Bizim səbrimiz çoxdu, amma sonsuz deyil - Elçin Mirzəbəyli



 17:01 01.12.2022     571

Rusiya sülhməramlılarının ermənilərlə “işbirliyində” olduqları, missiyalarına qazanc mənbəyi kimi baxdıqları kimsəyə sirr deyil. “Sülhməramlı”ların bu mərəzi isə ta bineyi-qədimdən qalıb.

Demedia.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, xalqımız Rusiya hərbçilərinin və “çinovnik”lərinin bir xeyli hissəsinin rüşvət və eyş-işrət sevdasına yaxşı bələddir:

"Uzaq tarixdə, yəni çar Rusiyası dönəmində bunu pristavların və irili-xırdalı məmurların, Sovet dövründə, xüsusilə də şər imperiyasının süqutu ərəfəsində Arkadi Volskilərin timsalında sınaqdan keçirib. İndi də Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkovun və tör-töküntülərinin əməllərində müşahidə etməkdədir.

Əslində general-mayor Volkov sülhməramlıların komandanı təyin ediləndə dalağım sancmışdı. Məsələ burasındadır ki, Andrey Volkov Suriyada, Türkiyə ilə həmsərhəd Afrin bölgəsində dislokasiya olunan hərbi kontingentə rəhbərlik edib. Yəni vəzifəsi PKK və YPG terrorçularını himayə etməkdən, Türkiyəyə qarşı təxribatlar törətməkdən, silah satmaqdan ibarət olub. İstisna etmirəm ki, Volkov Suriyadakı missiyasını, müəyyən korrektələr etməklə bu gün də Azərbaycan torpaqlarında davam etdirir. Biznesmen-emissar Ruben Vardanyanın sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərinə “atılması”ndan sonra isə Volkovun iştahı daha da açılıb və görünür geriyə sələflərindən daha çox “qənimətlə” qayıtmaq həvəsi onu bir xeyli “cəsarətləndirib”.

Azərbaycan Müdafiə Nazirliyi son günlər bir neçə dəfə toponimlərimizin erməniləşdirilməsi ilə bağlı etirazını dilə gətirib, lakin nə Volkovun “pulyuyan Ruben”lə birgə açdığı “piştaxta”sından, nə də Rusiyanın müvafiq dövlət qurumlarından səs, səda çıxmayıb. Sanki “qurbağa gölünə daş atıblar”.

Azərbaycan xalqının öz toponimlərinə kifayət qədər həssas yanaşdığını Rusiyada kifayət qədər yaxşı bilirlər. Andrey Volkov da bilməmiş deyil, şübhəsiz. O zaman bir neçə dəfə təkrarlanan irada və bütövlükdə Azərbaycan xalqının etirazına münasibətdə nümayiş etdirilən etinasızlığın, sonsuz sükutun səbəbi nədir? Səbrimizi sınağa çəkmək istəyirlər? Yaxud gözləyirlər ki, günün birində qapını-bacanı qapadaq və Andreylə Rubeni gəldikləri yerə “göndərək”?!

Bizim səbrimiz çoxdu, amma sonsuz deyil. Hətta qarşılamadıqlarımızı da yola salmağı bacarırıq...".

Xəyalə Məmmədova / Demedia.az