Naxçıvan Ali Məclisinin adı dəyişdirilməlidir - Elçin Mirzəbəyli



 16:04 05.12.2022     573

Naxçıvan MR Ali Məclisinin adındakı “ali” sözü sözügedən orqanın real hüquqi statusundan yüksəkdir və muxtar respublikanın parlamenti, sadəcə “Məclis” adlandırılmalıdır.

Demedia.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin noyabr ayının 17-dək Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Naxçıvan MSSR) Ali Soveti adlanıb:

"Həmin dövrdə Azərbaycan SSR-in və onun ayrılmaz bir parçası olan Naxçıvan MSSR-in ərazisinə daxil olan bütün subyektlərdə xalq deputatları sovetləri fəaliyyət göstərirdi və və təbii ki, yerli sovetlər olduğu üçün daha yüksək statuslu orqanın – Ali Sovetin olması da labüd idi. Naxcıvan MSSR-nın adından “Sovet Sosialist” sözləri çıxarıldıqdan, Ali Sovetin adındakı “Sovet” sözü “Məclis”lə əvəz edildikdən bir müddət sonra da yerli ərazi subyektlərində xalq deputatları sovetləri fəaliyyət göstərdiyindən, həmin dövrdə də “ali” sözünün qalmasını başa düşmək olar. Amma indi Naxçıvanda nə “xalq deputatları sovetləri” var, nə də yerli “məclis”lər. Əgər yerlərdə məclislər yoxdursa, təbii ki, olmayan məclislərin “Ali”si də ola bilməz. Digər tərəfdən, məlum olduğu kimi, Azərbaycan Respublikasının ali qanunvericilik orqanı Milli Məclis adlanır. Belə olduğu təqdirdə, Azərbaycanın inzibati ərazi subyektlərindən birinin qanunverici orqanı “Ali Məclis” adlana bilməz. Çünki “Ali” daha yüksək deməkdir.

Qənaətimə görə, əgər gələcəkdə bu istiqamətdə islahatların həyata keçirilməsi nəzərdə tutulubsa, o zaman Naxçıvan MR Ali Məclisinin adından “Ali” sözünün çıxarılması daha doğru, daha məntiqli olar".

Xəyalə Məmmədova / Demedia.az