Parisin Brüssel formatını dağıtmaq üçün göstərdiyi cəhdlər... - Şərh



 18:00 28.11.2022     554

Rəsmi Paris İrəvan və Bakı arasında davam edən sülh prosesinin pozulması üçün sistemli iş aparır.

Demedia.az xəbər verir ki, bunu politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Fransanın sülh prosesini pozmağa cəhd göstərdiyini açıq şəkildə dilə gətirən Prezident Brüssel formatının ləğv oluna, başqa alternativlərin nəzərdən keçirilə biləcəyinə işarə edib.

"Prezidentin Fransanın Brüssel formatını pozan davranışlarına toxunması, ilk növbədə, Avropa İttifaqını narahat etməlidir. Çünki rəsmi Bakı dəfələrlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellin iştirakı ilə aparılan danışıqların Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib. Hazırda isə rəsmi Paris Şarl Mişelin rəhbərliyi ilə aparılan danışıqları pozmağa cəhd göstərir. Bu cəhd Avropa İttifaqının Cənubi Qafqazda sülhə yönələn addımlarına zərbədir. Ona görə də, ilk növbədə, Şarl Mişel Avropa İttifaqının üzvü olan Fransanı Birliyin maraqlarına, həmçinin, Bakı-İrəvan danışıqlarına zərbə vuran addımlardan çəkindirməlidir.

Azərbaycan Prezidentinin Fransanın Brüssel formatına zərbə vuran davranışları ilə bağlı verdiyi açıqlamalar fonunda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfəri və ölkə başçısı ilə görüşü xüsusilə diqqət çəkir.

Ehtimal etmək olar ki, görüşün əsas mövzularından biri Brüssel formatının ləğvinə yönələn cəhdlərin neyrallaşdırılması ilə bağlı olub. Amma Azərbaycan Prezidentinin ümumi siyasi xətti göstərir ki, rəsmi Bakı Brüssel formatı dağılsa belə, Fransanın müdaxilə etdiyi, tərəf tutduğu danışıqlar prosesində iştirak etməyəcək, yeni formatın formalaşdırılması üçün işə başlayacaq. Nə Fransanın nəzarəti altında olan qurumların qəbul etdiyi qətnamələr, nə də ki, Parisin Brüssel formatını dağıtmaq üçün göstərdiyi cəhdlər Azərbaycanın sülh üçün səylərinin qarşısını ala bilməyəcək".

Xəyalə Məmmədova / Demedia.az