Balıqçıların sevimli məkanı: İlin 12 ayı... - Araşdırma
Pra çayı Rusiya Federasiyasındadır. Moskva və Ryazan əyalətlərinin ərazisindən axır. Oka çayının sol qollarından biridir.
Oka çayı özü də Volqaya qovuşur. Volqa deltası da Xəzərə çıxır. Dolayısı ilə, Pra çayının suları Xəzərədək gəlir.
Pra çayının uzunluğu 167 km-dir. Çayın adı mardov dilindədir. Bu dildə Pra –baş anlamındadır. Çay qar sularından bəhrələnir. İki göl və bataqlıq arasından axan bu çay qeyri-adi təbiət möcüzəsi yaradır. 15 km-lik məsafədə spiralvari axaraq 51 dəfə əyilir və gözəl mənzərə meydana çıxır. Nəticədə, çayın ortasında adalar yaranır. Üstəlik, çay Moskva yaxınlığında 12 km üzüyuxarı axır.
Pra çayı hər il noyabrın sonunda donur və aprelə qədər buzun altında qalır. Çayın əsas özəlliklərindən biri odur ki, sahillərində meşə, qum və bataqlıq görə bilərsiniz. Bu meşələrdə qonur ayı, vəhşi qaban, tülkü və canavar da yaşayır. Bitki örtüyünün əsasını isə küknar, şam, tozağacı kimi tayqa meşələrinə məxsus ağaclar təşkil edir. Burda Qırmızı kitaba salınan bir çox endemik bitkilər də var.
Çayın ən enli yeri 500 m, ən dar yeri isə 2 m-dir. Orta en məsafəsi 30-40 metr arasında dəyişir. Maraqlısı budur ki, Moskva əyalətinin ən qədim kilsə və monastrları məhz bu çayın sahili boyunca tikilib. Pra çayının başlanğıcını götürdüyü dağ Müqəddəs dağ adlanır. Bu dağdakı Müqəddəs göl və Palıdlı göl onun əsas mənbələridir. Güclü yağışlar zamanı çayın səviyyəsi qalxanda hər iki göl birləşib iri su hövzəsinə çevrilir. Bu vaxt çayın axını boyunca yaranan bir çox ada suyun altında qalır. Buna görə də Pra çayının qoynunda yerləşən adalarda sıx meşə örtüyü yoxdur.
Pra çayı həm də balıqçıların sevimli məkanıdır. İlin 12 ayı burada balıq tutmaq mümkündür. Sahildəki meşələrdə yaşayan qonur ayılar da öz balıq paylarını bu çaydan alır.
Bahadur Seyidov / Demedia.az