Bakının Tehrana cavabı: Xəzərdə ən böyük güc...
Son günlər SEPAH-a bağlı Teleqram kanalları İranın Xəzər dənizindən Bakı buxtasına hücum edəcəyinə dair xəbərlər paylaşır. Paylaşılan xəbərlərdə İranın Bakını vurmaq, buxtanı qısa zamanda ələ keçirərək işğal ssenarisini tətbiq edəcəyi mesajları verilir.
Demedia.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib.
O bildirib ki, SEPAH-ın indiki məqamda ona bağlı sosial şəbəkə kanalları vasitəsilə provokativ mesajlar verməsi səbəbsiz deyil:
"Birincisi, SEPAH bir müddət öncə İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca keçirdiyi “Qüdrətli İran” təlimlərdən istənilən nəticəni ala bilmədi. Belə ki, təlimlər çərçivəsində SEPAH Araz çayı üzərində körpü inşa edərək və Araz çayını keçməyi məşq edərək rəsmi Bakının gözünü qorxudub geri addım atdırmağı hədəfləyidi. Rəsmi Bakı isə öz növbəsində təlimlərə cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin təlimi ilə cavab verdi.
İran artıq başa düşür ki, qurudan edilə biləcək ehtimal bir hücum ssenarisi heç də gözlənilən effekti verməyəcək və rəsmi Bakı belə bir hücuma uzun müddətdir ki, hazırdır. Buna görə də rəsmi Tehran özünün daha güclü olduğunu sandığı Xəzər dənizindən hücum edə biləcəyi mesajlarını verir.
İkincisi, ölkə başçısı Prezident İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda açıq şəkildə bildirdi ki, “Biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq”.
Yəni Prezident bir daha dedi ki, hərbi təlimlərlə faktiki olaraq İranın Araz çayı boyunca keçirdiyi hərbi təlimlərə cavab verdik.
İran hazırda hər nə qədər Azərbaycanla mövcud gərginliyi yumşaltmağa çalışdığını göstərsə də, reallıq ondan ibarətdir ki, dəyişən heç nə yoxdur. Görünür, Prezidentin çıxışından sonra Tehran öz mövqeyini bu yolla göstərməyə çalışır.
Bakı və Tehranın donanma yarışı
Aydın məsələdir ki, İran Xəzər dənizində özünü Azərbaycandan üstün görür. SEPAH-a bağlı Teleqram kanallarında İranın Azərbaycana dənizdən hücumu əks etdirən provokativ xəbər və yazıların yayılması da bunu deməyə əsas verir. Tehran Bakının dəniz gücünü zəif hesab etsə də, əslində, vəziyyət tamam fərqlidir.
Ümumiyyətlə, Xəzərdə ən böyük güc Rusiya olsa da, son illərdə digər 4 ölkə - Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran da dənizdəki hərbi güclərini xeyli artırıblar. İran donanmasına gəldikdə isə rəsmi Tehranın Xəzər donanması da Azərbaycan ilə eyni dövrdə yaranıb.
Belə ki, SSRİ dönəmində İranın Xəzərdə hərbi gücü olmayıb. Tehran SSRİ-nin dağılmasını fürsət bilərək Xəzərdə sürətli donanma yaratmağa başladı. Azərbaycan Hərbi Dəniz Donanması isə 1992-ci ildə Xəzər Donanması bölüşdürüldükdən sonra yaradılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiya Xəzər Donanmasını şimala daşıyıb, Azərbaycana isə 25 faiz pay verilib. Bölgü nəticəsində
Azərbaycana 18 ədəd müxtəlif təyinatlı hərbi gəmi çatıb. Yəni ki, hər iki ölkənin Xəzər donanması qısa zaman fərqi ilə eyni dövrdə yaradılıb.
İlkin olaraq Rusiyadan bir neçə hərbi gəmi alan İran daha sonra cənubdan bir neçə gəmini Xəzərə gətirib. Son illərdə isə İran özü Xəzərdə yeni gəmilər inşa edir. İranın Xəzərdəki hərbi gücünü 4 ədəd “Sina” tipli artilleriya kateri, 2 ədəd “Jamaran” tipli 95 metrlik 1400-1500 ton subasımlı korvetlər, Çinin “Hoodong” layihəli 34 metrlik və təxminən 200 ton subasımlı 3-5 ədəd raket katerləri, bir neçə sualtı qayıq təşkil edir.
Azərbaycan Hərbi Dəniz Donanması isə son illərdə gücünü yeni və ya xaricdən alınıb yenilənmiş gəmi və katerlər hesabına daha da artırıb. Bundan əlavə, bir 205U layihəli raket kateri də modernizasiya olunub, çox yer tutan köhnə raket qurğuları çıxarılandan sonra S-008 nömrəsi ilə bu qüvvələrə verilib.
Bundan başqa, ABŞ-dən S-201 bort nişanlı patrul katerlər, S-11 və S-12 nömrəli “48 futluq Silver şip” kiçik patrul katerləri, RİB-36 tipli metal karkaslı hava ilə doldurulmuş rezin katerlər alınıb və bunlar da S-09 və S-10 nömrələri ilə birləşməyə qəbul olunub.
2014-cü ildə istifadəyə verilmiş DSX Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə indiyədək 6 ədəd “Şahdağ” və 6 ədəd “Tufan” layihəli sərhəd-gözətçi gəmisi inşa olunub. Onu da qeyd edim ki,
Azərbaycanın Türkiyə və İsrail ilə imzalanan hərbi müqavilələr əsasında donanmanın silahları və texniki qurğuları müntəzəm yenilənir.
Göründüyü kimi, Azərbaycanın Xəzər donanması İran donanmasından geri qalmadığı kimi modern imkanlar baxımından özünü müntəzəm yeniləyir.
Bakının Tehrana cavabı
Azərbaycan İranın cənub sərhədlərində başlatdığı hərbi təlimlərə XTQ təlimləri ilə verdiyi cavab kimi Xəzər dənizində də keçirəcəyi təlimlərlə cavab verməlidir.
Söhbət Bakının Xəzər dənizində təlimlər keçirməsindən gedir. Hətta təlimlər ötən il olduğu kimi Türkiyə dənizçiləri ilə birlikdə keçirilə bilər. Belə ki, həmin təlimlərdən ən çox İran narahat olmuş və rəsmi Bakıya etirazını bildirmişdi.
Rəsmi Bakının indiki məqamda Xəzər dənizində Türkiyə ilə birlikdə keçirəcəyi hərbi təlimlər İrana effektiv gözdağı olacaq".
Xəyalə Məmmədova / Demedia.az