Dizayn nədir? - Araşdırma
Dizaynerlik son illər sürətlə populyarlaşan məsləklərdən biridir. Və insanlar dizaynerliyin gəlirli işlərdən biri olduğu qənaətindədirlər.
Bəs, dizayn nədir?
Dizayn bir planın, ya da nəsnənin həyata keçməsi/reallaşması müddəti boyunca qrafist, memar və mühəndisin layihələr hazırlamasıdır. Ümumiyyətlə, “dizayn” kəlməsi fərqli izahlarla təqdim oluna bilər.
-Qavram və məna arasındakı bağlayıcı vasitə kimi;
-Məlumat əldə etmə mərhələsi kimi;
-Yaradıcılıq müddətində üzə çıxan eskiz və planların toplamı kimi;
-Zehində “inşa edilən” hər hansı nəsnə/obyekt kimi;
-Kompüter texnologiyası sahəsində yeni bir məhsulun təqdimatı/yaradılması üçün istifadə edilə bilən məlumatların estetikası və istifadəsinin uyğunluğu kimi;
Bu gün sizə məhz sonuncu izah haqqında geniş məlumat vermək istəyirəm. Daha dəqiq desəm, Uİ və UX dizayn barədə danışacağam. Nədir Uİ və UX dizayn?
Öncə hər iki terminin açılımına baxaq: Uİ- User Interface, yəni, istifadəçi interfeysi, UX- User Experience, yəni, istifadəçi təcrübəsi. Sadə dillə izah eləməyə çalışacağam.
UX-istifadəçi təcrübəsi istifadəçinin proqram vasitəsilə nələrə nail olacağına, onun dizayndan necə faydalanacağına əsaslanır. Burda sadəlik və asan yol təklif etmə də nəzərə alnır. Məsələn; internetdə hər hansı bir videoya baxmaq istəyirik. İndiyədək bildiyimiz, tanıdığımız cəmi 3 düyməni/işarəni basmaqla biz istəyimizə nail oluruq. Əgər izlədiyimiz addımların sayı çox olsa,bu, bizim vaxt itirməyimizə, hətta sona çatmağa bir neçə addım qalmış fikrimizdən daşınmağımıza səbəb olar. Buna görə də, UX dizaynın istifadəçi təcrübəsinə uyğun olması vacibdir.
Bununla yanaşı, əminliklə deyə bilərəm ki, UX dizayn konkret olaraq “nəyisə dizayn etmək” anlamına gəlmir. UX dizaynerlər daha çox saytın istifadəçi təcrübəsini yaxşılaşdırmaq, saytdan istifadənin həcmini artırmaq üçün dizayn elementlərini istifadə edirlər.
Uİ-istifadəçi interfeysi termini onlayn platformada görəbildiyimiz hər şeyi ehtiva edir.
Bəzən UX və Uİ anlayışlarını ya birlikdə, ya da ayrı-ayrı təqdim edirlər. Əslində isə, bunlar iç-içə keçmiş sahələrdir. Çünki Uİ UX-ə önəmli dərəcədə təsir edir, və ya əksinə. İnterfeys dizaynında nəyinsə yaxşılığa doğru dəyişməsi, inkişaf etməsi istifadəçi təcrübəsinin analizini aparmağa stimul verir.
Bayaqkı misala qayıdaq. İnternetdən baxdığımız video üçün bizə lazım olan 3 düymənin/işarətin estetik zövqümüzə xitab etməsi də gərəklidir. Bir də, beynimizin vərdiş etdiyi üslublar var. Məsələn; videonu işə salmaq üçün istifadə etdiyimiz düymənin dairənin içindəki üçbucaq olduğuna artıq vərdiş etmişik. Sayta girən kimi, avtomatik olaraq gözümüz məhz o işarəni axtarır. Əgər UX dizayner həmin işarəni dəyişsə/əvəzləsə bu, artıq mənfi istifadəçi təcrübəsidir. Dairənin içindəki üçbucağın, dilimizin alışqanlığı ilə desəm, “play” düyməsinin açıq, sakitləşdirici rənglərdə olması da vacibdir; bu rənglərə qarşı beynimiz həmişə müsbət reaksiya verir. Qırmızı və qara rəngləri isə videonun bitməsi, yaxud baxmazdan əvvəl iki dəfə düşünmək lazım olduğu kimi qəbul edirik.
Deməli, Uİ olmasa UX, eləcə də, UX olmasa Uİ inkişaf edə bilməz.
Sonda isə bir daha vurğulamaq istəyirəm ki, UX və Uİ dizayn haqqında yetəri qədər məlumatlı olmadan kompüter texnologiyası dizaynerliyi haqqında fikirləşməyə tələsməyin.
Bahadur Seyidov / Demedia.az