Mandarinin zərərləri və əks təsirləri - Araşdırma



 20:32 06.12.2022     2287

Mandarinin vətəni Çin və Vyetnam sayılır. Avropa bu sitrus meyvəsi ilə XIX əsrdə  tanış olub.  

Narıncı qabığı, bəzən turşməzə, bəzən də turş dadı ilə sevilən mandarinin Çin xalqının tarixində  xüsusi yeri var. İndinin özündə belə, yeni il ərəfəsində çinlilər maraqlı bir ritualı yerinə yetirirlər. Gələn qonaq ev sahibinə 2 mandarin verir. Gedəndə isə ev sahibi ona fərqli ölçüdə 2 mandarin verərək yola salır. Yeni il masasının bəzəyində mandarinin mütləqliyi bizə SSRİ dövründən miras qalıb.  Amma mandarin sevənlərin çoxu unudur ki, meyvə əks təsir göstərə bilər. 

Buna görə də, mən videoya mandarinin əks təsirləri ilə başlamaq qərarındayam. Xəstəliklərin profilaktikasında mandarinin önəmi və onun orqanizmə verdiyi zərərlər haqqında isə videonun davamında öyrənəcəksiniz. 

Dilimizdə adı naringi olan mandarin daha çox bəzi xəstəliklərin mövcudluğunda əks təsirə malik olur. 
-qastrit;
-mədə xorası; 
-kolit;
-enterit;
-xolesistit;
-pankreatit;
-öd kisəsində problemlər olanda ( bu zaman mandarindəki turşuluq öd suyunun ifrazında müəyyən narahatlıqlara səbəb olur);
-kəskin hepatit;
-nefrit; 
-böyrək xəstəlikləri;
-diş minası problemləri;

Mandarinin orqanizmə heç bir ziyan vurmaması üçün hansı növ meyvədən və hansı üsulla yemək lazım olduğunu bilməliyik.  Yetkin insanlara gün ərzində ölçüsündən asılı olaraq, 5-7  meyvə  yemək olar. 7 yaşdan yuxarı uşaqlar, uzağı, 3 mandarin yeyə bilər. Dietoloqlar tövsiyə edir ki, meyvəni səhər yeməyindən sonra, yaxud gün içində yemək yaxşıdır. Əsas odur ki, acqarına yeyilməsin. 

Xəstəliklərin profilaktikasında mandarindən istifadə

Mandarin vitaminlərlə, liflərlə, minerallarla və orqanizmə faydalı olacaq digər birləşmələrlə zəngindir. Nizamlı və ölçülü şəkildə mandarin yemək insan sağlamlığına müsbət təsir edir. Silisium, kobalt və molibden  daxili orqanlarda gedən prosesləri dəstəkləyir. Sarı piqment olan lutein digər lutein tərkibli qidalar ilə birgə görmə qabiliyyətinin bərpasına kömək edir. Liflər həzm sistemində əvəzsizdir.  Mandarindəki liflər həzm prosesində qidaların daha sürətlə mənimsənilməsi üçün lazım olan həzm suyunun istehsalı üçün vacibdir.  Bu kimi xüsusiyyətlərinə görə, hələ qədimdən mandarin xalq təbabətində özünə yer tuta bilib.  Özü də, təkcə meyvəsi ilə deyil, yarpağı, qabığı  ilə də...

Mədə-bağrsaq traktatında problem olanda. 3-4 mandarin yarpağını yuyun, 300 ml təmiz suya əlavə edin. 15 dəqiqə vam odda qaynadın. Sonra soyumasını gözləyin və hər dəfə 100 ml olmaqla, gün ərzində 3 dəfə için. Prosedur mədə-bağırsaqdakı diskomfort hissi keçənədək davam etməlidir.

Bronxit zamanı. Qurudulmuş mandarin qabığını üyüdün. 2 xörək qaşığı üyüdülmüş mandarin qabığını 1,5 stəkan suya tökün və 15 dəqiqə vam odda qaynadın. Sonra ocaqdan götürün, ağzını bağlayın, 2 saat gözlədin.  Cuna ilə süzün. Alınan məhlulu isti halda, gündə 2-3 dəfə, hər dəfə də yarım stəkan olmaqla yeməkdən 30 dəq əvvəl için. 

Bronxlardakı bəlğəm zamanı.  Quru qabıqları üyüdün. 3 xörək qaşığı üyüdülmüş qabığı 250 ml keyfiyyətli arağa qatın. Ağzını bağlayın və qaranlıq, sərin yerdə 1 həftə saxlayın. Hazır məhluldan 20 damcı  az miqdarda suya qatın, yeməkdən 15-20 dəq əvvəl olmaqla, gün ərzində 2- 3 dəfə qəbul edin. Əgər araq qəbul edə bilmirsinizsə, ikinci reseptdən faydalana bilərsiniz. 1 xörək qaşığı üyüdülmüş mandarin qabığını 250 qr isti suya qatın. Bu zaman gündə 1 stəkan hazır məhluldan içməlisiniz. 

Öskürək zamanı.  Quru və ya bəlğəmli öskürək zamanı 2 xörək qaşığı üyüdülmüş mandarin qabığını 1 stəkan arağa qatın. Ağzını bağlayın və qaranlıq yerdə 1 həftə saxlayın. Sonra cuna ilə süzün. 20 damcı məhlulu, təxminən, 50 qr suya qatın, gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin. 

Soyuqdəymə zamanı. Soyuqdəymə nəticəsində yaranan qrip, güclü öskürək varsa, inqalyasiya eləmək məsləhətdir. Bunun üçün də  üyüdülmüş mandarin qabığı lazımdır. Qabığı qaynar, buğlanan suya əlavə edin və başınızı örtərək bu suyun buğunda nəfəs almağa çalışın. Prosedurdan sonra 2 saat soyuq havaya çıxmaq qadağandır. 

Xroniki yorğunluq və stress zamanı. Sakitləşdirici vasitəni hazırlamaq üçün  üyüdülmüş mandarin qabığını 7-10 sm ölçüsü olan kiçik kağız torbaya qoyun, azca isladın. Bu torbanı iri polietilen torbaya qoyun, başınızı polietilenin içinə salın və 10-15 dəq məhz mandarin qabığının aromatı ilə nəfəs alın. 

Yuxusuzluq və hipertoniya zamanı. Ürəyin tez-tez döyünməsi, yuxusuzluq, yüksək təzyiq kimi hallarda 1 st üyüdülmüş mandarin qabığını 3 l qaynar suya əlavə edin.  Qarışdırın, vam odun üzərində qaynayanadək saxlayın. Ağzını bağlayıb 1 saat gözlədin.  Sonra cuna ilə süzün. Ayaqlarınızı bu su ilə vanna edin. Yatmazdan əvvəl bunu etsəniz, yuxuya getməyiniz heç 15 dəq çəkməyəcək. Proseduru günaşırı təkrarlayın. 
Helmintoz zamanı. Xatırladım ki, helmintoz qurd xəstəliyidir. Antiparazit vasitələrdən biri də mandarin şirəsidir. Yeməkdən 30 dəq əvvəl, gündə 3 dəfə  təzə sıxılmış mandarin şirəsindən 1 stəkan içməklə parazitlərdən yaxa qrtarmaq mümkündür. Qeyd edim ki, prosedur 3 gün davam etməlidir. Mütəxəssislər tövsiyə edir ki, bu ərəfədə yatmazdan qabaq sakitləşdirici içilsə, daha yaxşı olar. 

Mandarinin zərərləri və əks təsirləri. 

Orqanizmə faydalılığının yüksək olması və zəngin tərkibinə baxmayaraq, bütün sitrus meyvələri kimi mandarin də insan sağlamlığına zərər vura bilir. Digər həmcinslərinə nisbətən mandarinin tərkibində fruktoza və qlükoza daha çoxdur. Yəni, artıq yeyilən mandarin qanda şəkərin səviyyəsini yüksəldir.  Köklükdən və şəkərli diabetdən əziyyət çəkənlərin gündə 1, uzağı, 2 mandarin yeməsi  haqqında dietoloqlar hər il mühazirə oxuyurlar. 

Allergiklər də mandarinlə ehtiyatlı olmalıdırlar. Yoxsa, bu narıncı meyvə xroniki mədə-bağırsaq xəstəliyindən tutmuş, uzunmüddətli öskürəyə, dəridə səpkilərə qədər müxtəlif cür problemlər yaradar. Öd suyunda və mədə şirəsində turşuluğu  artırmaq qabiliyyəti olan meyvəni acqarına yemək qəti qadağandır. 

Bəzən allergiyalar gözlə görülməyə bilir. Xroniki baş verən allergiyaların qaynağı meyvənin tərkibindəki limon turşusu, C vitamini və şəkərdir.  Üstü açılmayan və qarşısı alınmayan xroniki allergiya sonradan mədənin sıradan çıxmasına,  həzm prosesinin pozulmasına gətirib çıxarır. 

Tünd mandarin şirəsi dişlərin emalını aşındırır. Buna görə də, yaxşı olar ki, meyvə şirəsini içki boruları vasitəsilə içəsiniz. 

Öd kisəsində və böyrəyində problem olanlara da mandarin yemək, yaxud şirəsini içmək məsləhət deyil. Xüsusilə, böyrəkdə və ya öd kisəsində daş varsa, daşı yerindən tərpədir və kəskin ağrılara səbəb olur. 

Hiperhəssas dəriyə malik olanlarda mandarin fototoksik reaksiya yaradır.  Əgər ultrabənövşəyi şüaların müşayiəti altında dəriyə mandarin şirəsi sıçrayırsa, həmin nahiyədə çox tezliklə hüceyrə ölümü başlayır.  Mütəxəssislər mandarini yeyərkən, şirəsini içərkən kölgədə olmağı tövsiyə edir. 

Mandarindən  hazırlanan məhlulların tərkibi naringin adlı flavanoidlə zəngin olur. Bu maddə bəzi fermentlərin qaraciyərdə emal edilməsinə maneələr yaradır.   Bu səbəbdən də, hər hansı bir dərman içirsinizsə, yaxud  tibbi müalicənin ortasındasınızsa, mandarindən hazırlanan məhlullar istifadə etmək olmaz. 

1 yaşdan aşağı körpələrə mandarin vermək qəti qadağandır. Ümumiyyətlə, 3 yaşadək uşaqlara sitrus meyvəsi yedirməzdən əvvəl həkimlə məsləhətləşmək yaxşı olar. 

Bahadur Seyidov / Demedia.az