Avropada daha bir müharibə başlayır?
Serbiya Prezidenti Aleksandr Vuçiç son çıxışında bildirib ki, “Biz sülhü və sabitliyi qoruyub saxlayacağıq, lakin serb xalqı bilməlidir ki, Serbiya dövləti beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə və Qərb tərəfdaşlarının Ukrayna və digər ərazilərdəki vəziyyətdən danışarkən istinad etdiyi hər şeyə uyğun olaraq onların arxasında dayanır. Serbiya prezidentinin belə bir açıqlama verməsi təsadüfi deyil.
Demedia.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib.
Onun sözlərinə görə, məsələ ondadır ki, Kosova hökuməti avtomobil nömrələri üçün yeni qeydiyyat nişanı (RKS – Kosova Respublikası) tələbi irəli sürüb:
"Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir. Hətta Kosova hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı şimal ərazilərinə də göndərib.
Vuçiç ehtimal serb-alban silahlı toqquşmasından çəkinir, lakin bununla belə rəsmi Belqradın mövqeyindən əl çəkməyəcəyi mesajını verir. Bunu onun “Kimsə serb xalqını qovmağı, xalqımızı öldürə və yaralaya biləcəyini düşünürsə, mənim işim bütün ciddilik və qətiyyətlə dəfələrlə dediklərimi onlara xatırlatmaqdır. Bəzilərindən fərqli olaraq, mən bunun nə demək olduğunu bilirəm – biz xalqımızın yanında olacağıq və onları çətinlikdə qoymayacağıq” sözləri də təsdiq edir.
Serbiya Kosova ilə son 10 ilin ən böyük gərginliyini yaşayır. Belə ki, Kosovo noyabrın 21-dən etibarən ərazisinə daxil olacaq Serbiya nömrə nişanlı avtomobillərə cərimənin tətbiqi ilə bağlı qərar qəbul edib. Kosova hakimiyyəti Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını serblərin yaşadığı yerlərə göndərib. Hökumət israrla serb əsilli vətəndaşlardan yeni dəyişikliklərə riayət etməyi tələb edir.
Serbiya prezidenti noyabrın 21-də Brüsseldə Kosova tərəfi ilə görüş keçiriləcəyini bildirsə də, görünür, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
Prinsip etibarilə Serbiya və Kosova arasında vəziyyət bu ilin avqust ayında da gərginləşmiş, Kosovanın əsasən serblər yaşayan Kosovska-Mitrovitsa şəhərində atəş səsləri eşidilmişdi. Bu mənada tərəflər arasında gərginliyin yenidən artması istisna deyil.
Son bir il ərzində ikinci dəfədir Serbiya və Kosova arasında gərginliyin artması təsadüfi deyil. Məsələ ondadır ki, Rusiya-Ukrayna müharibəsi fonunda Serbiya Qərbin Kremlə tətbiq etdiyi sanksiyalara qoşulmayıb.
Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən Serbiyaya hazırda güclü təzyiq göstərir. Görünür, Kosova və Serbiya arasında gərginliyin vaxtaşırı gərginləşməsi də Qərbin Belqrada xəbərdarlığıdır.
Çünki Kosova indiki məqamda Belqradla qarşı-qarşıya gələcək gücə sahib deyil. Qərb bu məsələdə Kosovaya açıq şəkildə dəstək verir. Belqrad isə proseslərin gərginləşməsində maraqlı deyil. Çünki Kosovanın təkbətək müharibədə Serbiyaya qalib gələ bilməyəcəyi kimi, rəsmi Belqrad da Kosovaya hərbi müdaxilə edə bilməz.
İndiki məqamda Serbiyanın Kosova ilə müharibə etməsi real deyil. Təbii ki, kiçik insidentlər ola bilər, lakin bunun lokal müharibə sferasına keçməsi inandırıcı sayılmır.
Birincisi, bunun qarşısını alan əsas faktor Serbiyanın Avropa Birliyinə üzvlük məsələsidir. Belqradın Kosovaya ehtimal müharibə elanı Avropa Birliyinə üzvlük prosesini sonlandıra bilər.
İkincisi, hazırda Kosovada NATO-nun sülhməramlı qüvvələri mövcuddur və ora hər hansı genişmiqyaslı hücum həmin qüvvələrlə qarşı-qarşıya gəlmək deməkdir. Təsadüfi deyil ki, Kosovanın şimalında stabilliyə hər hansı təhlükə yaranacağı təqdirdə NATO müdaxilə etməyə hazır olduğunu bildirib. Təkcə NATO-nun Kosovadakı qüvvələri belə Serbiya ordusunu dayandırmağa kifayət edir. Bu isə sözügedən ərazidə müharibə ehtimalını azaldır".
Xəyalə Məmmədova / Demedia.az