Orqanizmi tox saxlayan QİDALAR - Araşdırma



 20:31 05.12.2022     2171

İmmunitetinizin möhkəmliyini qorumaq istəyirsinizsə, sizi tox saxlayacaq və orqanizminizi ehtiyacı olan vitamin və minerallarla təmin edəcək qidalara üstünlük verin. Qardaş Türkiyədə Qidalanma və Pəhriz Mütəxəssisi olan Damla Tatan tox saxlayan qidaların siyahısını hazırlayıb.

Sizi bu siyahı ilə tanış edirik: 

Lor pendiri. Öncə, qeyd edək ki, təzə, yumşaq, duzsuz pendirə lor pendir deyilir. Bu pendir, həmçinin, protein mənbəyidir. Duzsuz olması isə imsakla iftar arasındakı uzun saatlar boyunca susuzluq çəkməyinizə səbəb olmayacaq. Lor pendiri imsakda şirin çayın yanında, yaxud digər qəlyanaltılarla bərabər yeyə bilərsiniz. İftar süfrəsində isə lor pendir qatılmış tərəvəz salatları sizin özünüzü tox hiss etməyinizə və orqanizmin lazımi maddələrlə təmin olunmağına zəmanət verəcək. 
Yulaf əzməsi. Yulaf əzməsinin tərkibində lif miqdarı yüksəkdir. Liflərin orqanizm tərəfindən mənimsənilməsi prosesi uzun çəkir. Beləcə, bu müddət ərzində  insan toxluq hiss edir. Yulaf əzməsi, həmçinin, beta-glukan qaynağıdır.  Beta-glukanın qanda şəkərin miqdarını nizamladığı, eyni zamanda, immuniteti möhkəmləndirdiyi də  elmi cəhətdən sübut olunub. Mütəxəssislər əmindir ki, beta-glukan yorğunluq, stress, mövsümi xəstəliklər, soyuqdəymə, qrip, üst tənəffüs yolları infeksiyaları və bəzi allergik xstəliklərin müalicəsində effektivdir. 
Yumurta. “Tox tutan qidalar” deyərkən ilk ağlagələn yumurtadır. Çünki yumurta ən keyfiyyətli protein qaynağıdır. İmsakda soyutma bişmiş yumurta, yaxud qayğanaq yemək sizi tox tutacaq. 
Proteinlə zəngin qidalar.  İç yağından ayrılmış qırmızı ət, ağ ət, süd, qatıq, yumurta və pendirin tərkibində yüksək miqdarda protein var. Əmin olun ki, imsakda bunlardan yesəniz, iftaradək  özünüzü tox hiss edəcəksiniz. 
 Paxlalılar. Dən lobya, noxud, mərcimək kimi paxlalılar da liflə zəngindir. Bundan əlavə, paxlalılarda bitki mənşəli protein də mövcuddur. Ramazanda “Şeşəmodu”, “Lobya küküsü”, “Lappa”, “Məysənə”, “Noxudlu plov”, “Piti” kimi paxlalılarla zəngin yeməklərə üstünlük vermək sağlamlığınızı qorumaqla yanaşı, tox hiss etməyinizə də səbəb olacaq. 
Tərəvəzlər. Xüsusilə, tərəvəz salatları yüksək miqdarda kalori qəbul etmədən doymağınıza və susuzluq çəkməməyinizə kömək olacaq.  Tərəvəzlərin liflə zəngin olması isə toxluq yaradacaq. Mövsüm tərəvəzlərindən əlavə, brokoli və Brüssel kələmi də yaxşı seçim ola bilər. 
Çərəzlər. Badam ləpəsi, qoz ləpəsi, fındıq ləpəsi, kişmiş, qovurğa kimi çərəzlər yağ və lif mənbəyidir. İmsakda, yaxud iftardan imsaka qədər keçən vaxt ərzində yediyiniz çərəzlər sizi tox tutacaq. Xatırladım ki, susuzluq çəkməyəsiniz deyə,  mütəxəssislər Ramazan ayı boyunca  bu çərəzlərə duz qatmamağı və hər öynədə bir ovucdan artıq yeməməyi tövsiyə edir.  Çünki bol-bol yeyilən çərəzlər qaraciyəri yağlandırır. 
Avokado. Doymamış yağlar və kaliumla zəngin olan avokadonu tək yeyə bilmirsinizsə, müxtəlif salatlara qata bilərsiniz. 
Glisemik indeksi aşağı olan qidalar. Əvvəlcə, “glisemik indeks”in nə olduğuna baxaq. 1980-1981-ci illər ərzində Dr. David J. Jenkins və məsləkdaşları Toronto Universitetində bir araşdırma apardılar. Bu araşdırma diabet xəstələri üçün uyğun qidaları müəyyən etmək məqsədi daşıyırdı. Araşdırmanın sonunda karbohidratların qandakı qlükoza səviyyəsinə təsirini müəyyən edən bir sistem hazırlandı və beləcə, “glisemik indeks” qavramı meydana çıxdı. Yəni, bir qidanın glisemik indeksinin aşağı olması onun həzm olunma müddətinin daha uzun olduğu anlamına gəlir. Tez həzm olunan qidalar qanda şəkərin miqdarının qəfildən artıb-azalmasına səbəb olur. Qanda şəkərin düşməsi isə aclıq hissi yaradır. Buna görə də, Ramazanda glisemik indeksi aşağı olan qidaların qəbul edilməsi tövsiyə olunur. Ağ undan hazırlanmış çörəklər, şirniyyatlar, kartof, düyü, yaşıl noxud, yerkökü, xəmir yeməkləri glisemik indeksi ən yüksək qidalardır. Xüsusilə, imsakda bunlardan bol-bol yesəniz, gün ərzində bitməyən aclıq hiss edəcəksiniz.  Dənli bitkilər və paxlalılar, həmçinin, süd məmulatları glisemik indeksi aşağı olan qidalar siyahısında ən əlçatanıdır. Yaxşı olar ki, Ramazanda, xüsusilə, imsakda bu cür qidalar qəbul edəsiniz. 
Süd, qatıq, kefir... Proteinlə yanaşı, kalsium və D vitamini qaynağı olan bu ağartı məhsulları da uzun müddət tox saxlayır. İmsakda bir stəkan süd, yaxud kefir içməyi, iftarda isə bir kasa qatıq yeməyi yadda çıxarmamağa çalışın. 

Bahadur Seyidov / Demedia.az