Neft-qaz bazarında yeni oyun... - İqtisadçı açıqladı



 18:00 05.12.2022     539

Qərbin bəzi “kommunist” çevrələri lap ağını çıxardıblar, özlərini “liberal” kimi təqdim edirlər, amma liberalizmin qəbrini qazmaqla, bütün prinsiplərini, dəyərlərini yerlə-bir etməklə məşğuldurlar.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, indi də Rusiyanın vəhşiliyini, işğalçı siyasətini bəhanə edib neft-qaza qiymət qoymağa çalışırlar, təhlükəli presedent yaradırlar.:

"Bu gün Rusiyaya, neft-qaz bazarına tədbiq edilən qiymət məhdudiyyəti, dövlətlərin bazara kobud müdaxiləsi sabah başqa ölkələrə, başqa növ mal və xidmətlərə də şamil edilə bilər – bu isə əsl “kommunist” yanaşması, dövlətin iqtisadiyyata axmaqcasına müdaxiləsidir.

“Nyu-kummunist liberallar” tək iqtisadiyyata müdaxilə ilə qalmırlar azadlıqları, söz-mətbuat azadlıqlarını da boğmağa cəhd edirlər – sosial şəbəkələrə müdaxilə edirlər, saytları bloklayırlar, əsl elə Rusiya kimi avtoritar yanaşma ilə davranaraq bunu “liberalizm” kimi qələmə verirlər (bunu 2020-21-ci illərdə “pandemiya” dövründə açıq şəkildə gördük).

İndi də Elon Musku, onun sahibi olduğu “Twitter”-i hədəf alıblar – AB daxili bazar üzrə komissarı (yeri gəlmişkən, vəzifələrin adını “komissar” qoymaqla da kommunistlərə çox bənzəyirlər) Terri Breton AB ərazisində bu sosial şəbəkənin bloklana biləcəyini bəyan edib, müxtəlif mənasız səbəblər səsləndirib, amma əsl səbəb odur ki, Musk “Twitter”-də söz azadlığını genişləndirməyi düşünür, hətta 2020-ci il ABŞ-da prezident seçkilərində baş verən pozuntularla bağlı sensasion sənədlər dərc edib – həmən AB ona qarşı hərəkətə keçməklə bağlı bəyanat səsləndirib.

Bizim Qərbə olan inam və güvənimiz onaların dəyərlərinə, seçki, söz, toplaşmaq və başqa azadlıqların qorunmasını dəyər kimi qəbul etməyimizə görədir. Ümumbəşəri dəyərlər olan azadlıqların qorunması missiyasını məhz Qərb öz üzərinə götürmüşdü, indiki siyasi elitanın böyük bir hissəsi isə əsl “kommunist” yanaşma ilə azadlıqları məhdudlaşdırmağa, iqtisadiyyata kobudcasına müdaxilələrə cəhd etməklə bizim kimi avtoritar rejimlərə qol-qanad verir, onların daha da sərtləşməsi üçün şərait yaradırlar...".

Xəyalə Məmmədova / Demedia.az