İndiki geo-siyasi vəziyyət Azərbaycana ciddi üstünlüklər verir - Natiq Cəfərli
Paşinyanın Fransanı danışıqların tərəfinə çevirmək istəyi sülh prosesinə ziyan vurmaqla yanaşı, Avropa Birliyi kimi vacib, hər iki ölkə ilə imzalanmış sənədlərlə münasibəti, danışıqlar aparmaq səlahiyyəti, imkanları olan qurumu da gözdən, nüfuzdan salır.
Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, indi Azərbaycan XİN-nin, diplomatiyasının üzərinə ciddi iş düşür:
"Bütün “de-facto” və “de-jure” ittifaqları işə salaraq dünya siyasətində Ermənistanın Rusiyanın təkidi ilə sülh danışıqlarını pozmaq cəhdini, Moskvanın bölgədə yeganə moderator, “hakimi-mütləq” olmaq istəyini İrəvan vasitəsi ilə həyata keçirdiyini və Fransanın, Makronun da faktiki olaraq Rusiyanın, Putinin əlinə, marağına oynadığını hər gün hər bir müstəvidə, nüfuzlu media qurumlarında dilə gətirmək lazımdır.
İndiki geo-siyasi vəziyyət Azərbaycana ciddi üstünlüklər verir – Qərbin iki əzəli düşmənindən Rusiya və İran Ermənistanın müttəfiqləri qismində çıxış edirlər, Fransa isə Kremlin maraqlarına uyğun AB və Vaşinqtonun sülh səylərini pozmaqla məşğuldur. Bütün tribunalardan istifadə edilməli, bu tezislər dünya siyasətinin gündəliyinə salınmalıdır".
Xəyalə Məmmədova / Demedia.az