Məsələni “söz duelindən” irəliyə aparmaq lazımdır - Siyasi şərhçi



 11:01 28.11.2022     536

Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında söz dueli yaşanır.

Demedia.az xəbər verir ki, bunu siyas şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, ruslar Ağdərə və Xocavəndi “Mardakert” və “Martuni” adlandırmağa davam edir, o cümlədən, Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ ərazisi” kimi qeyd edir:

"Azərbaycanın haqlı etirazına rəğmən mövqelərini dəyişmir və iddialarını “əllərindəki xəritələrlə” əsaslandırırlar.

Rusiyanın əlində olan xəritə 1991-ci ilə qədər olan xəritədir, sülhməramlılar bölgəyə gələndə özləri ilə bu xəritəni gətirdilər. Məqsəd də qondarma “dqr”in mövcudluğunu saxlamaq, bunun üzərindən bölgədə varlıqlarını davam etdirməkdir.

Azərbaycan Rusiyanın təxribatına lazım olan səviyyədə etiraz edir. Bununla yanaşı, mümkün addımlardan biri də Rusiyanın əlindəki xəritəni almaqdır: Qarabağın mövcud xəritəsini Türkiyə-Rusiya birgə monitorinq mərkəzinə təqdim etmək, fəaliyyətin bunun əsasında qurulması tələbini qoymaq olar; ruslar bununla mövqelərini dəyişməsə belə, ən azı “istinad mənbələrini” zəiflətməyə nail ola, hər dəfə “əlimizdəki xəritə” deyəndə, təqdim edilən xəritəni dərc edə bilərik.

Məsələni “söz duelindən” irəliyə aparmaq lazımdır".

Xəyalə Məmmədova / Demedia.az