Naska xətlərinin SİRRİ - Araşdırma
Naska xətləri hələ də əksər elm adamları üçün sirr olaraq qalmaqdadır.
Ötən əsrin 30-cu illərində bir pilot tərəfindən kəşf olunan bu xətlər haqqında müxtəlif fərziyyələr, elmi nəzəriyyələr mövcuddur. Amma, ən böyük sual budur ki, bu xətləri çəkən Naska qövmü hara yox olub? Türkiyəli professor İbrahim Saraçoğlu onların yoxoluşunda keçibuynuzunun rolu olduğundan əmindir.
Professorun sözlərinə görə, Naska qövmü bizim eranın 550-60-cı illəri arasında yox olub. Çünki, təbiət tarixində həmin dövr, xüsusilə, 550-ci il “qaranlıq il” olub. Sonrakı 60 ildə insanlığın həyat tərzini dəyişəcək təbiət hadisələri məhz həmin il başlayıb.
Ekvator xəttinə diqqət edin. Dünyanın bu mərkəz xəttindən 1000 km qədər şimala, ya da əksinə, 1000 km cənuba getdikdə, buludlar çoxalır və günəş işığı azalır. 550-ci il buludların daha sıxlaşdığı, günəşin demək olar ki, bu məsafələrdəki əraziləri çox az işıqlandırdığı il kimi tarixə düşüb. Ardınca da tam 30 il həmin ərazilərə dayanmadan yağış yağıb. Naska qövmünün əsas qidası da keçibuynuzu və kartof olub. Hətta, belə demək olar ki, keçibuynuzu onların əsas qidası idi.
Keçibuynuzu ağaclarının xüsusi özəlliklərindən biri onların kökündən yeni tinglərin çıxmasıdı. Bu tingləri ağacdan ayırıb başqa bir yerdə əkərək ağacların sayını artırmaq olur. Naskalar hər il bu tingləri artırmaqla artan əhalinin qida ehtiyacını qarşılaya bilirdilər. Elə ki, “qaranlıq” 550-ci ildən sonra 30 il dayanmadan yağış yağmağa başladı, bu tinglərin heç biri böyüyüb ağac ola bilmədi. Beləcə, əhali aclıqla mübarizədə məğlubiyyətə məhkum oldu...
Sonrakı 30 ildəki quraqlıqsa Naskaların sonunu gətirdi. Əsas qidadan məhrum olan insanları nəinki aclıq öldürür, müxtəlif xəstəliklər də can almağa başlayır. Keçibuynuzunun mədəyə, immunitetə, ağciyərə faydalı olmasından əlavə, onun antioksidan xüsusiyyəti də var ki, orqanizmi sərbəst radikallardan təmizləyir. Bağırsaqlarda patogen mikroorqanizmlərin miqdarını azaldan, bağırsaq florasını bərpa edən keçibuynuzu bəhməzi isə, xüsusilə, uşaqlar üçün əvəzsiz dərman sayılır.
Daha saymadığım bir çox faydalarına görə “min bir dərdin dərmanı” sayılan keçibuynuzunun yoxluğu bir qövmün-Naskaların yer üzündən tamamilə silinib yox olmasına səbəb oldu. Amma, onların keçibuynuzundan tibbdə və gündəlik qida vasitəsi kimi istifadə etmələri bəşəriyyətə miras qalan xəzinələrdən sayılır.
Bahadur Seyidov / Demedia.az