Müasir aviasiyanın öncülləri Wright qardaşları kimdir?



 22:32 05.12.2022     1244

1867-ci ildə dünyaya gələn Wilbur Wright və 1871-ci ildə dünyaya gələn Orville Wright  dünyada ilk mühərrikli təyyarəni hazırlayan məhşur qardaşlardır...  Onlar, əvvəllər, velosiped təmirçisi idilər. 1899-cu ildə onlar quşların necə uçduğunu sistemli şəkildə  incələməyə başladılar.  Qısa zamanda fərqinə vardılar ki, qədim insanların təcrübələri və əllərində olan kitablar ideyalarını həyata keçirmək üçün yetərli deyil. 

Berlin yaxınlığındakı bir təpədən planerlə uçuşu sınayan, sınaqlarını qeydlər şəklində yazan alman mühəndis Otto  Lilienthal`ın işləri qardaşların marağını çəkir. Lilienthal Wright qardaşlara göstərdi ki, təyyarə havayla təmas edən sabit qanada malik olmalıdır. Wilbur və Orville maraq sahələrinə uyğun heç bir elmi biliyə yiyələnməmişdilər. Təhsilləri lisey səviyyəsində idi. Lakin uçmaq ideyaları ilə bağlı işlərini irəlilədərkən o qədər ətraflı məlumat topladılar ki, sonunda aviasiya  ilə bağlı elmi kitab yazacaq dərəcəyə çatdılar.

17 dekabr 1903-cü ildə Şimali Karolinada Orvillenin nəzarətiylə havaya qalxan ilk təyyarəni Wright qardaşları aerodinamik səs nəzəriyyəsinə əsasən istehsal etmişdilər. Təyyarənin iki pərvanəsi vardı və pilotla birlikdə 335 kq ağırlığındaydı. İlk sınaqda Orville 12 saniyə uçmuşdu. Bu qısa zaman kəsiyində o, 37 metr məsafəni qət etmişdi.  Onun uçuşuna cəmi 5 nəfər şahid olmuşdu. İkinci sınaqda Orville 59 saniyəyə 265 metr uzaqlığa çatmışdı. Bundan sonra Wright qardaşlar təyyarələrini daha da təkmilləşdirdilər. 

1904-cü ildə təyyarəni havada döndərə bildilər və uçuşa başladıqları nöqtədə yerə endilər.   Qanadları hazırlayarkən istənilən hava şəraitini nəzərə almağın vacibliyini dərk edən qardaşlar yenə quşları müşahidə etməyə başladılar. Sərt havalarda quşların uçuş trayektoriyasını qorumaq üçün qanadlarının ucunu  bükdüyünü gördülər. Planerin qanadlarının ucunu bir mexanizmin köməyilə əydilər. Bu, həqiqətən də, işə yaradı. 

Bundan sonra Wright qardaşlar qanadın üstündə uzanmağa məcbur olan pilotun oturmağını təmin edəcək detal haqqında düşünməyə başladılar. İşə girişdilər; pilotun oturacağını və eniş ləvazimatlarını hazırladılar. Beləcə, müasir aviasiyanın təməlləri Amerikada Wright qardaşları tərəfindən atıldı. 

Wilbur Wright 1912-ci ildə, Orville Wright isə 1948-ci ildə vəfat edib. 

Bahadur Seyidov / Demedia.az