Araz üzərində TÜRK KÖRPÜSÜ - İrana növbəti mesaj



 12:13 07.12.2022     625

Türkiyə və Azərbaycan birgə hərbi təlimlərə start verib. Bakı şəhərini, Astara, Cəbrayıl və İmişli rayonlarını əhatə edən təlimlərdə iki mühüm detal var: Birincisi, təlimlərin coğrafiyasıdır: Azərbaycan və Türkiyə ordusu İranla sərhəddə (Astara və Cəbrayıl) döyüş məşqi edir. İkincisi, təlimin ssenarisidir: iki ölkənin vahid ordusu çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edir.

Demedia.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, iki qardaş Araz üzərindən körpü salmaqla Bakını təhdid edən İrana adekvat cavab verdi:

"Mümkün hərbi ssenarilərdə mollaların qarşısına vahid ordu çıxacaq.

Burada Bakının İrana cavab ardıcıllığı da diqqət çəkir:

- Xüsusi Təyinatlı Qüvvələr İranla sərhəddə gecə əməliyyatı keçirdilər;

- Əliyev “türk ordusu buradadır, sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar” sözləri ilə İran rejiminə “qarşınızda türk birliyi var” mesajını verdi;

- Bakı və Ankara Araz çayı üzərində körpü ssenarisi ilə “o taya keçməyin” çətin olmadığını nümayiş etdirdi;

Bu təlimlər həm də Araz üzərində “türk körpüsü”nün salınması mesajıdır".

Xəyalə Məmmədova / Demedia.az