Sıyıqlar orqanizm üçün faydalıdır? - BUNLARA DİQQƏT EDİN



 22:38 25.11.2022     1480

Uşaqlıqdan bizə deyiblər ki, sıyıq yeyəndə gücümüz artır, sıyıq yeməsək böyümərik, yaxud sağlam olmarıq.

Bəs, əslində, vəziyyət necədi? Həqiqətən, sıyıqlar orqanizm üçün faydalıdır? Reallıq nədən ibarətdir? 

Bəzi sıyıqlar, nəinki, faydalı, əksinə, zərərlidir. Bir şeyi də qeyd etmək istəyirəm ki, təbiətdə “100% faydalı” sayıla biləcək heç bir qida mövcud deyil. Yaxud başqa cür izah edim: çatışmazlığı, əyər-əksiyi olan heç bir qida məhsulu yoxdur. Eyni zamanda, “ideal” sayıla biləcək qida məhsulu da tapılmaz. Bəzi məhsulların orqanizmə müsbət təsirləri çoxdur, bəzilərininki isə azdır. Sıyıqlar da belədir; kimisi daha çox faydalıdır, kimisinin də mənfi təsirləri çoxdur. 

Birinci qlikemik indeksi yüksək, yəni, qanda şəkərin miqdarının yüksəlməsinə səbəb olan sıyıqlarla tanış olaq. Bəzi sıyıq növlərinin qlikemik indeksi şəkərin özüylə müqayisədə belə, yüksəkdir. Bu da o deməkdir ki, həmin sıyıqlar orqanizmə şəkərdən daha çox ziyan vurur. Mannı, el dilində desək, irmək sıyığı, qarğıdalı və düyü sıyıqları bu qəbildəndir.  Qanda şəkərin miqdarının yüksəlməsi qocalmağı sürətləndirir, qan xəstəliklərinə stimul verir, həyat keyfiyyətini aşağı salır, ömrü qısaldır və s. Qlikemik indeksi yüksək qidalar soyuqdəyməyə də dəvətnamə çıxarır. Bu da orqanizmi üzü çöküşə aparır. 

Qlikemik indeksi yüksək  olan mannı, qarğıdalı və düyü sıyıqlarının əvəzinə bu  istiqamətdə aşağı göstəriciyə malik buğda, qarabaşaq və noxud sıyığına üstünlük verin. Bu, o demək deyil ki, həmin sıyıqların qlikemik indeksi çox aşağıdır. Sadəcə, müqayisədə buğda, qarabaşaq və noxud sıyıqları daha uyğundur. 

Təsəvvür belədir ki, bütün sıyıqlar karbohidratlarla zəngindir. Bu, belə deyil. Əsas məsələ sıyığın necə hazırlanmasında, şəkər əlavə edilib-edilməməyindədir. Çox vaxt sıyıqlara şəkər qatılır. Təbii ki, bu, qlikemik indeksi qəfildən yüksəldir. Yağ da onun kimi... Baxır yağın tərkibinə, keyfiyyətinə və miqdarına. Qaşığın ucunda atılan təbii kərə yağı ziyanlı deyil. Bununla belə, müasir dövrdə sürətlə rasionumuza daxil olan sprid yağlar olduqca zərərlidir. 

Sıyığın yumşaqlığı və  bərkliyi də onun faydalılıq dərəcəsinə təsir edir. Əgər sıyığı əzmə şəklində hazırlayırıqsa, qlikemik indeks yüksəlir. Çünki sürətlə həzm olunur və qana da sürətlə sovrulur. Qarabaşağın tam əzilməmiş odun üstündən götürülməsinin səbəbi odur ki, asta-asta həzm olunsun və birdən-birə qanda şəkərin miqdarı yüksəlməsin. 

Sıyıqlara südün qatılıb-qatılmaması da müzakirə mövzusudur. Suda bişən sıyıqla süddə bişən sıyığın arasında aparılan müqayisələr göz önünə heç də ürəkaçan nəticələr sərməyib. Belə ki, süd  qatılan sıyıqların qlikemik indeksi daha yüksək olub. 

Diqqət edəcəyimiz digər bir məqam isə qlüten həssaslığıdır. Hazırda dünyada “qlütenmaniya” hökm sürməkdədir. Bəziləri bacardıqca qlütendən uzaq durur, bəziləri, ümumiyyətlə, qlütenli yeməklərdən imtina edir...  Tibbi rəqəmlər də narahatlıq yaradır. Dünya əhalisinin 10%-ə yaxını hazırda qlüten həssaslığından əziyyət çəkir. Bu insanlara qlüten qəbul etmək qadağan olunur. Bu, o demək deyil ki, yerdə qalan 90% insan bu cür problemlə qarşılaşmır. Qlüten həssaslığı, hazırkı terminlə desək, qlüten allergiyası açıq şəkildə özünü büruzə verir. Amma xroniki halda da mövcuddur. Və gizliliyi səbəbiylə onun əlamətlərini düzgün qiymətləndirmək olmur. Məhz buna görə də, qlüten allergiyası olan insanların dəqiq sayını demək mümkünsüzdür.     Qılçıqlı buğda, arpa və çovdar sıyıqları qlütenli sıyıqlar siyahısının liderləridir. 

Bəs, xroniki qlüten həssaslığına malik olub-olmadığımızı necə öyrənə bilərik? Bunun olduqca sadə üsulu var. 2 həftə rasionumuzdan qlüteni çıxarırıq. Özümüzü necə hiss etdiyimizə baxırıq. Əksər hallarda qlütensiz həyat insanların özünü yaxşı  hiss etməsinə səbəb olur: enerjili olurlar, həzm prosesi yaxşılaşır, mədədə komfort hissi olur... Emosional sferada da yaxşılığa doğru irəliləməni müşahidə etmək mümkündür. Bəzi insanlarda isə heç bir dəyişiklik baş vermir. Çıxan nəticə budur: qlütensiz 2 həftədən sonra hər şey yaxşılaşırsa, demək, xroniki qlüten allergiyanız varmış... Əgər dəyişiklik yoxdursa, narahat olmayın. Deməli, orqanizminiz qlütenlə dostdur. 

Mannı sıyığı haqqında xüsusi danışmaq istəyirəm. Uşaq vaxtı bizə bu sıyığın digər sıyıqlardan daha üstün olduğunu söyləyiblər. Bu, boş söhbətdir. Mannı sıyığı bir kasa şəkərdən başqa bir şey deyil. Qlikemik indeksi yüksək sıyıqda heç bir vitamin və mineral yoxdur. Həmçinin, mannı sıyığı orqanizmin D vitaminini, dəmiri və kalsiumu mənimsəməsinə mane olur. Bir sözlə, mannı sıyığı yalnız enerji verir. Təbii ki, bizim enerjiyə hər zaman ehtiyacımız var. Amma acqarına bir boşqab şəkər yemək heç də umduğumuz faydanı təmin etmir. 

Düyü sıyığı... Əzilənədək bişmiş düyü faydasızdır. Çünki  uzun müddət bişən düyünün tərkibində minerallardan və vitamindən əsər-əlamət qalmır. Orqanizmə daxil olan, sadəcə, yüksək kalori olur.  Düyünü alaçiy də yemək olmaz. Bu da mədə-bağırsaqda tıxanıqlıq yaradır. Yaxşı olar ki, onu yumşlanadək bişirin, amma əzilməyə qoymayın. Bərk düyünün yaratdığı tıxanıqlıq sonradan bağırsaq xərçəngi ilə də nəticələnə bilir. 

Yekunda  bir daha xatırlatmaq yerinə düşər: hansı sıyıqları rasionunuzdan çıxarmaq, hansıları isə daxil etmək lazımdır?
 Zərərli sıyıqlar: 
    -düyü sıyığı; 
    -qarğıdalı sıyığı; 
    -mannı sıyığı;
    -arpa sıyığı;
    -qılçıqlı buğda sıyığı; 
    Bunlar karbohidratla zəngin, amma orqanizmə faydalı heç bir tərkibə malik olmayan sıyıqlardır.  Bəziləri isə hətta bağırsaqların fəaliyyətinə mənfi təsir göstərir. 
    Faydalı sıyıqlar: 
    -buğda sıyığı;
    -noxud sıyığı; 
    -qarabaşaq sıyığı; 
    Xüsusi qeyd edim ki, buğda və noxud sıyıqlarının qlikemik indeksi digər sıyıqlara nisbətən daha aşağıdır. Qarabaşaq sıyığına əlavə edilən təbii kərə yağı isə  onu orqanizm üçün daha faydalı edir.  

Bahadur Seyidov / Demedia.az