Yəhudilər niyə uğur qazanır?
Ticarətdəki uğur formulalarını axtararkən qarşıma belə suallar çıxdı: Ən yaxşı bazarlığı kim bacarır?
Ən yaxşı alveri kim edir? Ticarətin qaydalarını kim müəyyənləşdirir? Sualların hamısının cavabı yəhudilərə gedib çıxdı. Bəs, necə olur ki, yəhudilər ticarətdə bu qədər fərasətlidir? Başladım bunu araşdırmağa...
Tapdıqlarımı sizin üçün müddəalar halında hazırladım. Ümid edirəm ki, bu videoya baxandan sonra ticarətdə siz də uğurlu olacaqsınız. Yəhudilər ticarəti professionallıqla edirlər. Onların həyatını, iş təcrübəsini müşahidə etmək özü uğur məktəbinin bir dərsidir. Beləliklə, yəhudilərin ticarətdəki uğurlarının sirri aşağıdakılardır:
Ticarətə başlama tərzi. Deyək ki, cibinizdə 1000 manat var. Bu pulun 900 manatıyla ticarətə başlayırsınızsa, yaxud cibinizdəki 1000 manatın hamısını ticarətə sərf edirsiniz, üstəlik, kiməsə borclu qalırsınızsa, bu, yanlış addımdır. Ağıllı tacir neyləyir? 1000 manatın yarısı-500 manat ilə ticarətə başlayır. 500 manatı isə ehtiyat vəsait kimi cibində saxlayır. Bəs, yəhudi tacir neynir? 1000 manatdan 300 manat götürür, bununla ticarətə başlayır. 300 manatı ehtiyat vəsait kimi saxlayır. 400 manatı isə tərpətmir. Bu, ən uğurlu başlanğıc modelidir. Bu modeli tətbiq eləsəniz, daha uyğun bir addım atmış olarsınız. Əgər mayanız risk altına düşərsə, əlinizdə qalacaq pul ondan 100 manat artıq olacaq. Beləcə, anlıq bir həyəcanla yanlış qərar verməkdən qurtulmuş olursunuz.
Təcrübənin ötürülməsi. Hər şey təcrübələrin paylaşılmasından asılıdır. Nəsildən-nəsilə ötürülən işlər daha təcrübəli şəkildə aparılır. Yəhudilərdə əksər işlər bu şəkildə davam edir. Tarixi vərəqləyəndə görmək olur ki, bir yəhudi əczaçıdırsa, onun atası, böyük ehtimalla, əczaçı olub. Hətta babasının əczaçı olma ehtimalı 90%-dir. Burda əsas mövzu mütəmadi olaraq, ötürülən təcrübədir. Bəzi tacirlərin həyatı haqqında araşdırma aparsanız bunu görəcəksiniz. Ötən əsrin ikinci yarısından etibarən isə bu ənənə dəyişməkdədir. Belə demək mümkünsə, ailəsinin işini davam etdirmək istəməyən bir nəsil yetişdi. Amma yəhudilər ata və babalarının işlərini davam etdirməyi avantaj hesab edirlər. Ticarətdə təcrübə pul ilə satın alınmayacaq qədər bahadır.
10 manat qazanmaq, amma 1 manatla yaşamaq. İndi yəqin fikirləşirsiniz: “Necə yəni? Qazandığımız özümüzü görmür, o ki qaldı qazandığımızın onda biri ilə yaşamaq...” Yox, sözümün canı var. 20 manat qazansanız 2 manatla yaşaya bilərsiniz. Yəni, özünüzə ayıracağınız xərcləri bu cür hesablayın... Əksər yəhudilər öz cibinə uyğun avtomobil modeli seçir. “Pulum var, kredit olsun, ən bahalı maşını alım.”- söhbəti onlarda yoxdur. Yəhudilərin sadə yaşam tərzi onların təvazökarlığından irəli gəlmir. Sadəcə, onlar həyata strateji yanaşırlar. Onlar özlərini gözə soxmamağa, büdcələrinin başqaları tərəfindən ölçülməməsinə çalışırlar. Büdcənin sirr olaraq qalması ticarətin əsas qanunlarından biridir... Qazandığınızın 50%-ni belə yaşam şərtlərinə xərcləməniz sizi ticarətdə uğura aparmaz... Yüksək miqdarlı xərcləmələr riskdir və ticarətiniz hər an həzin sonla nəticələnə bilər.
Ailədaxili təlim-tərbiyə. Bu, yəhudilərdə çox önəmlidir. Əslində, bir tacirin yetişdiyi mühit ailəsidir. Tacirlik hörmətli bir işdir. Bir ailə gələcəyin tacirini yetişdirmək üçün neyləməlidir? Buyurun, birlikdə baxaq görək, həmin uşağa nə lazımdır: a) dil öyrənmək-bacarıqlı tacir öz dilindən əlavə, ən azı, 2 dildə danışmalıdır; b) gözüaçıq olmaq-önünə gələn hər fürsəti dəqiqələr içərisində zehnində ölçüb-biçməyi, nəticələr çıxarmağı bacarmalıdır; c) ünsiyyətcil olmaq-insanlarla davranış qaydalarını mükəmməl dərəcədə bilməlidir; Ticarət məktəbdə, universitetdə öyrəniləcək bir peşə deyil. Sistemlərini, təməl prinsiplərini öyrənə bilərsiniz, müəyyən qayda-qanunlar haqda nəzəriyyə kitabları oxuya bilərsiniz, amma əsl tacirlik ailənin içindən başlayan və sınaqlarla öyrənilən peşədir.
Sərmayə. Sərmayə ticarətin nüvəsidir. Daşınmaz əmlak, yoxsa torpaq? Sərmayəni hara qoymaq lazımdır? Pul əmanət kassasına qoyulmalıdır, yoxsa dövriyyəyə buraxılmalıdır? Bu suallara hansı cavabı istəsəniz verin. Amma dəyişməz olan bir qayda var: tacir öz gəlirinin bir hissəsini daim sərmayə üçün ayırmalıdır. Çünki həyatınızın sonunadək işləmək şansınız yoxdur. Warren Buffett`in bir sözü var: “Yuxunuzda belə pul qazanmırsınızsa, deməli, doğru işi görmürsünüz.” Buna görə də, sərmayə çox önəmlidir. Yəhudi tacirlərdən öyrəndiyim bir dərsi sizinlə bölüşəcəyəm indi. Əgər pul qazanmaq istəyirsənsə, bir şeyi istehsal et və sat. Bir az daha çox pul qazanmaq istəyirsənsə, alver elə. Çox pul qazanmaq istəyirsənsə, bir şeyi əvvəlcə sat, sonra al. Bəli, bir çox yəhudinin varlı olmasının səbəbi budur. Bir məhsul üçün bazarı yaratmaq, onun satışını həyata keçirmək, sonradan almaq.
İş ortaqları. Yəhudi tacirləri iş gördüyü bütün insanların addım-addım irəliləməsini, yüksəlməsini istəyirlər. Çünki onlar bir şeyə inanır: əgər ətrafımdakı insanları irəli çəksəm, mən də onlarla birgə irəliləyərəm, arxam da möhkəm olar. Burdan çıxardığımız dərs nə oldu? Bəli, tamamilə doğrudur: sizə inanan, sizinlə bərabər iş görən insanları da irəli aparın ki, sağlam şəkildə öz ticarətinizi qura biləsiniz. Ticarət etibara əsaslanır. Amma bütün bazarlıqlar müqavilələr şəklində aparılmalıdır. Başqa sözlə, ticarəti kağız üstündə başlayın, kağız üstündə bitirin. Kağız üstündəki ticarəti ayaqüstü söhbətlərdə, quru vədlərdə uzatmayın. Bu, doğru deyil. Ticarəti kağıza etibar edin...
Təcrübə... Bir misal çəkim. “Starbucks” nə satır? –deyə soruşsam, hamı birağızdan deyəcək: Kofe! Yanlış cavabdı. Çünki bir fincan kofenin qiymətinə heç kim sizə kafedə oturmaq, internetdən istifadə etmək, dostunuzla söhbət etmək şansını verməz. “Starbucks”un qazanc əldə etməsi üçün, ən azı, 5 dəfə oraya getməyiniz lazımdır. Bəs, bu, necə baş verəcək? Təcrübə satılaraq... Bəli, məhsullar deyil, təcrübələr satılırsa satış uğurlu olacaq. Müasir insanlar hiss etdiklərinə pul ödəyirlər. Yəni, bir insan “Starbucks”da dostuyla gözəl zaman keçirməyinə, internetdən lazımi məlumatı ala bilməyinə pul ödəyir. Bu hisslər, bu məmnuniyyətlər üst-üstə yığılanda o, “Starbucks”a 5 nədi, 105 dəfə gəlir... Yəni, çalışın, insanlara təcrübə edə biləcəkləri nəsə satın. Məmnun qalacaqlarsa, siz qazanacaqsınız...
Bu dediklərimi ümumi olaraq düşünsəniz, uğur qazanacaqsınız... Hətta bu müddəalardan bəziləri artıq sizə tanış ola bilər. O zaman, uğura gecikməyin! Qeyd edim ki, bu videonu hazırlayarkən Jacques Attalı`nın “Yəhudilər, dünya və pul” adlı kitabından da bəhrələndim. O kitabı da tapıb oxuya bilərsiniz.
Ticarətdə nə edirsiniz edin, özünüzə qarşı həmişə dürüst olun. Bir də doğru qapıdan girin və o qapıdan girmədən, çıxacağınız qapını yerinə asın...
Bahadur Seyidov / Demedia.az