Pomidor yeyənlərin DİQQƏTİNƏ: UNİVERSAL TƏRƏVƏZ
Pomidoru, demək olar ki, hamı sevərək yeyir. Amma çox az adam onun orqanizmə olan faydalarından xəbərdardır.
Pomidorun vətəni Perunun və Ekvadorun dağ rayonları sayılır. Onunla ilk tanış olan bioloqlar pomidoru giləmeyvələr sinfinə aid etsə də, sonrakılar tərəvəz kimi qəbul etdilər. Bitkinin kökü torpağın çox dərin qatlarınadək enə bilir. Pomidorlar ölçülərinə, formalarına,hətta rənglərinə görə də, fərqlənə bilirlər.
Pomidoru “universal tərəvəz” adlandırmaq olar. O, vitamin və minerallarla, liflərlə və bir çox təbii birləşmələrlə zəngindir. Böyük miqdarda karbohidrata malikdir. A, K, B qrupu vitaminləri, fol turşusu və tiamin də pomidorun tərkibində yüksək ölçüdədir. Bir pomidor orqanizmin gün ərzində ehtiyac duyduğu C vitamininin 40%-ni təmin edir. Pomidor, həmçinin, dəmir, kalium, maqnezium, kalium permanqanat, maqnium və fosfor qaynağıdır. Karotenoid və likopen sərbəst radikalların orqanizmə zərər verməsinin qarşısını alan antioksidantlardır. Likopen qanda lipidlərin səviyyəsini tənzimləyir ki, bu da ürək-damar sisteminin sağlamlığı üçün vacibdir. Mütəmadi olaraq, pomidor yemək, yaxud pomidor şirəsi içmək qanda pis xolesterini azaldır. Öz növbəsində, pis xolesterin də damarların və ürəyin bir çox xəstəliklərinin “günahkarı”dır.
Malik olduğu dəmir, kalium və K vitamini ilə qan dövranını normallaşdıran pomidor təzyiqi də stabilləşdirir, qanın keyfiyyətini artırır. Kalium damarlardakı gərginliyi aradan qaldırır, qan axımının sürətini tənzimləyir, beləcə, ürəyi gücə düşməkdən qoruyur. K vitamini də qanın təmiz olmasına və qan axımının normallaşmasına məsuldur.
Pomidor bağırsaqların sağlamlığı üçün də faydalıdır. Tərkibində liflər çoxdur. Liflərin həzm sisteminin sağlamlığına dəstək olduğunu, həzm orqanlarının əzələlərini elastikləşdirdiyini, mədə şirəsi həzmini yaxşılaşdırdığını, demək olar ki, hamı bilir.
Pomidor təkcə fiziki sağlamlığımız üçün deyil, psixi sağlamlığımız üçün də qiymətlidir. Onda serotonin hormonu vardır ki, bildiyiniz kimi, o, “xoşbəxtlik hormonu” da adlanır. Həmçinin, pomidorda tiamin də vardır. Bu komponentdəki təbii birləşmələr serotonin əmələ gətirir. Pomidoru yeyərkən insanın əhval-ruhiyyəsindəki müsbət irəliləyiş, stress vəziyyətinin azalması tərəvəzin anti-depressiya bacarığındandır.
Pomidor qazların orqanizmdən xaric olunmasını təmin edir. 100 qr pomidorda cəmi, 22 kkalori var. Bu da o deməkdir ki, sevimli tərəvəzi doya-doya yeyərkən artıq çəki almaq riskiniz yoxdur. Müntəzəm yeyilən pomidor sümük toxumalarına müsbət təsir edir. Qan xəstəlikləri zamanı köməyə çatan tərəvəz dəri xəstəliklərinin profilaktikasında da əhəmiyyətlidir. Alzeymer və digər beyin xəstəlikləri ilə üzləşənlər də rasionlarından pomidoru əksik etməməlidirlər.
Oynaqlarda ağrılar olanda…
Resept 1:
1 kq quru pomidor zoğu və 400 qr çobanyastığı çiçəyi götürün. İnqridientləri üyüdün. 6 litr qaynar suya əlavə edin. ağzını bağlayın və 1 saat gözlədin. Sonra qarışımı cuna ilə süzün. Ayaqlarınızı həmin suda vanna edin.
Resept 2:
100 qr qurudulmuş pomidor zoğunun üyüdülmüşünü 400 ml qaynar suya əlavə edin. 30 dəq gözlədin. Sonra qarışıma 400 qr təbii bal qatın, yaxşı-yaxşı qarışdırın. Ağrılar yox olanadək qarışımı ağrıyan nahiyəyə sürtməkdə davam edin.
Resept 3:
10 qr quru pomidor zoğu və 20 qr quru atpıtrağı yarpağı götürün. İnqridientləri toz halına salın. 0,5 litr qaynar suya əlavə edin. Ağzını bağlayın və 30 dəq gözlədin. Sonra məhlulla ağrıyan nahiyəni kompres edin.
Qəbizlik zamanı.
Gün ərzində 2 dəfə, yeməkdən 15 dəqiqə əvvəl pomidor şirəsi içməklə qəbizlikdən yaxa qurtarmaq olar. Müalicə kursu 2-3 həftə davam etməlidir.
Göbələk infeksiyaları zamanı.
Resept 1:
Qurudulmuş pomidor zoğunu üyüdün. Buna palıd yarpağı, gülümbahar yarpağı, böyürtkən və minaçiçəyinin qurusundan ovaraq qatın. 20 qr bu qarışımdan götürüb 400 ml qaynar suya əlavə edin. Ağzını bağlayın və 30 dəq gözlədin. Sonra qarışımı cuna ilə süzün. Zədələnmiş nahiyələri bu qarışımla gündə 5 dəfə kompres edin.
Resept 2:
Pomidor zoğu, atpıtrağı yarpağı, mayaotu çiçəyi və gülümbahar çiçəyi götürüb bir-birinə qatın. Sonra hamısını birgə üyüdün. Qarışımdan 20 qr götürün və 400 ml qaynar suya qatın. Ağzını bağlayın, ilıqlanmasını gözləyin. 200 ml qarışıma 20 qr vazelin əlavə edin. Zədələnmiş nahiyəyə bu mazdan gündə 3-5 dəfə çəkin.
Həzmin yaxşılaşması üçün.
Həzm prosesinin rahat olması üçün pomidor şirəsi, zəncəfil və kardamon lazımdır. Həmçinin, yarım çay qaşığı şüyüd toxumu, bir az zirə, cüzi miqdarda keşniş toxumu da hazırlanılacaq qarışımda istifadə edilir. İnqridientləri pomidor şirəsinə qatın və yeməkdən 30 dəq sonra qəbul edin.
Öskürək zamanı.
1 çay qaşığı üyüdülmüş zəncəfil, 1⁄4 çay qaşığı üyüdülmüş darçın, 1⁄4 çay qaşığı muskat qozu götürün və bunları 0,5 litr isti pomidor şirəsinə qatın. Gündə 4 dəfə bu qarışımı yeməkdən 1 saat sonra için.
Metabolizmada problem varsa…
5 diş sarımsağı, 900 qr pomidoru birlikdə ət maşınından keçirin. Qarışıma 300 qr alma sirkəsi və 100 qr xırdalanmış şirin bibər əlavə edin. Yaxşıca qarışdırın. Gündə 3 dəfə, hər dəfə də 2 xörək qaşığı olmaqla yeməkdən 15 dəqiqə əvvəl qəbul edin.
Revmatizm zamanı.
Resept 1:
2 kq pomidor zoğu və 6 litr distillə edilmiş su götürün. Zoğları tam xırdalamaq üçün bir neçə dəfə ətçəkəndən keçirin. Sonra qaynar suya qatın və ağzını bərk bağlayıb otaq temperaturunda 1 saat saxlayın. Açarkən cuna ilə süzün. Hər gün ayaqlarınızı bu tərkiblə vanna edin. Müalicə kursu ağrılar yox olanadək davam etməlidir.
Resept 2:
10 qr pomidor zoğunun qurumuşunu üyüdün. 200 ml qaynar suya qatın. Ağzını bağlayın və 30 dəq gözlədin. Sonra qarışımı cuna ilə süzün. 200 qr təbii kərə yağı, 40 qram üyüdülmüş ağcaqayın tumurcuğu əlavə edin. Alınan qarışımı hər gün ağrıyan nahiyələrə çəkin. Müalicə ağrılar yox olanadək davam etməlidir.
Resept 3:
10 kq qurudulmuş pomidor zoğunu üyüdün. Qaynar suya qatın və 30 dəq otaq temperaturunda saxlayın. Sonra soyudun. 10 ml məhlula 20 qr təbii kərə yağı qatın. Ağrılar yox olanadək hər gün ağrıyan nahiyəyə bu mazdan çəkin.
Sızanaqlar zamanı…
2 xörək qaşığı pomidor şirəsini yumurta sarısı və 2 xörək qaşığı yulaf unu ilə qarışdırın. Üzünüzə maska edin və 20 dəq gözləyin. Əvvəlcə, isti su ilə, sonra da soyuq su ilə üzünüzü yuyun.
Zərərləri və əks təsirləri.
Pomidoru yeyərkən ehtiyatlı olmaq lazımdır. Çünki son illərdə gübrəli pomidorlardan zəhərlənmə halları haqda çox eşidirik.
Kaliumla zəngin olduğuna görə, hərdən orqanizmdə bu elementin həddən artıq olmasına gətirib çıxara bilir. Qastro-ezofageal reflyuks xəstəliyi zamanı pomidor mədə yanması və ürəkbulanma kimi sindromları gücləndirə bilər. Zəngin mikroelement və nutrient tərkibə malik tərəvəz hipervitaminoz və ishala da səbəb olur. Mütəxəssislər bildirir ki, gün ərzində 100-300 qr pomidor qəbul etmək yetərlidir.
Pomidor allergik reaksiyalar da yaradır. Həmçinin, malik olduğu alma və limon turşusu sayəsində mədədəki turşuluq səviyyəsini də artıra bilir. Bundan əlavə, pomidorun tərkibində oksalat turşusu və duz da vardır ki, bunların böyrək daşlarının əmələ gəlməsindəki əhəmiyyətli rolundan hamımız xəbərdarıq. Ona görə də, böyrəyində problem olanların pomidorla ehtiyatlı davranması məsləhətdir.
Bahadur Seyidov / Demedia.az