Dünyanın ən təhlükəli böcəkləri - Araşdırma



 21:34 25.11.2022     1307

Dünyada ən geniş yayılmış fobiyalardan biri böcəkfobiyadır. Ümid edirəm ki, siz bu fobiya ilə tanış deyilsiniz. Bu gün sizə heç vaxt qarşılaşmaq istəməyəcəyiniz böcəklərdən danışacağam.

Onların içində atıcılar, assasinlər, “ölüm öpücüyü” verənlər belə, var. 

Rhodnius prolixus, yaxud “öpən gənə”. Onlarla hər yerdə qarşılaşmaq olar. Bu sözlərin təsdiqi kimi deyə bilərəm ki, dünyadakı bütün böcəklərin 40%-ni məhz “öpən gənə”lər təşkil edir. Yox, o, sizə  “incə öpüşlər” hədiyyə edəsi deyil; onun öpüşü daha çox ölümcül ola bilir. Rhodnius prolixus`lar təhlükəli qansoran böcəklərdir. Onlar, əsasən, Amerikan tropiklərində-Mərkəzi Amerika və Meksikada geniş yayılıb. Birincisi, bu böcəklər “gecə ovçuları”dır. Gündüz yatırlar, gecə isə onların ov vaxtıdır. “Öpən gənə”lər ovlarını tənəffüs edərkən buraxdığı karbon qazına görə müəyyənləşdirirlər. Qeyri-adi ada boş yerə layiq görülməyiblər; əsasən, insanların ağız nahiyəsindən dişləyir və qanlarını sormağa başlayırlar. Məsələ ondadır ki, böcək qanı sorandan sonra qana xüsusi parazitlər buraxır. Həmin parazitlər uzun müddət orqanizmdə qalaraq böyüyür, çoxalır, Şaqas (Chaqas) xəstəliyinə səbəb olur.  Xəstəliyin təhlükəliliyi ondan ibarətdir ki, ilkin mərhələdə simptomlar özünü biruzə vermir. Yalnız bir neçə həftə sonra insan zəiflik, bütün bədəndə ağrılar, ürəkbulanma, ishal kimi bir çox narahatlıqlar yaşayır. Ümumilikdə isə, 100 haldan 1-də ölüm müşahidə edilir. 

Brachininae  və ya “bombardman böcək”. İndiyədək 400 mindən artıq böcək növü qeydə alınıb. Amma alimlər əmindir ki, təbiətdə böcəklərin sayı daha çoxdur. İndi haqqında danışacağımız böcək isə ləqəbini layiqincə qazanıb. Onun gizlənməyə və düşmənlərdən qaçmağa ehtiyacı yoxdur; sadəcə, bombalamaqla yetinir. Bu 3 sm boya malik böcək bədəni parçalayan toksik  kimyəvi maddələrdən ibarət qarışımı  hədəfə dəqiqliklə püskürə bilir. Püskürdüyü maddənin temperaturu 1000C, sürəti 10m/san-dir. Bir püskürtmə 8-17 millisaniyə arasında baş verir. Amma böcək ard-arda 10 dəfə “atəş aça” bilir. Nəticədə, “bombardman böcəyin” ətrafında tüstü buludu yaranır və o, bundan istifadə edib aradan çıxmalıdır ki, “silah ehtiyatı”nı yeniləsin. Böcəyin daxilində iki kamera var. Bir kamerada hidroxinon və hidrogen-peroksid ifraz edən xüsusi vəz  yerləşir. Digər kamerada isə alışdırıcı fermentlər toplanır. Təhlükə anında hər iki kameradakı maddələr bir kanala axır və kanalda kimyəvi partlayış baş verir. Oxşar mexanizmli böcəklər var, amma “bombardman böcəyin” özəlliyi ondadır ki, digərlərindən 5 dəfə daha sürətlidir. 

Acanthaspis petax, yaxud “qatil böcək”. Adına layiq olan bu böcəklər ovlarına arxadan qəfil yaxınlaşırlar və öz xəncərlərini qurbanın belinə saplayaraq zəhər yeridirlər. Düşünərsiniz ki, bununla da hər şey bitir: qurban məhv edilir və qatil qələbəsini qeyd edə bilər. Amma bu, hələ son deyil. Məsələ ondadır ki, “qatil böcək” paralitik zəhərlə yanaşı qurbanın daxilinə onun orqanizmini  əridən fermentlər də yeridir. Proses çox sürətlə baş verir... Lakin bu da hələ son deyil.  Böcək  ovlarını kürəyinə yığır və yuvasına daşıyır. Buna xüsusi yapışqan maddənin sayəsində  nail olur. “Qatil böcək” bir dəfəyə öz bədəninə 20-dən artıq şikar yükləyir. “Assasin böcək” də adlanan bu həşəratların ən qorxulu düşmənləri hörümçəklərdir.

Lakin onlar da  şikarla yüklü böcəyə hücum etməyə risk etmirlər.

Meloidae və ya “qabarcıq böcək”. Dişləməsindən sonra insan bədənində həcmi 1,5-4 sm arasında dəyişən qabarcıqlar yaranır. Amma durduq yerə insanları dişləmir. Narahat edildikdə isə hücum etməkdən çəkinmir. Bütün bədənindən ifraz etdiyi zəhər insan dərisinə düşdükdə sürətlə qana sovrulur, nəticədə, dərinin müxtəlif hissələrində irinli yaralar yaranır.  Hər şey bununla da bitmir. Zəhərin təsirilə hallüsinasiyalar, təngnəfəslik, ürəkbulanma, halsızlıq, nadir hallarda ölüm də baş verə   bilir. Bütün bunlara baxmayaraq, “qabarcıq böcək” kənd təsərrüfatı üçün faydalıdır.  Əkin sahələrindəki bir çox zərərvericilərin qənimidir. 

Paraponera clavata və ya “güllə-qarışqa”. Bu qarışqanın sancmasına məruz qalan insanlar deyir ki: “Elə bil, güllə vurmuşdular.”  Mərkəzi və Cənubi Amerikada yaşayan qarışqanın zəhəri istənilən arının zəhərindən qat-qat güclüdür. “Güllə-qarışqa”nın ölçüsü 18-25 mm arasında dəyişir.  3,5 mm uzunluğunda iynəsi olan qarışqanın zəhər tuluğunun həcmi 2 mm-dir. Deyərsiniz ki, bapbalaca bir şeydir. Amma o, əsl  dəhşət yaşatmağa qadirdir. “Güllə-qarışqa”nı bəzən “24 saat” da adlandırırlar. Çünki sancmasından sonrakı dəhşətli ağrı tam 1 sutka davam edir. Sancma qüvvətini təyin edən “Şmidt şkalası”na görə, “güllə-qarışqa” ən yüksək göstəriciyə malikdir.

Vespa mandarinia və ya Asiya nəhəng arısı.  Dünyada ən böyük arı cinsidir. Uzunluğu 5,5 sm, çəkisi isə 200 qr-dək olur. Qanadlarının açılışı 7,5 sm olan arı Asiyada-Hindistan, Nepal, Çin, Yaponiya, Koreya və Şri-Lankanın dağlıq ərazilərində yaşayır. Tayvanda ona “pələng arı”, Yaponiyada isə “sərçə arı” deyirlər. Doğrudan da, arı pələng zolaqlarına malikdir. İynəsinin uzunluğu 6 mm olan arının zəhəri çox  güclüdür. Vespa mandarinia`nın hücumuna məruz qalanlar deyir: “Elə bil, dərimə  odda qızdırılmış mismar batırdılar.” Onu da deyim ki, Asiya nəhəng arısının zəhərinə təhlükəlilik baxımından dünyada başqa heç bir arının zəhəri çatmaz. Arı sancmasına qarşı allergiyası olan insanlar üçün ölüm təhlükəsi saçır... Amma bəzən allergiyası olmayan insanlar da faciəvi sonluqla üzləşə bilər. İldə, ən azı, 40 nəfər Asiya nəhəng arısının sancması nəticəsində ölür. Xoşbəxtlikdən, onlar  durduq yerdə deyil, yalnız yuvalarını qorumaq məqsədilə hücuma keçir. 
Qlosina milçəkləri (sese milçəkləri). İlk baxışdan təhükəsiz görünən milçəyin dişləməsi deyil, daşıdığı parazit təhlükə mənbəyidir. İnsanın dırnağı boyda olan qlosina milçəyi insanlarda və heyvanlarda Afrika tripanosomos xəstəliyinin yayıcısıdır. Qara qitədə Saxara səhrasında yaşayırlar. Afrika tripanosomos, yaxud “yuxu xəstəliyi” mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olur. Xəstəlik qızdırma, disorientasiya, oynaq və baş ağrıları, qıcolmalar, danışıq qabiliyyətinin itirilməsi ilə, hətta şəxsiyyət pozğunluğu ilə özünü biruzə verir.  Sinir sisteminin tam zədələnməsi isə ölümlə nəticələnir. Afrika tripanosomos xəstəliyinin müalicəsi, demək olar ki, yoxdur.

Tüklü tırtıl. Bu tırtıl tük yumağına oxşayır. İlk baxışdan məsum və təhlükəsiz görünür. Adama elə gəlir ki, ona toxunsa tük yumşaqlığı hiss edəcək. Amma ona toxunmaq qəti qadağandır! Bəzən gözəllik qorxunc silahdır! 
“Bu, insanların uydurması deyil; hiss edəcəyin qüdrətdir!”

Burada gözəllik böcəyin əsas silahıdır. Toxunsanız, dəridə yanıqlar, suluqlar, ürəkbulanma, baş ağrıları, təngnəfəslik baş verə bilər. ABŞ-ın cənubunda, Meksikada və Mərkəzi Amrikanın bəzi bölgələrində ağaclarda, ya da bağ bitkilərində rast gəlinir. 

Rəylərdə hansı böcəyi daha təhlükəli hesab etdiyinizi yazın. Bundan əlavə, qorxduğunuz böcəklər haqqında da məlumat verə bilərsiniz. 

Bahadur Seyidov / Demedia.az