Tayvan və Çin iqtisadiyyatında böyük zərbə... TƏHLİL
“Financial Times” dərgisində yayımlanan məqaləyə görə Tayvanda müharibə başlayarsa dünya iqtisadiyyatı hər il 2.5 trilyon dollar itirəcək. “Rhodium Group” analitik şirkəti ABŞ Dövlət Departamentinin sifarişi əsasında hazırladığı hesabat əsasında bu astoronimik rəqəmi müəyyənləşdirib.
Demedia.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd olunub.
Analitiklərin fikrincə, müharibə həm Tayvan, həm də Çin iqtisadiyyatında böyük zərbə vuracaq və bundan sonra dünya iqtisadiyyatında “domino effekti” yaranacaq:
"Ən çox Cənub-Şərqi Asiya ölkələri zərər görəcəklər. Avtomobillərin, bilgisayarların və mobil telefonların istehsalında qeyri-sabitlik yaranacaq. Bu isə dünya ticarətini silkələyəcək. Analitiklərin fikrincə, bu durum onsuz da problemlərlə üzləşən Avropa üçün də yeni problemlər yaradacaq.
Bu arada, karbon emissiyalarının azaldılması ilə bağlı öhdəliklərin əksinə olaraq, Çin kömür hasilatını artırmağı və daha çox istilik elektrik stansiyaları tikməyə qərar verib. Bu, çirklənməni azaltmaq və bununla da qlobal istiləşməni dayandırmaq üçün qlobal səylərə böyük zərbə kimi qiymətləndirilir. Çin lideri Si Sinpin ölkəsinin təmiz enerji alternativi tapılana qədər kömürdən istifadə etməyə davam edəcəyini bildirib. Beləliklə, hazırkı 4,1 milyard ton kömür istehsalının azaltması əvəzinə, Çində kömür hasilatı 2025-ci ildə 4,6 milyard tona yüksələcək. Üstəlik, Çin xaricdə də kömür stansiyaları tikir.
Pekinin diqqət ayırdığı məkanlardan biri də Latın Amerikasıdır. Çin bu qitədə də iqtisadi mövqelərini möhkəmləndirir. Argentina, Boliviya və Çili cib telefonları, noutbuklar və kameralar üçün təkrar doldurulan akkumulyatorların istehsalı üçün istifadə edilən litiumun istehsalını və qiymətlərini müəyyən etmək üçün OPEK-ə bənzər bir razılaşma yaratmaq istəyirlər. Ancaq bu ölkələr Çindən ehtiyatlanırlar. Bu üç Latın Amerikası ölkəsi birlikdə dünyanın müəyyən edilmiş litium ehtiyatlarının təxminən 56 faizinə malikdir. ABŞ Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, Boliviya dünyanın məlum litium ehtiyatlarını təşkil edən 89 milyon tonun 21 milyon tonuna, Argentina və Çili isə qlobal istehsalın təxminən 32 faizinə malikdir. Bu Latın Amerikası ölkələrində əksər litium hasilatı xarici və ya özəl mədənçilər tərəfindən həyata keçirilir və onlar arasında siyasət səviyyəsində və ya istehsal və qiymət məsələlərinə dair hər hansı qərara təsir etməkdə koordinasiya azdır. Çin dünya üzrə ümumi litium ehtiyatlarının 6 faizindən azını təşkil edir. Buna baxmayaraq, Çin dünyadakı litium emalı potensialının 60 faizindən çoxuna nəzarət edir. Çin həm də litium-ion batareyalarının ən böyük istehsalçısıdır. Pekin qlobal litium-ion batareya istehsalının 80%-ə qədərini təşkil edir. Ona görə də Latın Amerikasının 3 ölkəsinin qərarı Pekinin xoşuna gəlməyəcək. Argentina, Boliviya və Çili bir kartel təşkil etsələr və litiumun qiymətini öz istəklərinə uyğun olaraq təyin etsələr, Çin litium bazarının qiymətində inhisarını davam etdirməkdə çətinlik çəkəcək".
Xəyalə Məmmədova / Demedia.az