün yeməklərin orqanizmlə, təxminən, eyni temperaturda olması ən ideal yemək formasıdır. 

Bahadur Seyidov / Demedia.az