Dünyanın ən böyük yeraltı şəhəri - Araşdırma



 20:31 30.11.2022     1311

Bu günə qədər “yer altındakı həyat”la bağlı eşitdiyiniz hər şeyin doğruluğuna əminsiniz? Təbii ki, yox. Amma, Türkiyədə, Nevşehirdə min illərdir  sirrinin açılmağını gözləyən yeraltı şəhər eşitdiyiniz əfsanələrin  başladığı yer ola bilər. 

1960-cı illərin əvvəlində bir kəndli evini təmir etdirirdi.  Köhnə divarlardan birinin uçurulması zamanı evin böyük bir tunelin kandarında tikildiyi aydın olur. Ev sahibi tunelin bir mağaraya açıldığını zənn edir. Amma, əlinə fənər alıb irəlilədikcə qarşısına çıxan  iç-içə otaqlar onu təəccüb içində qoyur. Əlaqədar qurumlar xəbərdar edilir və beləliklə, “Dərin quyu” yeraltı şəhəri kəşf olunur. 

Məlum olur ki, yeraltı şəhər təkcə otaqlardan ibarət deyil; burda qeyri-adi su və havalandırma sistemi ilə yanaşı, dəlixanalar, ibadət yerləri və məktəblər də mövcuddur. Hesablamalara görə, şəhər 50 minə yaxın insanın  yerin altında rahatca yaşaması üçün  bəs edər. 

“Burda kimlər yaşayıb?”, “Gün işığı olmadan necə yaşayıblar?” kimi sualların cavabı isə o gündən-bu günə hələ axtarılır. 

Şəhər haqqında əfsanələrin bəziləri eramızın ilk illərindən bəhs edir. Deyilənlərə görə, ilk xristianlar Roma əsgərlərinin zülmündən qaçaraq Kapadokiyaya gəlib və özlərinə yeraltı şəhər inşa ediblər.  Əsgərlər onları tapmasın deyə giriş qapılarını ağlagəlməz  yerlərdə açıblar. Məsələn, bir qayanın oyuğunda, kolluqların arasında, ya da mövcud olan bir kənd evinin zirzəmisində. 

2 min il bundan əvvəl yaşayan insanların yeraltı şəhəri  hansı texnologiya ilə inşa etdikləri də  araşdırmaçıların cavab tapmadığı suallar yaradır.  Burdakı havalandırma sistemi elə qurulub ki, şəhər il boyu eyni temperaturda qalsın; nə çox isti, nə də çox soyuq olmasın.  Rahiblər, keşişlər, ailələr, uşaqlar...-Təsəvvür edin ki, bu insanlar yerin altında yüzilliklər boyunca yaşayıb və heç bir nəmdən, rütubətdən şikayətləri olmayıb. Hər otağın sürgülü qapısı və növbəti otağa keçidi olub. Dünyanın heç bir yeraltı şəhərində “Dərin quyu”dakı su və havalandırma sistemi yoxdur. 

Araşdırmaçıları çıxmaza salan suallardan biri də ilk xristiyanların bu şəhəri necə və hansı müddətə inşa etdikləridir. Əllərində lazımi texnologiya olmayan, əsgərlərdən güclə qaçıb canını qurtaran bir ovuc insan  bu cür mükəmməl bir yeraltı şəhəri inşa etmək üçün neçə yüz il işləməliydi. Amma,  əldə olunan nəticələrə baxanda,  şəhərin qısa zaman içində sistemli şəkildə inşa edildiyi qənaətinə gəlmək olur. Üstəlik, düşünəndə ki, bu boyda şəhəri inşa etmək üçün yerin altından 8 milyon tona yaxın daş və torpaq çıxarılmalıdı, elm adamları təəccüblənməkdən özlərini saxlaya bilmir. Neçə yüz metr dərinlikdən torpaq və daş çıxarmaq hansı texnologiya ilə mümkün olub? Cavab yoxdur... 

Yazılı mənbələrdən  məlumdur ki, Türkiyədəki “Yerəbatan sərnici”nin inşası on illiklər boyunca davam edib və bu vaxt ərzində yüzlərlə işçi ölüb. Bəs necə olur ki, “Yerəbatan sərnici”ndən dəfələrlə böyük olan “Dərin quyu” qısa vaxtda inşa edilib? Üstəlik də, niyə onun haqqında heç bir yazılı mənbə tapmaq mümkün deyil? Anlaşılan odur ki, cavabsız suallar arxeoloqları və tarixçiləri hələ çox düşündürəcək... 

Başqa bir ehtimal isə yeraltı şəhərin yadplanetlilərin hücumundan qorunmaq üçün inşa edildiyi yönündədir.  Yəni, insanlar uzun yüzilliklər boyunca sistemli şəkildə bu şəhəri   “qazıblar” ki, yadplanetlilər hücum edəndə rahatlıqla gizlənə bilsinlər. 

Hazırda yeraltı şəhərinin üstündə yerləşən kəndin adı “Dərin quyu”dur. Amma,  yeraltı şəhər tapılana qədər kimsə bu toponimi izah edə bilmirdi.  Həmin kənddə və ətrafda yaşayan insanların ağızdan-ağıza ötürülən, nəsildən-nəsilə keçən bir əfsanəyə inanmaları da maraqlıdır. Əfsanəyə görə, lap qədimlərdə bu ərazidə mələklər və xoşniyyətli varlıqlar yaşayıb. Bir gün göylərdən  bədniyyətli cinlər enib və onlara hücum edib. Xoşniyyətli varlıqlar cinlərə məğlub olduqlarını anlayıb yerin altına eniblər və burada özlərinə şəhər salıblar. Söyləntilərə görə, onlar hələ də burada yaşayırlar. Hətta, bəzi kəndlilər zaman-zaman burada qəribə səslər eşitdiklərini və nur saçan varlıqlar gördüklərini də iddia edirlər. 

Bəzilərinin fikrincə, bu əfsanə bölgəyə turist çəkmək üçün uydurulub. Amma, unutmaq lazım deyil ki, yeraltı şəhər 1960-cı illərdə kəşf olunub. Əfsanələrin yaşı isə bilinmir... 

Arxeoloqların fikrincə, Nevşehir bölgəsində bu cür yeraltı şəhərlər çoxdur. Sadəcə, hələ kəşf edilməyib. Bölgədə maraq doğuran bir başqa şey isə kilometrlərlə uzanan, təkər izlərinə bənzəyən xəttlərdir.  Elmi araşdırmalar nəticəsində bu izlərin yaşının milyon ildən artıq olduğu müəyyən edilib.  Görəsən, yeraltı şəhərin inşası zamanı çıxarılan daş və torpaq bu cür iri arabalarlamı daşınıb?  Bu sual da cavab gözləyir... 

Maraqlı məqamlardan biri də odur ki, İtaliyada və Yunanıstanda da bu cür təkər izlərinə bənzəyən xəttlər var.  Üstəlik, xəttlər kəşf edilən yeraltı şəhərlərin yaxınlığındadır. 

Dünyanın müxtəlif yerlərində yeraltı şəhərlərə yaxın yaşayan insanların nəsildən-nəsilə keçən əfsanələri oxşardır. Demək olar ki, hamısı eyni cür səslər eşitdiyini, oxşar varlıqlar gördüyünü iddia edirlər. Dünyanın ən dərin mağarası olan və hələ sonuna gedilməyən Hang Son Doong  mağarasından da anaşılmaz səslər gəldiyi məlumdur. Rusiyadakı Kola buruğunda da oxşar səslər qeydə alınıb. Xatırladım ki, Kola buruğunun dərinliyi 12 min metrdir. 

Yeraltı yaşamla bağlı iddialar və faktlar bununla bitmir. Norveçdəki Dalton mağaralarının da yeraltı şəhər olduğu və Şotlandiyaya qədər uzandığı ehtimal edilir. Burda da insanlar  qəribə səslər eşidir, naməlum işıqlı varlıqlar görür...

Macarıstandakı 60 km uzunluğunda olan tunelin necə inşa edildiyi də maraq doğurur. Tunelə baxanda adama elə gəlir ki, burda ən son texnologiya işləyib. Amma,  tarixi  miladdan öncəyə dayanır...  İddialara görə, Əfqanıstanda ucu okeana çıxan yeraltı tunel var və bu tunel bir neçə yeraltı şəhərin  mərkəzindən keçir. Yeraltı yaşayış məskəninin əfsanəvi adı Aqarta`dır. Qərbi Afrikada Atlantik okeanının altına doğru uzanan bir tunel var. Hələ sonuna gedilməyib və tunelin hara apardığı məlum deyil... Saydıqlarım dünyada olan yeraltı şəhər və tunellərin çox az bir qismidir.  

Sonda qeyd edim ki, Kapadokyadakı “Dərin quyu” şəhərinin yalnız 10%-i turistlər üçün açıq elan olunub. Daha irəliyə getmək üçün  xüsusi qurumlardan və bölgənin  yüksək vəzifəli  dövlət məmurlarından icazə almaq şərtdir... 

Bahadur Seyidov / Demedia.az