Bir ay şəkərdən imtina etdi - Görün başına nə gəldi
Bugünkü hadisənin qəhrəmanı eksperimentatordur. O, şəkər haqqında daha çox öyrənmək üçün öz bədəni üzərində təcrübə aparıb.
Bilirsiniz o, neyləyib? Tam 30 gün şəkər qəbul etməkdən imtina edib. Bu müddətdə o, necə yaşayıb, nələr baş verib,
Hollandiyalı gənc rejissor öz üzərində təcrübə aparmaq qərarına gəlib. O, düz 1 ay şəkərdən imtina edib ki, görsün, orqanizmdə nələr baş verir. Ümumi düşüncə belədir ki, şəkər orqanizmə zərərlidir və onu rasiondan çıxarmaq bir çox problemlərin həlli ola bilər. Hollandiyalı gəncin öz üzərində apardığı eksperiment həkim nəzarətində baş tutub. Əvvəlcə, həkimlər oğlanı hərtərəfli müayinədən keçiriblər. Ürəyinin yükləmə anında və ya sərbəst şəkildə necə işlədiyinə baxıblar. Təyin edilmiş analizlər də aparılıb. Həkimlər cüzi miqdarda xolesterol yüksəlməsi və qan təzyiqi müşahidə etsələr də, oğlanın sağlam olduğu qənaətinə gəliblər.
Eksperimentator 1 ay ərzində meyvə-tərəvəzlə, yumurta, qatıq və dietik ətlə qidalanıb. Bütün içkilərdən imtina edib, yalnız su içib. Hər gün bir video çəkib və çəkisini, nəbzini, təzyiqini ölçərək qeyd edib. İlk başda hər şey normal olub. Amma 1 həftədən sonra orqanizm dəyişən rasiona qarşı reaksiya verməyə başlayıb. Oğlan qəfildən əhval-ruhiyyəsinin pisləşdiyinin fərqinə varıb. Həmçinin, daimi aclıq hiss etdiyini də deyib. Şəkərdən imtina onu xəstəhal edib.
Həkimlər bu vəziyyəti belə açıqlayıb:
“Qanda şəkərin miqdarı get-gedə düşür və orqanizm əvvəlki yeməkləri istəyir.”
Onlar oğlana məsləhət görüblər ki, bu çətin dönəmdə səbirli olsun. Eksperimentin 8-ci günündə oğlan heç vaxt olmadığı qədər gərgin hiss etdiyini açıqlayıb. Elə hey şirin nəsə yeməyi arzulayan oğlan üçün ən çətini başqalarının iştahla şirniyyat yediklərini görmək idi. Gənc oğlanın iradəsi qalib gəlir və o, arzusunun qarşısını almaq üçün çıxış yolu tapır. Quru meyvələr yeməyə başlayır. Quru meyvələr orqanizmdə qlükoza balansının qorunmasına kömək etdiyindən oğlan tezliklə özünü yaxşı hiss edir. İkinci həftənin sonunda oğlan həyatının yenidən nizama düşdüyünü deyir. Üstəlik, şirniyyatlara etinasızca, ürəyi istəmədən baxa bildiyini açıqlayır.
3-cü həftə sakit keçir. Hərdən-birdən oğlanın yadına şirniyyat düşsə də, bu xatirəni qarşısıalınmaz arzu müşaiyət etmir. Eyni zamanda, oğlan fərqinə varır ki, daha quru meyvələri də o qədər iştahla yemir. Əksinə, təzə meyvələrə verdiyi pulun miqdarı artıb. Bir də, yuxuya getmək üçün ona 1 saatdan artıq vaxt lazım olmur, gün ərzində gümrah və enerjili olur, özünü daim güclü hiss edir.
Eksperimentin sonunda oğlan tamamilə sağlam qidalanmağa adaptasiya olub və heç bir diskomfort yaşamadığını dilə gətirib. Həkimlərsə yenidən müayinələrə başlayıb. Məlum olub ki, 1 ayda oğlan 4 kq çəki itirib. Pis xolesterinin miqdarı 8% azalıb, qan təzyiqi normallaşıb. Bunlar həkimlərin müşahidələri idi. Bəs, əslində, orqanizmdə nə baş vermişdi?
Eksperimentatorun bədəni 1 ay ərzində şəkər arzusuna qarşı güclü müqavimət göstərmişdi. Xoşbəxtlikdən, oğlanın şəkərdən imtina etməsi “kəpənək effekti” ilə nəticələnməmişdi.
Şəkəri rasiondan xaric etmək lazımdırmı? İndi də bu suala cavab axtaraq.
Kardioloqlar xəbərdarlıq edir ki, bədəndə şəkərin miqdarının çoxalması tiamin çatışmazlığına səbəb olur. Tiamin, digər adıyla B1 vitamini karbohidratların, zülalların və yağların mübadiləsində önəmli rola sahibdir. Orqanizmin sağlamlığında xüsusi yer təşkil edir, ürəyi, sinir sisteminin fəaliyyətini və həzm prosesini dəstəkləyir. B1 vitaminin çatışmazlığı ürək toxumalarının xəsarət almasına səbəb olur. Uşaq və yeniyetmələrin şirin məhsullara olan marağını nəzarətdə saxlamaq lazımdır ki, ürək xəstəliklərinə tutulma riski artmasın.
Şəkərin günəş şüası ilə müqayisədə daha çox özündən getmələrə səbəb olduğu alimlər tərəfindən təsdiqlənib. Qlükoza tərkibli qidalar qəbul etdikdə orqanizmdə qlükozanın miqdarı artır. Bu da dərinin elastikliyinə və gənc qalmasına səbəb olan elastin və kollagenin azalması ilə nəticələnir.
Şəkər asılılıq yaradır. Heyvanlar üzərində aparılan arşdırmalar sübut edib ki, şəkər, bir anlamda, narkotikə bənzəyir. Onun qəbulu beyinə narkotik kimi təsir edir. Buna görə də, şəkərdən imtina etmək o qədər də asan olmur. Şirniyyat yediyimiz an beynimizdə müyyən hormonların ifrazı artır ki, bu da məmnunluq hissi yaradır. Həmçinin, stress hormonu sayılan kortizolun ifrazı bloklanır. Digər qidalarla müqayisədə asılılıq yaratmaqda şəkər heç bir sərhəd tanımır. Bu hala düşməmək üçün şirniyyat sevginizi “zərərli vərdişlər” siyahısına salın və yavaş-yavaş ondan yaxa qurtarmağa çalışın. İlk həftədə bədəniniz və beyniniz şəkərə möhtac olduğu barədə ard-arda sizə siqnallar göndərəcək. Möhkəm olun!
“British Journal of Sports Medicine” mütəxəssisləri deyir ki, orqanizm artıq şəkəri orqanlardan və əzələlərdən qovmaq üçün B qrupu vitaminlərindən istifadə edir. Nəticədə də, sinir sistemi və həzm sistemi zərər görür, xroniki yorğunluq yaranır, görmə qabiliyyəti zəifləyir.
Alimlər şəkər haqqında daha bir mifin əsassız olduğu fikrindədirlər. “Şəkər enerji mənbəyidir!” İndiyədək bunu çox eşitmişik. Amma araşdırmalar sübut edib ki, şəkər enerji yaratmır, əksinə, şəkərin orqanizmdə emalı yüksək miqdarda enerji tələb edir. Bayaq qeyd etdim ki, şəkər çox olanda bədəndə tiamin çatışmazlığı yaranır. Bu da karbohidratların düzgün həzm olunmasının qarşısını alır. Bu zaman insanda xroniki yorğunluq, halsızlıq müşahidə edilir, aktivliyi gözə çarpacaq dərəcədə aşağı düşür.
Şəkər qanda fosfor və kalsium nisbətinə də təsir göstərir. Orqanizm bu disbalansa qarşı, ən çoxu, 2 sutka dayana bilir. Bundan sonra isə fosfor dominantlıq etməyə başlayır. Südə şəkər qataraq içirmək uşaqlarda raxitlik yarada bilir. Kalsium çatışmazlığı dişlərin və sümüklərin zəifləməsinə səbəb olur.
Şəkər kariesin əmələ gəlməsində əsas faktorlardandır. Bolluca şəkər qəbul etmək ağız boşluğundakı turşuluğun artmasına və bakteriyaların inkişafına xidmət edir. Bu da diş emalının zədələnməsi ilə nəticələnir.
Şəkər immunitetin gücünü 17 dəfə aşağı salır. Şəkərin yüksəlməsinin fonunda qanda faqositlərin fəaliyyəti azalır ki, bu da bakteriya və virusların “at oynatması”na fürsət verir. Təcrübəli həkimlər, birmənalı olaraq, şəkər qəbulunu azaltmaq lazım olduğunu deyirlər.
Şəkər göbələklərin ən sevimli qidasıdır, xüsusilə də, kandidanın. Orqanizmdə şəkərin miqdarının artması bu təhülkəli parazitlərin yaşaması üçün əlverişli şərait yaradır. Son illər aparılan araşdırmalar isə orqanizmdə sayı artan kandidaların onkoloji xəstəliklər yarada bildiyini dəqiqləşdirib.
Şirniyyat sevənlərin unutqanlıqdan və diqqət dağınıqlığından şikayət etməsi normaldır. Çünki şəkər çoxluğu beyinin işləməyinə mane olur, hüceyrələrə xəsarət yetirir. Beləcə, alzeymer xəstəliyi üçün açıq qapı yaranır. Bunu müxtəlif ölkələrdən olan araşdırmaçılar və tibb mütəxəssisləri deyir.
Şəkərin səbəb olduğu xəstəliklərin əksəriyyətinin müalicəsi yoxdur. Məsələn; insult. Orqanizmdə şəkərin miqdarı çoxaldıqca damarların və kapillyarların divarında yığıntılar əmələ gəlir. 3000-dən çox elm adamının ayrı-ayrı vaxtlarda apardığı araşdırmaların nəticələri birləşdiriləndə məlum olub ki, şəkər sevənlər sevməyənlərə nisbətən 2 dəfə çox insult keçirirlər.
Şəkərdə kalori çoxdur. 100 qr şəkərdə 400 qr-dək kalori var. Şirniyyatı sevənlər heç vaxt doymaq hissini tam olaraq yaşamırlar. Buna görə də, bəzən gün ərzində dayanmadan nəsə atışdırırlar. Üst-üstə yığılan kalorilər isə piylənmə yaradır.
Bütün bunlar o demək deyil ki, orqanizm üçün şəkər lazımsızdır. Əksinə, orqanizm qlükoza çatışmazlığı ilə üz-üzə qalsa heç yerimizdən tərpənə bilmərik. Mütəxəssislər bizə rafinə olunmuş ağ şəkərdən uzaq durmağımızı tövsiyə edəndə qlükoza ilə zəngin meyvələri yadımıza salmağa tələsirlər. Bal və quru meyvələr də orqanizmin şəkər ehtiyacını ödəməyə qadirdir. Dənli bitkilər və ya nişasta ilə zəngin tərəvəzlər də orqanizmi qlükoza ilə təmin edir.
Şəkər təkcə qənddə və ya şəkər tozunda, şirniyyatlarda mövcud deyil. Souslar, ketçup, şirələr, çörək, hətta sosiskalar belə şəkər mənbəyidir.
Nəticə etibarilə, sağlamlığımız öz əlimizdədir. Və bir hollandiyalı gənc öz üzərində eksperiment aparmaqla bunu bizə bir daha göstərdi.
Bahadur Seyidov / Demedia.az