Keyfiyyətli yuxunun SİRRİ - Günə enerjili və gümrah başlamaq üçün...



 21:29 30.11.2022     1028

Günə enerjili və gümrah başlamaq axşamı da eyni tempdə qarşılamaq deməkdir. Ümid dolu, şən günlər ard-arda düzülərək xoş əhvalla keçən ayları, aylar da illəri gətirir. Beləcə, gözəl bir həyat yaşanır. Əsas sirr isə keyfiyyətli yuxudur.

Yaşından asılı olmayaraq, hər kəs öz həyat keyfiyyətinin yaxşılaşmasına çalışmalıdır. Həyatımız boyunca həmişə etdiyimiz bir şey var-yatmaq. Dolayısı ilə, insan həyat keyfiyyətini yaxşılaşdırmaq işinə  yuxusunu nizamlamaqla başlamalıdır. Beləcə, həyatı boyunca etdiyi bir əməli daha da yaxşılaşdırır. Həmçinin, rahat yuxudan sonra  başladığı günü daha məhsuldar yaşayır.   

İnsanın daim enerjiyə, gümrahlığa, gələcəyə ümidlə baxmaq üçün bir səbəbə ehtiyacı olur. Buna nail ola bilsək, heç bir problem bizə həlli mümkünsüz görünməz. 

“Qızıl saat”. “Sabahdan itirdiyin bir saatın zərərini bütün gün boyu görərsən.” (William Wately) Yuxu ilə bağlı məlumat almağa çalışsanız, qarşınıza axşam və ya yatmazdan öncə nələr edilməsi lazım olduğu barədə yazılar, tövsiyələr çıxacaq. Amma yuxunun “qızıl saat”ı  saat 05:00-dan 06:00-dək olan müddətdir. Çünki həmin vaxt günəşin ilk işıqları yerə saçılır. Və insanlar bu qızılı şüaların yerə səpilməsini yeni günün başlanğıcı, yeni fürsət qapılarının açılması kimi dəyərləndirirlər. Bununla belə, hər kəsin oyanma saatları fərqlidir. Bu da o deməkdir ki, hərənin öz “qızıl saatı” var.   Oyanma saatından 1 saat əvvəl başlayır  həmin “qızıl saat”.  Başqa sözlə, hər gün saat 09:00-da oyanmağa məcbursunuzsa, sizin “qızıl saat”ınız saat 08:00 ilə  09:00 arasındadır. “Qızıl saat”dakı əhvalınız başladığınız günü necə keçirəcəyiniz anlamına gəlir. Ard-arda düzülən günlər isə həyatdır... “Qızıl saat”dakı fürsətləri qaçırmayın. O saatı idman eləmək, günün, həftənin, ayın planını tutmaq, meditasiya ilə məşğul olmaq, özünüzü inkişaf etdirməklə keçirin. Bir neçə həftə içində özünüz də həyatınızdakı dəyişikliklərin fərqinə varacaqsınız. 

Günəşə bax. “Son yuxumu? Yox, ölüm son oyanışdır.” (Walter Scott) Səhər oyandığınızda mütləq günəşə baxın. Gün işıqlarının üzümüzə vurması üzərimizdəki mənfi enerjiləri təmizləyər, psixoloji yüklərdən qurtulmağımızı təmin edər, bədən tempimizi nizamlayar... Günəşə baxaraq günə başlamaq  sirkat ritmimizi (Circadian ritmi) tənzimləyər. Bu,  bizim həyat ritmimizdir. Deyək ki, 8 saat qəşəngcə yatdıq, səhər oyandıq. Amma üzümüzə günəş şüası dəymir, otağımıza gün işığı girmir, ciyərlərimizə təmiz oksigen dolmur. Fiziki oyansaq da, sirkat ritmimiz, içimizdəki enerji, nəyəsə verəcəyimiz reaksiylarımız hələ ölgündür. Hərdən dediyimiz kimi: “Elə bil, ayaq üstə ölü kimiyik”. Bunun əsas səbəbi ya nizamsız yuxu, ya da səhər düzgün şəkildə oyanmamaqdır. 

Glimfatik sistem. “Yatmaq asan iş deyil;  onun naminə bütün gün oyanıq olmaq lazımdır.” (Fridrix Nitsşe). Hər keçən il böyük şəhərlərin qeyri-təbii yaşam şəraiti bizi zəhərləməkdədir. Ayağımız torpağa dəymədiyi üçün də, üzərimizdəki maddi-mənəvi yükləri ata bilmirik. Bu mövzuda ən yaxın köməkçimiz glimfatik sistemdir. Glimfatik sistem beynimizin o hissəsidir ki, üzərimizdəki ağırlıqdan, bədənimizdəki toksinlərdən qurtulmağımız üçün məsuliyyət daşıyır. Biz yatarkən performasını 60% artıraraq işləyir.  Dolayısı ilə yaxşı yuxu beynimizin fəaliyyətinə müsbət təsir edir. Bu da öz növbəsində  glimfatik sistemin işini sürətləndirir,  beləcə,  bədənimizdəki toksinlərdən, zərərli maddələrdən də yaxa qurtarırıq. 

Tək faz? Cüt faz? “Yuxu problemi zəkalı insanların lənətidir.”  (Albert Eynşteyn) Amerikalı professor Roger Erik  1800-1900 illərə aid minlərlə yazılı mənbəni araşdıraraq o dönəmdə yaşayan insanların yuxu nizamı ilə bağlı məlumatlar toplamışdır. O dövrdə insanlar günəş batan kimi yatırlarmış. Gecə saatlarında  1-2 saatlığına oyanırlarmış. Sonra təkrar yuxuya gedirlərmiş. Başqa sözlə desək, “cüt fazlı” yuxu nizamına sahib olublar. Sonra elektrik hər evə gəlib, insanlar süni işığa məruz qalıb. Bu da insanların yuxu rejiminə təsir edib; yatma saatları gecəyə doğru çəkilib.  Apardığım araşdırmalarda da qarşıma maraqlı tövsiyələr çıxdı. Gündüzlər 1-2 saat günorta yuxusu almağın, buna qarşılıq gecə də 1-2 saatlığına oyanmağın faydalı olduğu  əksər mütəxəssislərin rəylərinə daxildir. Amma burda ən önəmli məqam rejimdir. Hər aldığımız məlumatdan sonra yeni yuxu rejimi haqqında düşünmək, hətta buna cəhd etmək, yəni, yuxu və oyanma saatlarımızı tez-tez dəyişmək immun sistemini zədələyir.  Növbəli işləyən insanların- 3 gün evdə, 3 gecə işdə olanların immuniteti normal iş saatlarında işləyən insanlara nisbətən daha zəif olur. Araşdırmalar onların tez-tez xəstələndiyini, ömürlərinin qısa olduğunu da aşkara çıxarıb. 

Yemək, içmək vərdişləri. “Oyaq olan bir adam yatan yüz min insandan daha qüvvətlidir.” (S.Carnot)  Axşamlar yemək  vərdişindən imtina edin. Çox şey qazanacaqsınız. Axşam 19:00-dan sonra yeməyi dayandırsanız, bədəninizin ehtiyacı olan yuxu saatını 20-30 dəqiqə azaltmış olacaqsınız. Alkoqollu içkilər, siqaret, psixotrop dərmanlar və s. bu kimi vərdişlər isə insanla reallıq arasında hörülmüş divarlardır. 

Yağ yanması. “Yuxusu oyaqlığından xeyirli olan, pis yaşayan kim varsa, ölsün.” (Sədi Şirazi) Enerjili bir həyat üçün sağlam başa ehtiyac var. Yağ deposu olan bir bədəndə isə heç vaxt sağlam baş ola bilməz. Sağlam baş, aydın düşünən beyin sağlam, gümrah, aktiv olan bir orqanizmə aiddir.  Bədənimizi sürətləndirməliyik ki, həyat tərzimiz də aktiv olsun: başladığımız işi vaxtında bitirə bilək, sabaha ümidlə baxaq, artıq yağlardan və çəkilərdən xilas olaq... 

“Gümüş saat”. “Bir insandan ümid və yuxunu almaqla onu dünyanın ən bədbəxt və ən pərişan insanına çevirərsiniz.” (İmmaunel Kant)  Bayaq “qızıl saat” haqqında danışdım və izah etdim ki, ədəbiyyatda saat 05:00-dan 06:00-dək olan müddətin adı olsa da, sizin yuxudan ayıldığınız saatdan 1 saat əvvələ aid edilir. “Gümüş saat” isə axşam yuxuya getməmişdən əvvəlki 1 saatdır.  “Gümüş saat” ərzində: 
-“Günüm necə keçdi?” sualı haqqında düşünün; 
-Sabahın planını tutun; 
-Şəxsi gigiyenaya əməl edin; 
-“Gümüş saat”ı ekranlara baxmadan keçirin; 
-Kitab oxuyun, ailənizlə söhbət edin və s; 
Beləcə, “gümüş saat”ı yuxuya ürək rahatlığıyla hazırlanaraq keçirə bilərsiniz... 
Yuxu təcridi. “Ən gözəl yuxu belə, oyanılan anın dəyərinə çatmaz.” (Andre Gide)  Yatdığımız otaqda səsin və işığın olması bizi məşğul edir. Yatsaq belə, yuxumuzun səmərəsi azalır. İşıq melatonin hormonunun ifrazını ləngidir.  Melatonin epifiz vəzinin ən əsas hormonudur və insan bu hormon sayəsində yuxuya gedir.  Melatonin əksikliyi yuxu rejiminin pozulmasına, hətta xroniki yuxusuzluğa belə, səbəb ola bilər. Ona görə də, yatdığınız otaqda işığı keçirin, pərdələri yaxşı-yaxşı çəkin və s.  

Bir də, çalışın ki, axşam  saat 20:00-dən sonra telefon və kompüterdən uzaq durun. İstifadə etməyiniz mütləqdirsə, hər ikisini də “gecə rejimi”nə keçirin.  Bu zaman  ekranlar sarı işığa boyanır ki, bu da mavi işığa nisbətən daha sakitləşdirici effektə malikdir. 

Bahadur Seyidov / Demedia.az