"Döyüşə ancaq qocalar gedir" - Ermənistanda nə baş verir?



 16:08 24.11.2022     689

Ermənistanın bir sıra informasiya resurslarında separatçı rejim daxilində kadr dəyişikliyi baş verdiyi və 9 “nazir”in işdən çıxarıldığı xəbəri yayılıb. Bundan sonra Vardan Oskanyanın qonqarma qurumun yeni "XİN rəhbəri" olacağı ilə bağlı məlumatlar ortaya çıxıb.

Demedia.az xəbər verir ki, bunu politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, V. Oskanyan 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub:

"Yəni artıq başa düşdünüz ki, o, Robik Köçəryan rejiminin xarici işlər naziri olub. Və bu, o dövrün danışıqlar mərhələsinin ən çətin dövrü hesab olunur. Digər tərəfdən, Oskanyan mövzunu mükəmməl bilir, “Madrid prinsipləri” və digər sənədlər məhz onun dövründə qəbul edilib. Həmçinin o əla bilir ki, Qarabağ Azərbaycandır!

Yeri gəlmişkən, Ermənistanın kapitulyant baş naziri Nikol Paşinyan Köçəryan və Serjik Sarkisyan hakimiyyətindən danışarkən Ermənistanın Oskanyanın vaxtında imzalandığı sənədlərə istinad edərək, “xain mirasla üz-üzə qaldığını" dəfələrlə bəyan edib. Ancaq bütün bunların artıq heç bir əhəmiyyəti yoxdur. Daha maraqlısı odur ki, hazırda “döyüşə ancaq qocalar gedir”.

V.Oskanyanın Ermənistan da daxil olmaqla bütün dünyanın tanımadığı separatçı rejimə “nazir” kimi gəlməsi R.Köçəryan klanının yenidən cücərməsi və həmlələri deməkdir. Görünür, R.Vardanyan, V.Oskanyan, R.Köçəryan (siyahını uzada da bilərik...) və bütün cinayətkar və quldur dəstələrinin aktuallaşdırılması bəzi qüvvələrə sərf edir.

Hazırda qocaların "dövriyyəyə buraxılması" siyasi sifarişə bənzəyir.

Bəs Oskanyan kimdir?

Oskanyan qəliz şəxsdir. O, Suriya ermənisidir və ABŞ-da təhsil alıb, Taft Universiteti və Harvard universitetini bitirib. Ona görə də ABŞ və Fransada erməni diasporlarına kifayət qədər yaxındır. Eyni fikirləri Vardanyana da aid edə bilərik. Onlar məzlum Qarabağ ermənilərini rahat buraxmayacaqlar, dünya erməni elitasının sifarişini yerinə yetirməyi qarşıya məqsəd qoyublar. Görünür, eskalasiya və yeni müharibə axtarışına çıxıblar. Amma alınmayacaq, bacarmayacaqlar!".

Xəyalə Məmmədova / Demedia.az