İranın anti-Azərbaycan davranışları yeni görkəm almaqdadır - Politoloq



 17:06 30.11.2022     474

İranın son dövrlər nümayiş etdirdiyi anti-Azərbaycan davranışları yeni görkəm almaqdadır. Belə ki, müəyyən dövrdə bəzi İran rəsmilərinin münasibətləri yumşaltmaq üçün səsləndirdikləri fikirlərin qeyri-səmimi olması növbəti mərhələlərdə aşkar şəkildə üzə çıxır. Məsələn, İranda “Qafqazın gələcək perspektivi” adlı tədbir keçiriləcək.

Demedia.az xəbər verir ki, bunu politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, İranın anti-Azərbaycan mövqeyi artıq dayanıqlı xarakter almağa başlayıb və bu mövqenin daha da genişləndirilməsi üçün müxtəlif tədbirlər, seminarlar, dəyirmi masalar təşkil olunur:

"Bu, qəbulolunmaz haldır. Azərbaycanın müstəqil geosiyasi aktor kimi mövcudluğunun İranı narahat etməsi şübhəsizdir. Digər tərəfdən, Azərbaycanın müstəqil geosiyasi subyekt kimi özünü bütün dünya miqyasında nümayiş etdirməsi də rəsmi Tehranın bizə qarşı münasibətinin tam ortaya çıxmasında əsaslı rol oynayıb. Vətən müharibəsi və bu müharibədəki Zəfər bunun əyani göstəricisidir. İran başda olmaqla bir sıra dövlətlər Azərbaycanın gücünə, qüdrətinə, silahlı qüvvələrinin rəşadətinə inanmırdılar. Böyük və tarixi qələbəmiz İranın regiona münasibətində qısqanclıqları ortaya çıxardı. Artıq Zəngəzur dəhlizinə qarşı fikirlər geniş məzmunda dilə gətirilir. Eyni zamanda, Rusiya ilə Ukrayna arasındakı hərbi toqquşmalar fonunda Moskva nın məğlubiyyətləri İranı bir qədər də ruhlandırır. İran Cənubi Qafqazda öz varlığını daha geniş şəkildə nümayiş etdirmək üçün cəhdlər göstərir. Rusiyanın güclü, eyni zamanda, Cənubi Qafqazda mövqeyinin möhkəm olduğu zamanlarda İran bu cür tədbirlər keçirməyə cürət etməzdi. Adıçəkilən tədbirdə müxtəlif dövrlərdə televiziya ekranlarında çıxış edən ekspertlər də iştirak edəcəklər. Eyni zamanda, konfransda İsrailin, Rusiyanın regionda mövqeyi, Aİ-nin, ABŞ-ın regional maraqları kontekstində İranın baxışları, Ermənistanın atacağı addımlar müzakirə olunacaq. Bütün bunlar onu göstərir ki, İran artıq KİV seqmenti ilə yanaşı, siyasi ekspert müstəvisində də ciddi proseslər aparmaq niyyətinə düşüb. Bu proseslər rəsmi Bakı tərəfindən də diqqətlə izlənir.

İran Azərbaycanın İsraildə səfirlik açmasını, xarici siyasət vektorlarını aydın şəkildə ifadə etməsini özü üçün təhdid kimi qiymətləndirir. Bu da qəbulolunmaz bir yanaşmadır. Bizim xarici siyasətimiz kifayət qədər açıq və şəffafdır. Azərbaycan öz qonşuları ilə mehriban qonşuluq siyasəti çərçivəsində əlaqələrin qurulmasında maraqlıdır və bu, atılan addımlar heç bir vəchlə üçüncü dövlətə qarşı çevrilməyib. Bunu İran dövləti anlamalıdır. İran tərəfi, həm də öz ərazisində yaşayan azərbaycanlıların fundamental hüquq və azadlıqlarına böyük hörmət nümayiş etdirməlidir. Biz isə görürük ki, İrandakı soydaşlarımız assimilyasiyaya məruz qalırlar, müxtəlif təqiblər həyata keçirilir. Bu da qəbulolunmaz yanaşmadır. Azərbaycan bütün dünya azərbaycanlılarının hüquqlarının müdafiəçisi qismində çıxış edir. Düşünürəm ki, anti-Azərbaycan mövqeli insanların bir çətir altına yığılması, xüsusilə İrandakı erməni səfirinin iştirakı ilə bir tədbirə dəvət olunması ölkəmizə qarşı qərəzli planların müzakirəsinin keçiriləcəyindən xəbər verir. Ona görə də bu tədbir və onun nəticələri bizim üçün heç bir mahiyyət kəsb etməsə də, orada səslənən fikirləri öyrənmək, təhlil etmək və ona uyğun olaraq preventiv tədbirlər həyata keçirilməsi vacibdir. Orada səslənəcək hər bir fikir ölkəmiz tərəfindən diqqətlə araşdırılmalıdır”.

Xəyalə Məmmmədova / Demedia.az