Taliban rejimi Əfqanıstanın iqtisadi problemlərini həll edə bilmir - TƏHLİL
ABŞ ordusu Əfqanıstanı tərk etdikdən sonra bu mövzu aktuallığını azaltmayıb. Vaşinqton beynəlxalq aləmi əvvəlkitək inandırmağa çalışır ki, ABŞ ordusunun Əfqanıstanı tərk etməkdən başqa alternativi yox idi.
Demedia.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd olunub.
Bildirilib ki, Taliban rejimi Əfqanıstanın iqtisadi problemlərini həll edə bilmir:
"Digər tərəfdən Taliban ABŞ banklarındakı Əfqanıstana aid olan 7 milyard dolları əldə edə bilmir. Vaşinqton bu maliyyəni ona görə vermir ki, Taliban güclənməsin. ABŞ-da hesab edirlər ki, bu maliyyədən Taliban başqa məqsədlər üçün istifadə edə bilər ki, bu Amerika üçün təhlükəsizlik problemləri yarada bilər. Misal üçün Talibanın bölgənin bir neçə radikal qruplaşmalarıyla ittifaqı mövcuddur. Həmin qruplaşmalar isə ABŞ-ı düşmən sayırlar.
Vaşinqton Talibana müxalif olan qruplaşmalar və siyasi qruplarla əlaqələrini kəsməyib. Doğrudur, həmin qruplar Talibanla mübarizədə gücsüzdürlər, ancaq gələcəkdə durumun onların xeyrinə dəyişəcəyi istisna deyil. Talibanın iqtisadi problemləri həll edə bilməməsi bu qruplaşmanın Əfqanıstandakı mövqelərini istər-istəməz zəiflədir.
Bu arada, Moskva və Pekin Talibanla təmaslarına ara vermir. Rusiyanın Talibandan əsas istəyi odur ki, bu qruplaşma Rusiyanı hədəf alan terrorçu qruplarla əməkdaşlıq etməsin və Mərkəzi Asiya ölkələrinə təhlükə yaratmasın. Moskva Rusiyanın Tacikistandakı hərbi bazasının təhlükəsizliyini düşünür. Rusiya Əfqanıstana müəyyən miqdarda humanitar yardım göndərir.
Talibanın bölgədəki əsas tərəfdaşı Çindir. Taliban Kabili ələ keçirmədən əvvəl də Çin rəsmiləri ilə sıx əlaqələri var idi. Pekinin Talibandan əsas istəyi Əfqanıstanda mövcud olan uyğurların silahlı qruplaşmalarıyla əməkdaşlıqdan imtina etməsi idi. Pekin Talibana böyük yatırımlar vəd etmişdi. Ancaq Çin Əfqanıstana yatırım qoymağa tələsmir. Bu məsələ uzanır. Çinin iqtisadi dəhlizi Pakistandan Əfqanıstana uzatması təklifi də reallaşmayıb. Pekin Əfqanıstanın mövcud olmayan infrastrukturun maliyyələşdirmək istəmir. Taliban Çinin “bir kəmər, bir yol” layihəsindən də kənarda qalıb. Taliban rəhbərliyi bu məsələylə bağlı dəfələrlə Pekinə müraciət ediblər, tranzit məqsədilə Əfqanıstan ərazisindən istifadə etməsini istəyirlər. Ancaq cavab yoxdur. Bundan başqa Moskva və Pekin Əfqanıstanın Şanxay Əməkdaşlı Təşkilatına üzvlüyünə də şərait yaratmırlar. Qərb dövlətləri Talibanın legitimliyini tanımadıqlarına görə Moskva və Pekin də ehtiyatlı mövqe tutublar.
Taliban güc yolu ilə hakimiyyətə gəldikdən sonra Azərbaycanın da obyektiv səbəblərdən Əfqanlstanla əlaqələri zəifləyib. Halbuki, rəsmi Bakı Talibandan əvvəlki Əfqanıstan hökumətləri ilə sıx əməkdaşlıq edirdi. Azərbaycan Əfqanıstana maliyyə yardımı edir, əfqan məmurların Bakıda kurslarda iştirakına şərait yaradırdı".
Xəyalə Məmmədova / Demedia.az