Yuxular sadəcə təsadüfdürmü? - Araşdırma



 20:32 01.12.2022     1021

Yuxular həyatımızın bir parçasıdı. Bəzən elə olur ki, gecə yuxuda gördüyümüzün təsiri  gün boyunca beynimizdən çıxmır.  

Hərdən də gördüyümüz yuxuları real hadisə kimi yaşayırıq. 

Bəs bu yuxuları görməyimizdə əsas məna nədir?  Yuxular sadəcə təsadüfdürmü? Bu suallara cavab axtarmaq üçün  elm adamları bir çox araşdırmalar aparıb. Məlum olub ki, yuxu gördüyümüz vaxt beynimiz işlək vəziyyətdə olur. Belə halda yuxuların fikir və düşüncələrimizdən təsirləndiyini də söyləmək olar. 

Lakin, yuxular hələ də sirr olaraq qalır. Alimlər heç bir araşdırmada mütləq nəticə əldə edə bilməyib. Əksər təcrübələr  sadəcə ehtimallar yaradıb. Buna görə də  yuxularla bağlı araşdırmalar həmişə diqqət mərkəzində olub. Bu gün yuxu ilə bağlı aparılan araşdırmaların, yazılan kitabların  sayı çoxdur. 

Yuxu ilə bağlı ən qeyri-adi hadisə Con Dann`ın adı ilə bağlıdır. Con bir təyyarə mühəndisidi. O, İngiltərənin ilk hərbi təyyarəsinin layihəsini hazırlayıb. Sonradan dediyinə görə, o, bütün bu layihənin hər bir detalını yuxusunda görüb. Yuxuda gördüklərini də həyata keçirib. 

Bu uğurlu işdən sonra Con Dann bütün dünya alimlərinə belə bir sual ünvanlayır: Sizcə, insanın gələcəyi görə bilmək qabiliyyəti varmı? 

O, bu sualına əsaslanaraq yuxu ilə bağlı yeni araşdırmalara başlayır. Məlum olur ki, yuxuda öz gələcəyini görən təkcə o, deyil. Bir çox adam onunla eyni taleyi yaşayıb.

Oksford universitetində aparılan bir araşdırmada  müəyyən edilib ki, gələcəklə bağlı yuxu görənlərin sayı keçmişlə bağlı yuxu görənlərin sayından daha çoxdu.  İstənilən bir insanın nə  vaxtsa gördüyü yuxu çin çıxıb. 

Con Dann öz təcrübələrində hər şeyi yalnız ilk sınaq kimi nəzərdə tutub. O, hər səhər yuxudan oyanan kimi yuxuda nə gördüyünü bir dəftərə yazıb. Sonra da bu dəftəri ətrafındakı insanlara göstərib. Beləcə, hamı onun nə gördüyündən xəbərdar olur.

Con Dann`ın iki yuxusunun çin çıxması dəftəri oxuyan hər bir kəsi təəccübləndirib. 

Bir dəfə Con yuxuda görür ki, bir dağın başında durub. Ətrafı dumandı. Qəfildən dağ partlayır və yanmağa başlayır.  Yuxunun davamında qəfildən özünü bir adada görür. Həmin adanın sakinlərinin  ölüm təhlükəsi ilə üz-üzə olduğunu anlayır. Onlara kömək edir.  Bu hadisəyə laqeyd qalan fransızlarla da dalaşır.  O, bu yuxunu Afrikada olarkən görür. Az keçmədən onlara qəzet gəlir. Qəzetdə  Martinigue vulkanının püskürməsi nəticəsində 40 minə yaxın adamın öldüyü yazılır.  Con Dann və ətrafındakılar çox təəccüblənir. Onun yuxusu çin çıxır. 

Con Dann`ın ikinci yuxusu özünə aid idi. O, yuxuda  dəmir qəfəsə salınan bir at görür. Realda at o qəfəsdən çıxa bilməzdi. Lakin, yuxuda at qəfəsi aşır. Con yuxudan ayılır və yenə gördüyünü dəftərə yazır. Üstündən bir gün keçir. Con qardaşıyla balıq tutmağa gedir. Çayın sahilində eynilə yuxusundakı kimi qəfəsə salınan bir at görür.  Con öz-özünə deyir: Hər şey yuxuda gördüyüm kimi olmaz yəqin. Elə bu an at qəfəsi aşıb düz onların üstünə gəlir. Qardaşı son anda Conu atın yolundan kənara çəkir. Sonradan Con etiraf edir ki, atdan çox onu yuxusunun bu qədər gerçək olması qorxudub. 
On doqquzuncu əsrdə fransız Marquis d`Hervey de Saint-Denys yuxu ilə bağlı araşdırma aparır. O, təcrübə zamanı yuxuda olan bir adama səs, dad və qoxu ilə təsir edir. Həmin adam oyandığında səs, dad və qoxu ilə bağlı yuxular gördüyünü söyləyir. Lakin, Saint-Denys də öz araşdırmalarından qəti bir nəticə əldə edə bilməyib. 
Beləcə, yuxular bu gün də öz sirliliyi ilə maraq dairəsindədir. 

Bahadur Seyidov / Demedia.az