Turan Ordusu qurulur: Türkiyə NATO-dan da hərbi dəstək ala bilər



 17:04 23.11.2022     739

Ötən həftə İsparta şəhərində Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin Təlim Mərkəzində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimləri Rusiya mediasında ciddi müzakirə  mövzusuna çevrilib.

Demedia.az xəbər verir ki, bunu politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Rusiyanın “Nezavisimaya qazeta” saytı Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına istinad edərək yazır ki, Ankara türkdilli ölkələrdə mümkün böhranlara operativ reaksiya verə bilən struktur yaradır:

"Bildirilir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə yanaşı TDT-də  müşahidəçi statusu almış  Şimali Kipr Türk Respublikasının hərbçiləri də təlimlərdə iştirak ediblər. Bu, təşkilatın dövlət başçılarının Səmərqənddə keçirilən sammitindən sonra  ilk təlimdir. “Nezavisimaya qazeta” ardınca yazır ki, Türkiyədə TDT dövlətlərindəki böhranlara operativ reaksiya verə bilən hərbi strukturun - Birgə Türk Qüvvələrinin yaradılması ilə bağlı müzakirələr başlayıb.
Türkiyənin təqaüddə olan generalı və Türkiyənin Azərbaycandakı keçmiş attaşesi Yücel Karauz “Türkiyənin səsi” radiosuna müsahibəsində TDK  çərçivəsində “birgə silahlı qüvvələr” yaradılmasını təklif edib. Karauz hesab edir ki, Qazaxıstanda baş verən yanvar hadisələri “başqa qardaş respublikalarda da baş verə bilər”.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) vitse-prezidenti Nazim Kafersoy da analoji təşəbbüslə çıxış edib. O qeyd edib ki, TDT “böhran zamanı tez reaksiya verə bilən siyasi və ya təhlükəsizlik strukturu” yaratmağı tezləşdirməlidir. 

Etno-Siyasi Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinskinin sözlərinə görə, Böyük Turan Ordusunun yaradılmasının konturları üzə çıxıb. “Birgə təlimlər digər orduların, zabitlərin texnologiyaları ilə tanışlıqdır və bu, yalnız bir şeyi deyir: Türkiyə gələcəyini bu ordularla əməkdaşlıqda görür”, - Kobrinski “Nezavisimaya qazeta”ya deyib.

Onun fikrincə, NATO-nun “sürünən ekspansiyası” var. “Silah tədarükü nədir? Bu, ordunun müəyyən bir standarta keçməsidir. Bu, NATO standartlarının təkcə Mərkəzi Asiya ölkələrinə deyil, KTMT ölkələrinə daxil olmasıdır. NATO müharibə ilə bağlı deyil, 90% iqtisadiyyatla bağlıdır. Beləliklə, Rusiyanın müttəfiqləri addım-addım NATO standartlarına keçirlər”, - ekspert daha sonra bildirib. Həmçinin iddia edib ki, bu ideyanın arxasında Türkiyə dayanmır, Ərdoğan, sadəcə, “Qərbin regionda əsas adamıdır”. “Ərdoğana Mərkəzi Asiyanı idarə etmək mandatı verilib. Ərdoğan gedəcək, amma strategiya qalacaq”, - Kobrinski vurğulayıb.

Türk dövlətlərinin bir araya gəlməsi, nüfuzlu və qlobal məkanda rezonans doğuran təşkilatın çətiri altında birləşməsi, ardınca ən vacib addımların, o cümlədən hərbi birliyin - şərti olaraq Turan Ordusunun - yaradılması istiqamətində ciddi addımların atılması şübhəsiz ki, antitürk birlikləri, paytaxtları və qüvvələri qıcıqlandırır, ciddi şəkildə narahat edir. Bu mənada şimal qonşumuzdakı narahatlıq da təəccüb doğurmur. Ancaq bu da var ki, Qərb çevrələrində Türkiyəyə qarşı düşmən münasibət hökm sürür, elə qardaş ölkənin Avropa Birliyinə üzv olmasının əngəllənməsi, terrorçu təşkilatlara hər cür dəstəyin verilməsi acı gerçəklikdir. Bəs bu münasibətlər Türk Dövlətləri Təşkilatlarının, həmçinin Turan Ordusunun perspektivinə nə dərəcədə təsir edə bilər?

Türk Dövlətləri Təşkilatının formalaşması və inkişafı artıq Rusiyanı narahat etməyə başlayıb. Şuranın təşkilata çevrilməsi yeni hədəfləri də müəyyənləşdirib. Bu da təsadüfi deyil. Çünki təşkilata üzv olan dövlətlərin geosiyası arealından mühüm karbohidrogen və nəqliyyat əlaqələri keçir. Bu layihələrin təhlükəsizliyinin qorunması mühüm amildir. Səmərqənd də keçirilən Türk Dövlətləri Təşkilatının son sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz bu fakta diqqət çəkmişdi. Əsas sosial-iqtisadi baza üzərində qurulan təşkilatın hərbi və təhlükəsizlik komponentinin əlavə olunması təşkilatı universal platformaya çevirə bilər. Digər tərəfdən, bu ilin əvvəlində Qazaxıstanda baş verən hadisələrdən heç bir dövlət sığortalanmayıb. Bu baxımdan, müdafiə qabiliyyətinin artırılması, müasir silahlara əlçatanlığın təmin edilməsi, müxtəlif təlim və seminarlar ancaq regionun təhlükəsizlik arxitekturasının gücləndirilməsi naminədir. 

Turan Ordusu bir qədər utopik səslənsə də, bu ordunun qurulması artıq xəyal kimi görünmür. Nəzərə almaq lazımdır ki, Türkiyə çox mühüm geosiyasi faktora çevrilib və TDT-nin hərtərəfli inkişafında maraqlıdır. Digər tərəfdən, TDT-də Qazaxıstan və Qırğızıstan kimi dövlətlər, həm də "Rusiya NATO-su" adlandırılan KTMT-nin tərkibindədir. Gün keçdikcə bu dövlətlərin milli oyanışı və gec bir təzyiq olmadan hərbi-siyasi #inteqrasiya prosesləri güclənir. Gələcəkdə Qazaxıstan və Qırğızıstanın Turan Ordusunun ayrılmaz tərkib hissəsinə çevrilməsi potensialı çox güclüdür. Bu baxımdan, Türkiyə böyük bir missiyanın altına girir və uğur qazanmaq ehtimalı da böyükdür. Burada Türkiyə NATO-dan da siyasi və hərbi dəstək ala bilər. Çünki hazırda NATO və Rusiya müharibə şəraitindədir”.

Xəyalə Məmmədova / Demedia.az