Yulaf suyu necə hazırlanır? - Faydaları və zərərləri



 21:41 08.12.2022     1654

Yulaf elə bir qidadır ki, onu hər kəs rasionuna daxil etməlidir.  Yulaf süfrələrə ən çox sıyıq halında gəlir. Yulafın faydaları çoxdur. Ən əsası isə 3-dür: 

Mədə-bağırsağın işini yaxşılaşdırır;
Maddələr mübadiləsini sürətləndirir;
Dərini sağlam və təmiz edir; 

İndi sizə desəm ki, yulafın faydasını görmək üçün  sıyıqdan daha yaxşı üsul var, inanarsınız? Tamam, bu sirri açıram. Yulaf suyu! O, yulafdan hazırlanan digər yeməklərə nisbətən orqanizm tərəfindən daha sürətlə mənimsənilir. Üstəgəl, onun hazırlanmasında heç bir termik emaldan söhbət gedə bilməz. Yulaf suyunda yulafın tərkibindəki bütün mikroelementlər və vitaminlər olduğu kimi qorunub saxlanılır. 

Yulaf  hələ qədimdən həm qida, həm kosmetoloji vasitə, həm də tibbi preparat kimi istifadə edilib. Zəngin tərkibi sayəsində bir çox xəstəliklərin müalicəsinə kömək edir, daxili orqanların işinin normallaşmasını dəstəkləyir. Yulaf suyunda A, E vitamini və nikotin turşusu var.  A və E vitaminlərinin antioksidant funksiyasına malik olduğunu artıq bilirik. Hər ikisi dərinin gəncliyini və gözəlliyini qoruyur. Nikotin turşusu isə saçların və dırnaqların sağlamlığı üçün vacibdir. Yulaf suyunun faydaları bunlardır: 
-artıq yağların əriməsini sürətləndirir; 
-ürək-damar sistemini qoruyur;
-pis xolesterinin səviyyəsini aşağı salır; 
-həzm prosesini yaxşılaşdırır; 

Yulaf suyu orqanizm üçün vacib olan mikroelementlərlə də zəngindir.  Kalsium sümüklərin və  dişlərin həm möhkəmlənməsində, həm də inkişafında mühüm  xammaldır. Eyni zamanda, ürəyin və əzələlərin sağlamlığına xidmət edir. Maqnium sinir sisteminin funksionallığının artması üçün vacibdir. O, sinir impulslarının hərəkətlərinə cavabdehdir. Maqnium çatışmazlığı yuxu rejimini pozur,  sinir sistemi xəstəliklərinə stimul verir. 
Yulaf suyunda silisium da var. Bu mikroelement sümüklərin yaranmasında və bərpasında iştirak edir, immuniteti möhkəmlədir, damarları təmizləyir, toxumaların sağlamlığını dəstəkləyir. O, həmçinin, toxumalar üçün vacib olan kollagen kimi də çıxış edir. 
Yulaf suyundakı kalium permanqanat hormonal balansın tənzimlənməsində  əhəmiyyətli olmaqla yanaşı, əsl antiseptikdir. 

Sağlamlığın qorunması məqsədilə yulaf suyundan istifadə edilməsi. 
Yulaf suyu orqanizm tərəfindən tez mənimsənilməsinə görə seçilir. Mütəmadi olaraq, qəbul edilən yulaf suyu orqanizmin zərərli maddələrdən təmizlənməsinə, metabolizmanın sürətlənməsinə, dərinin təravətlənməsinə səbəb olur. Eyni zamanda, yulaf suyu bəzi xəstəlikləri ya müalicə edir, ya da simptomları azaldır. 
Arıqlamaq üçün. Artıq çəkidən yaxa qurtarmaq üçün yulaf suyu ən yaxşı köməkçidir. Çünki o, yağları əridir, toksinləri və zərərli maddələri orqanizmdən atır, maddələr mübadiləsini maksimum sürətə çatdırır. Yulaf suyu içməklə, hətta fiziki gərginlik olmadan belə, arıqlaya bilərsiniz. Üstəlik, həzm rahatlığı yaşayacaqsınız. Yeməkdən sonra ağırlaşmaq, mədədə yanma kimi hallar yoxa çıxacaq.  Yulaf suyu kəskin aclıq hissini də basdırır. Suyu içdiyiniz müddətdə şirniyyatlar, şirin desertlər yadınıza da düşməyəcək. Hər gün səhər yeməyində 1 stəkan yulaf suyu içməklə təbii şəkildə arıqlamağı seçin. 
Köp və ishal zamanı. Yulaf suyu bağırsaqdakı yad mikrooqanizmlərin xaric edilməsini sürətləndirir. Toksinlərin və qazların  bədəndən atılması da yulaf suyunun faydaları sırasındadır. Cəmi, 1 stəkan yulaf suyu ilə ishaldan yaxa qurtara bilərsiniz. Ümumiyyətlə, bağırsaqların elastikliyi, təmizliyi, sağlamlığı və normal işləməsi üçün yulaf suyu vacibdir.  İshaldan və ya köpdən sonra mədə-bağırsaqda cüzi də olsa, problemlər yaranır. Yulaf suyu bu problemlərin aradan qalxmasında da orqanizmin köməkçisidir. 

Böyrəklərə faydası. Yulaf suyu sidikqovucu xüsusiyyətə  malikdir. Mütəmadi olaraq içilməsi böyrəklərdə daş və ya qum əmələ gəlməsinin qarşısını alır, sidik yollarının təmizliyinə zəmanət verir.  Yulaf suyu içsəniz, səhər yuxudan duranda gözlərinizin altında şişkinlik olmayacaq. Sistitin müalicəsində və profilaktkasında da yulaf suyunun istifadəsi tövsiyə edilir. Qeyd edim ki, sistit sidik kisəsinin bakterial mənşəli xəstəliyidir. Sistit zamanı sidiyə getmə ağrılı və əzablı olur. Yeməkdən sonra içilən 100 ml yulaf suyu böyrəklərin sağlamlığının təminatçısıdır. 

Qastrit və pankreatit zamanı. Mədənin soyuqlaması ciddi pəhriz tələb edən vəziyyətdir.  Bu ərəfədə acı, qazlı, qızarmış, yağlı, quru yeməklərin  və içkilərin  qəbulu qadağandır.  Yulaf suyu burda da köməyə çatır: soyuqdəyməni azaldır, mədədəki yanmanın qarşısını alır. Tərkibindəki vitaminlər və mikroelementlər isə toxumaların bərpasını sürətləndirir. Bunun üçün yarım stəkan yulaf suyunu yeməkdən həmən sonra ilıq halda içmək lazımdır. Mədəaltı vəzi soyuqlayanda da yulaf suyu əl altında olsa, yaxşıdır. Kəskin pankreatit zamanı 1 sutka aclıq mütləqdir. Ertəsi gün isə ciddi pəhriz başlayır. Yulaf suyu pəhrizə daxil edilməlidir. Yulaf suyunun həzmi üçün yüksək miqdarda həzm fermentlərinə ehtiyac duyulmur. Beləcə, mədəaltı vəzi gücə düşmür. Mədə xorası zamanı simptomların azalması və xəstəliyin tezliklə sona çatması üçün də  yulaf suyu faydalıdır. 

Öskürək zamanı. Əsasən, quru öskürək zamanı məhlul insanın özünü yaxşı hiss etməsinə səbəb olur. Bronxit, laringit kimi nəfəs yolları xəstəlikləri zamanı yulaf suyu qəbul etmək məsləhətdir. Məhlul sinədə yığılan bəlğəmi yumşaldır və onun öskürək vasitəsilə xaric edilməsinə kömək edir. Yuxarı və aşağı tənəffüs yollarının  patogen mikroorqanizmlərdən təmizlənməsi xəstəliyin müddətini azaldır. Rahat nəfəs almaq, boğazdakı qaşınmanın və acışmanın aradan qalxmasına nail olmaq, bronxların bərpasının sürətlənməsini istəyirsinizsə, yulaf suyu için.  Gündə 3 dəfə, hər dəfə də 100 ml olmaqla ilıq halda içilən yulaf suyu öskürəyi yox edəcək. Su immuniteti də gücləndirir ki, bu da tərkibindəki vitaminlər, mikroelementlər sayəsində mümkün olur. 

Ateroskleroz zamanı. Bilmək vacibdir ki, xolesterindən birdəfəlik yaxa qurtarmağa çalışmaq lazım deyil. Çünki xolesterin sağlamlığımıza xidmət edən elementdir. Hərdən  xolesterinin səviyyəsi yüksəlir ki, bu da ateroskleroz riskini artırır.  Ateroskleroz da, öz növbəsində, insulta və infakta səbəb olur.  Yulaf suyunun pis xolestrinin səviyyəsini aşağı saldığı hələ qədim zamanlardan insanlara məlum idi.  Mütəmadi oaraq içilərsə damarlardakı qan axınını yaxşılaşdırır, daxili orqanlara lazımi qədər qan çatdırılmasını təmin edir.  Məhsulun tərkibində B qrupu vitaminləri də var. Bildiyimiz kimi, B qrupu vitaminləri qırmızı qan hüceyrələrini artırır. Müntəzəm şəkildə səhər acqarına içilən 1 stəkan yulaf suyu ürək-damar sistemini təmizləyir. 

Oynaqlara faydası.  Yulaf suyunun tərkibində sümükləri möhkəmlədən və oynaqlardakı zədələnmiş toxumaların bərpasına zəmanət verən bir çox mikroelement var. Oynaq şikayətləri olan insanlar yulaf suyunu rasionlarına daxil etsələr, tezliklə problemin həcmi minimuma enəcək. Podaqra, artrit, osteoxondroz kimi hallarda da yulaf suyu hərəkətin yaxşılaşmasına kömək edir. Yeganə şərt odur ki, hər dəfə təzə-təzə hazırlanıb içilməlidir. Gün ərzində 3 dəfə, hər dəfə 1 stəkan olmaqla qəbul edilən yulaf suyunun içilmə müddəti 1 ay da çəkə bilər, daha uzun da. Və bu davamiyyət müddəti insanın özünü yaxşı hiss edib-etməməyindən asılıdır. 

Qaraciyərə faydası.  Məhlul qaraciyərə qanı zərərli maddələrdən təmizləməkdə kömək edir. Beləcə, orqan gücə düşmür. Xüsusilə, hepatit və sirroz zamanı  yulaf suyu qaraciyərin ən yaxın köməkçisinə çevrilir. Alkoqol və digər zərərli vərdişlər sayəsində zədələnmiş qaraciyər toxumalarının bərpası da yulaf suyunun köməyilə mümkün olur. 
Bəs, yulaf suyu necə hazırlanır?

Düzdür, bəzən xəstəlikdən asıılı olaraq, ölçülər fərqlənir, yenə də qeyd etməliyəm ki, klassik resept 1 dənədir. Hərçənd, yulafı bişirməyin üsulları çoxdur.  Ən yaxşısı, 1:2 nisbətində yulafı qaynar su ilə qarışdırmaqdır.  Sonra ağzını bağlayıb, təxminən, 12 saat gözlətməlisiniz.  İçərkən ilıq halda, ən azından, otaq temperaturunda olmasına diqqət edin. Yaxşı olar ki, hər istifadə üçün ayrıca, təzə yulaf suyu hazırlansın. Çünki onun etibarlılıq müddəti olduqca qısadır. 
Yulaf suyunun hazırlanması üçün digər üsullarla da tanış olaq. 50 mq yulafı  2 l suya əlavə edin, vam odda, yaxud sobada qaynadın. Amma termik emal səbəbilə bu üsullarla hazırlanmış yulaf suyunun faydalılıq dərəcəsi aşağı olur. 

Zərərləri və əks təsirləri.

Yulaf  suyu praktiki olaraq, orqanizm üçün zərərsizdir. Bununla belə, nadir hallarda “kəpənək effekti” yaradır, yaxud arzu olunmayan simptomlara səbəb olur.  Yulaf allergiyası olan insanlar birmənalı olaraq, bu sudan uzaq durmalıdırlar. Yoxsa ürəkbulanma, ishal kimi hallar yaranar. Həmçinin, kəskin xolesistit zamanı da yulaf suyu içmək olmaz. Böyrəyində, öd kisəsində daş olanlar da yulaf suyunu rasionlarına daxil etməməlidirlər.  Bu zaman daş silkələnir,  ağrı verir. 
Qlüten həssaslığı da yulaf suyundan uzaq durmaq səbəblərindəndir. Yulafda  fitin adlı kimyəvi maddə var. O, orqanizmdə kalsium  artıqlığı yaradır. 
Gündəlik qəbul edilən yulaf suyu  bağırsaqdakı mikrofloranın iş qabiliyyətini yüksəldir. Orqanizmi daxildən təmizləyən su dəriyə də təsirsiz qalmır. Yulaf suyu içənlərin dərisi zamanla şəffaflaşır, parlaq olur və elastikliyinə qovuşur. 
Bütün bunları nəzərə alaraq, bircə söz deyə bilərəm: hər şey faydalıdır insana, amma qədərində... 

Bahadur Seyidov / Demedia.az