Nanə çayı necə hazırlanır? - MÖCÜZƏVİ FAYDALARI
Nanə bitkisi min dərdə dəvadır. Yarpaqlarından dəmlənən çayın faydalarını saymaqla bitməz.
Bəs, bu çay necə hazırlanır? Orqanizmə faydaları nələrdir?
Nanə çayı hazırlamaq çətin deyil. Marketdən, ya da bazardan qurudulmuş nanə alaraq bu çayı dəmləyə bilərsiniz. Əvvəlcə, çaydanı doldurun və qaynadın. Sonra nanə yarpaqlarını bir fincana qoyun və üstünə qaynar su tökün. Ağzını örtüb-örtməmək öz seçiminiz olacaq. Əsas məsələ isə 5 dəqiqə səbirlə nanə yarpaqlarının dəmlənməsini gözləməkdir. Nanəli çay bu gün bütün dünyada həm dietoloqların proqramlarında, həm də müxtəlif xəstəliklərin profilaktikasında istifadə edilir. Mütəxəssislər tərəfindən sübut olunan faydaları ilə yanaşı, içənlərin xoş təəssüratları da bu çayın populyarlığına səbəb olur. Yorğunluğu aradan qaldıran, ağrıları azaldan nanə çayı gərgin işlə məşğul olanların sevimli içkisidir.
Soyuqdəymə zamanı nanə çayı iltihab əleyhinə vasitə kimi köməyə çatır. Həftədə 2-3 gün, gün ərzində 2 fincan olmaqla içilən nanə çayı əhval-ruhiyyəni də yaxşılaşdırır.
İctimai təcrübədə belə bir nüans var: insanlar, əvvəlcə, zərərli olana doğru yönəlirlər. Elə ki, zərərləri bariz şəkildə hiss edirlər, bu dəfə də faydalı olanın axtarışına çıxırlar. Məhz buna görə də, yaxın gələcəkdə nanə çayının kofe ilə eyni populyarlığa çatması bizi təəccübləndirməyəcək. Qida araşdırmaları ilə məşğul olan bir neçə qurum indidən belə bir proqnoz verir: “ Çox yaxın zamanda kola, soda, qazlı və enerji içkiləri öz yerlərini nanə çayına verəcək!”
Səbəbi başqa yerdə axtarmaq lazım deyil: tərkibindəki faydalı maddələrlə nanə çayı insan orqanizmi üçün əvəzsizdir. Bu gün içdiyiniz nanə çayı sizdən sonrakı 3 nəslin də sağlamlığına müsbət təsir göstərəcək.
Nanə çayının faydaları bunlardır:
-Stressi azaltmaqla bərabər əhvalı da yüksəldir. Gələcək nəsillərə stressiz, xoş əhvallı bir həyat miras qoymaq üçün əla vasitədir.
-Ürəkbulanmasını aradan qaldırır.
-Həzm prosesini asanlaşdırır.
-Soyuqdəymə zamanı orqanizmin ən təbii “savaşçısı”na çevrilir. Qısa müddətdə soyuqdəyməni sonlandırır.
-Ağız qoxusunun qarşısını alır.
-Mütəmadi olaraq içildiyində qarın boşluğundakı qaz problemini yox edir.
-Quru öskürəyi kəsir.
-Xroniki ağrıları kəsir. Diz, ayaq, bel… Bütün nahiyələrdəki ağrıların yoxa çıxmasında əvəzedilməzdir.
-Yaddaşı gücləndirir.
-Qızdırmanı salır. Amma 3 yaşdan aşağı uşaqlara nanə çayı içirməzdən əvvəl həkimə müraciət etsəniz, yaxşı olar.
Nanə çayını içməklə yanaşı, bədəninizin hər hansı nahiyəsinə də çəkə bilərsiniz. Saçlarınızın parlaq və canlı olmasını, dərinizin təravətli olmasını istəyirsinizsə, yenə nanə çayına üz tuta bilərsiniz.
Bununla belə, bəzi hallarda nanə çayını istifadə etmək məsləhət görülmür. Qastro-ezofageal reflyuks xəstəliyi olan uşaqlar, eləcə də, yetkin insanlar nanə çayı içməməlidirlər. Əgər içirlərsə belə, bu, həkimin nəzarətiylə olmalıdır.
Nanə çayının içilmə üsulu da ondan faydalanmaqda böyük rol oynayır. Hər şeydə olduğu kimi, bu çayın da azı yararsız, çoxu zərərlidir. Hər gün içilən nanə çayı 1 fincandan artıq olmamalıdır. Günaşırıdırsa, 2 fincan ola bilər. Prosedur həkim məsləhətiylə 1 həftə, yaxud 3 ay da davam edə bilər. Sadəcə, uzun müddət üçün təkbaşına qərar verməkdən çəkinin.
Bahadur Seyidov / Demedia.az