Tarixdə gizli qalan 10 SİRR
“Sirrini verməyir sirdaşa dünya…” Səməd Vurğunun bu misrası artıq illərdir ki, məsələ çevrilib.
Əslində isə, bəşər həmişə anlamadığı, bilmədiyi hər şeyi sirr pərdəsi ilə örtüb.
10. Oak adasındakı çuxur. Kanadanın Yeni Şotlandiya sahillərində Oak adlı kiçik bir ada var. Buranı “palıd adası” da adlandırırlar. Amma ada ən çox malik olduğu çuxur ilə şöhrət qazanıb. Əfsanələrə görə, yerli əhali həmin çuxuru 1795-ci ildə kəşf edib. Çuxur o qədər dərin və vahiməlidir ki, ilk ağlagələn orda xəzinə basdırıldığı olub. Çoxları xəzinə həvəsiylə çuxura enməyə çalışıb. Amma məqsədlərinə nail ola bilməyiblər. Çünki müəyyən məsafədən sonra quyuya su dolmağa başlayır. Deyilənə görə, 40 metr dərinlikdə üzərində yazılar cızılmış bir daş var. İndiyədək çuxurun dibini görmək heç kəsə nəsib olmayıb. ABŞ prezidenti Ruzveltin tələbəlik illərində Oak adasına səfər etdiyi ilə bağlı rəvayət də var. Onun da quyuya enmək cəhdi olub. Amma quyu öz sirrini heç kimə açmayıb.
9. Benjamin Kayl. 2004-cü ildə Corciya ştatındakı burger kafelərinin birinin yaxınlığında çılpaq və sənədsiz bir kişi peyda olur. Ən dəhşətlisi isə o idi ki, kişi heç nə xatırlamırdı. Adının nə olduğunu belə, bilmirdi. Polislər onun şəklini çəkir, itkin düşənlərin siyahısında axtarışa başlayırlar. Amma heç bir ipucu tapılmır. Beləcə, araşdırmalar davam edir. Heç bir izə rast gəlməyən polislər hökumətə müraciət edir və kişiyə yeni ad verilir: “Benjamin Kayl”. Televiziya proqramlarında onun haqqında eşidən və ona yazığı gələn yerli sahibkarlardan biri Benjaminə restoranda qabyuyan işi təklif edir. O da razılaşır. Bu adla yaşayan və işləyən Benjaminin keçmişi haqqında isə hələ də heç bir izə rast gəlinməyib.
8. Kəsilmiş ayaqlar sahili. Britaniya Kolumbiyasındakı çimərliklərdən biri belə adlanır. Səbəb isə Kanada sakinlərinin dəfələrlə ordan kəsilmiş insan ayağı tapmasıdır. 2007-ci ildən bu yana sahildən 17 ədəd belə ayaq tapılıb. Sağ ayaqlar üstünlük təşkil edir. Ayaqların bu sahilə atılmasıyla bağlı bir neçə ehtimal var:
-təbii kataklizmlər;
-seriyalı qatil;
-mafiya cəzaları;
Lakin indiyədək bu ehtimalların heç biri təsdiqini tapmayıb. Həqiqət isə üzə çıxmır.
7. Ölümcül rəqs, yaxud “rəqs vəbası”. 1518-ci ilin yayında Strasburqda qəribə hadisələr müşahidə edilir. Qadınlar küçənin ortasındaca dayanıb rəqs eləməyə başlayırlar. Yorğunluqdan yerə yıxılanadək vəhşi hərəkətlərlə rəqs edənlərin sayı günbəgün artır. 1 həftəyə şəhərdə dayanmadan rəqs edən kişi və qadınların sayı 300-ü keçir. 1 ayın yekununda isə artıq 400-dən çox insanın rəqs etdiyi yerdə ürək çatışmazlığından və təngnəfəslikdən öldüyü məlum olur. Kilsə xadimləri və hökumət nümayəndələri nə edəcəklərini bilmirlər. Nəhayət, belə qərara gəlirlər ki, kimsə rəqs edənlərə dəyib-dolaşmasın. Hələ də, sirri açılmayan “rəqs vəbası”nın səbəbləri sırasında yoluxucu epilepsiya, şeytan girmə, yaxud naməlum ritual ehtimalları da var. Amma əsl səbəb məlum deyil.
6. Yadplanetlilərdən gələn siqnal. 1977-ci ilin 15 avqustunda Ohayo Dövlət Universitetinə aid “Big Ear” (Böyük qulaq) adlı radioteleskopun qarşısındakı Dr. Cerri Ehman (Jerry R. Ehman) kiçik zolaqlı bir radio siqnalı təyin edir. Cəmi 72 saniyə çəkən bu siqnal Ehmanın o vaxtadək eşitdiyi bütün kosmik siqnallardan güclü idi. Ehman siqnalı yadplanetlilərlə bağlı araşdırmalar aparan həmkarlarına da dinlədir. Onlar da bu qeyri-adi siqnalın sirrini aça bilməyiblər. “Wow!” siqnalı adlandırılan bu səsin zarafat, yoxsa yadplanetlilərin Yerlə ünsiyyət cəhdi olduğu da hələ naməlumdur.
5. Böyük qanadlar. Amerikanın kəşfindən yüzilliklər keçsə də, hələ də amerikalılar böyük quşlar gördüklərini deyirlər. 1950-ci illərdə bu qeyri-adi şəkillər yayımlandı. Şəkillərdə ABŞ əsgərləri böyük qanadları olan quşların yanında, yaxud elə qanadların üstündə durmuşdular. Tarixi rəvayətlərə inansaq, vətəndaş müharibəsi dövründə bu quşlar amerikan əsgərlərinin qənimi olub. Məsələn; bu şəkilin 1864-cü ildə Vicksburg şəhəri yaxınlığında çəkildiyi ehtimal edilir. Şəkilləri yayımlayan naşir oxucular üçün sual da qoymuşdu: “Naməlum böyük qanadlar, yoxsa yırtıcılar?” Hələ də, bu sual cavabsızdır.
4. Voyniç əlyazmaları. Bu sirli mətnlər Polşa əsilli Uilfrid M.Voyniçin adıyla adlandırıb. Voyniç isə onu naməlum bir bukinistdən aldığını iddia edirdi. Soldan sağa yazılan bu mətnin bəzi səhifələrinin əksik olduğu güman edilir. I və II dünya müharibələri zamanı kriptoqraflar tərəfindən incələnən əlyazmaların hansı dilə aid olduğu və orada nə yazıldığı, hələ də, məlum deyil. Tarixçilərin fikrincə, əlyazma 15-16-cı əsrlərdə Mərkəzi Avropada qələmə alınıb. Müasir elmə məlum olmayan bitkilərin şəkilləri və ya nəyə işarə etdiyi bilinməyən çizgilərlə zəngin əlyazmanın nə vaxtsa tibbdə istifadə edildiyi də təxminlər sırasındadır.
3. Yamala quyuları. 2014-cü ilin iyulunda Yamalada səbəbi bilinməyən partlayış baş verdi. Nəticədə, dərin və geniş quyular meydana gəldi. 40 metr diametri olan quyuların yarandığı partlayışda zərərçəkən olmadı. Çünki Yamala insan yaşamayan yerdi. Bundan sonra bölgəyə elm adamlarından ibarət ekspedisiya göndərildi. Heyət geoloqlardan, təcrübəli coğrafiyaşünaslardan, dağçılardan ibarət idi. Amma onlar quyuların səbəbi haqqında kiçik bir ipucu belə, əldə edə bilmədilər. Ekspedisiyanın araşdırmaları bitməmiş daha iki quyu da peyda oldu. Hələlik, elm adamlarının yalnız bir təxmini var: təbii qazların püskürməsi. Amma mütəxəssislər üçün bu versiya inandırıcı deyil.
2. Antikitera mexanizmi. Batmış qədim yunan gəmisində xəzinə axtaranlar tərəfindən tapılıb. XX əsrin əvvəlində üzə çıxarılan artifakt tarixdə “kompüterin ilk analoqu” sayılır. Təqvim kimi, yaxud astroloji ölçmələrdə istifadə edildiyi güman edilən mexanizmin olimpiya oyunlarının təşkilində də işə yaradığı düşünülür. Aparılan araşdırmalar nəticəsində mexanizmin 1000-dən çox yaşı olduğu müəyyən edilmişdi. Qədim yunan gəmisinin eramızın ilk yüzilliyinin ikinci yarısında qəzaya uğradığı hesablanandan sonra isə mexanizmin bizim eramızla yaşıd olduğu haqqında ehtimallar bir-birinin ardınca dilə gətirildi.
1.Donmuş... 20 dekabr 1980-ci ildə gənc Cine Hiller öz valideynlərinin yanına Minnesotaya gedirdi. Qəfildən maşını yoldan çıxır. Qız valideynlərinin tanışları olan bir ailənin yaxınlıqda yaşadığını bilirdi. Ona görə də, maşından çıxır və piyada yoluna davam edir. Lazım olan yerə çatmağa az qalmış qız istiqaməti itirir. Ailə dostları onu yerdə yıxılmış və donmuş vəziyyətdə təsadüfən tapır. Qızı xəstəxanaya çatdırır. Amma qız heç bir həyat əlaməti göstərmirdi. Dərisi o dərəcədə donmuşdu ki, iynə vura bilmirdilər. Baxmayaraq ki, bədən temperaturu normadan aşağı düşmüşdü, tibb işçilərindən birinə qızın ürək döyüntüsünü eşitmək nəsib olur. Amma həkimlər qızın öldüyündən əmin idilər. Yenə də, onu yavaş-yavaş isitdilər. Bəziləri isə qızın yaşasa da, xəstəhal olacağına, daxili orqanlarını itirəcəyinə, əl-ayağının kəsiləcəyinə dair ehtimallar irəli sürürdülər. Buz əridikcə qızın bədəni qımıldanmağa başladı. Nəhayət, Cine gözlərini açdı və su istədi. 3 günə qız ayağa qalxmışdı. 6 həftədən sonra evə buraxılan qızın valideynləri möcüzəyə şahid olduqlarını desələr də, həkimlər bu halın necə baş verdiyini, hələ də, izah edə bilmir.
Bahadur Seyidov / Demedia.az