Şəkəri düşürən 7 qida  - Araşdırma



 21:31 09.12.2022     2521

Bütün dünyada olduğu kimi, ölkəmizdə də son 40 ildə şəkər xəstəliyinə tutulan insanların sayı,  təxminən, 4 dəfə artıb. Bu artım tamamilə həyat tərzimizdən qaynaqlanır. Həyat tərzi anlamı özündə  qidalanmanı və hərəkət səviyyəsini də ehtiva edir.  

Şəkər xəstəliyi başda ürək-damar xəstəlikləri, böyrək xəstəlikləri, sinir zədələnmələri və korluğun ən önəmli səbəblərindən biridir. Bu videoda şəkər xəstəliyinə səbəb olan qidalar və şəkərin səviyyəsini düşürən qidalar haqqında məlumat verəcəyəm. 

Əvvəlcə, şəkər xəstəliyinə səbəb olan qidaları və digər faktorları gözdən keçirək. 
Şəkər  və şirniyyat;
Rafinə edilmiş karbohidratlar. Yəni, ağ undan bişirilən çörək, xəmir məmulatları, makaronlar kimi qidalar; 
Emaldan keçmiş ağ düyü; 
Şəkərlə zəngin atışdırmalıqlar; 
Trans yağlar; 
Heyvan mənşəli yağlar; 
Pendir, qırmızı ət, emala məruz qalmış ət məmulatları; 
Yumurta; 
Hərəkətsizlik; 
Göründüyü kimi, şəkər xəstəliyinə səbəb olacaq qidalar içərisində karbohidratlarla bərabər, proteinlər və yağlar da var. Bəli, karbohidratlar və şəkər qanda şəkərin səviyyəsini yüksəldir, amma təkbaşına şəkər xəstəliyinin səbəbi deyil. İnsulin müqavimətinin və şəkər xəstəliyinin səbəbi hüceyrə səviyyəsində yağlanmadır.  Elmi terminlə desək, Cellular Lipotoxicity. Şəkər xəstəliyinin ən önəmli səbəbləri olan bu qidalar və faktorlardan mümkün qədər uzaq durmaq faydalıdır. 

İndi isə qanda şəkərin səviyyəsini aşağı salan qidalar ilə tanış olaq. 
Brokoli. Olduqca az kaloriyə malik, vitamin, mineral, lif və antioksidantlarla zəngin bir tərəvəzdir.  Tərkibindəki liflər bağırsaqlarda şəkərin və xolesterolun mənimsənilməsini əngəlləyir, beləcə, qanda şəkərin  miqdarının yüksəlməsinin qarşısını alır. Amma brokolini “super qida” kateqoriyasına aid edən malik olduğu sulforafan molekuludur. Sulforafan molekulunun iltihab əleyhinə, antioksidant, xərçəng əleyhinə xüsusiyyətləri ilə yanaşı, qaraciyərdə şəkər istehsalına mane olmaq kimi özəlliyi də vardır. Brokoli qaraciyərdə və toxumalarımızda insulin müqavimətinin qarşısını alır, yəni, antidiabetik təsir göstərir. Həftədə 2-3 öynə brokoli, yaxud onunla eyni familiyadan olan gül kələmi yeməyə diqqət edin. 
Yulaf əzməsi. Karbohidrat kompleksidir. Bu səbəbdən də, qlisemik indeksi aşağıdır. Bununla belə, liflərlə, beta-qlükanla və antioksidantlarla zəngindir. Beta-qlükan bağırsaqlarda bir kütlə yaradaraq şəkərin mənimsənilməsini ləngidir, xolesterolun mənimsənilməsinin isə qarşısını alır. Həftədə, ən azı, 2-3 dəfə yulaf əzməsi yeməyin orqanizmə faydaları böyükdür. 
Paxlalılar. Lobya, noxud, mərcimək kimi qidaların qlisemik indeksləri və enerji dəyərləri aşağıdır. Liflər, antioksidant, mineral və vitaminlərlə zəngindirlər.  Paxlalılarda olan kompleks karbohidratlar və liflər bağırsaqlardakı faydalı mikroflora üçün  qidalandırıcı təsirə malikdir. Bu qidalanma qarşısında probiotik bakteriyaların orqanizmə hədiyyəsi qısa zəncirli yağ turşularıdır. Bu yağ turşuları həm enerji mənbəyidir, həm də beyində aclıq duyğusunun hiss edilməsini gecikdirir. Həftədə 3-4 dəfə süfrənizdə paxlalılardan biri olmasına nəzarət edin. 

Kətan toxumu. “Super qida” kateqoriyasında olan kətan toxumu  orqanizmə çox faydalıdır. Gündə, sadəcə, 30 qr, yəni, 1 xörək qaşığı kətan toxumunun qanda şəkərin miqdarını 10%-ədək düşürdüyü elmi araşdırmalar tərəfindən sübut olunub.  Kətan toxumunu qatığa qataraq, yaxud tərəvəz və ya meyvə əsaslı salatlara əlavə edərək yeyə bilərsiniz. 

Quru meyvələr və çərəzlər. Tərkiblərindəki doymamış yağlar, minerallar, vitaminlər, antioksidantlar və liflər sayəsində orqanizmin sağlamlığını dəstəkləyirlər. Quru meyvələrdəki, çərəzlərdəki makro və  mikro qidalar birlikdə hərəkət edərək qanda şəkərin miqdarını nizamlayır. Və onlar bunu necə edir; bu, hələ də elmə məlum deyil. Amma elmi araşdırmalar gün ərzində 30-50 qr quru meyvə və ya çərəz yeyilməsinin diabetik xəstələrdə qanda şəkərin miqdarını aşağı saldığını müəyyən edib. Gündə 50 qr-dək qarışıq meyvə qurusu, yaxud qarışıq ləpələrdən ibarət çərəz yemək faydalıdır. 
Darçın. “Dünyanın ən güclü antioksidantları” siyahısındadır. Xüsusilə, tərkibindəki sinnamaldehid  (cinnamaldehyde) adlı maddənin qanda şəkərin miqdarını önəmli dərəcədə azaltdığı elmi araşdırmalar nəticəsində məlum olub. Bu maddə insulino-tropik kateqoriyasına daxildir. Yəni, insulin balansına faydalıdır. Eyni zamanda, darçının mədənin boşalma prosesini ləngitmək qabiliyyəti də vardır. Beləcə, yeyilən qidaların qanda şəkərin miqdarını qəfildən yüksəltməsinə  mane olur. Yaxşı olar ki, şəkər xəstələri gün ərzində yedikləri hər hansı meyvənin üstünə darçın səpsinlər. 
Kofe. Elmi araşdırmalar mütəmadi olaraq kofe içməyin şəkər riskini aşağı saldığını sübut edib. Həmçinin, şəkər xəstələrinin gündə 2 fincan kofe içməsiylə qanda şəkərin miqdarının 10% azaldığı da müşahidələr nəticəsində aşkarlanıb. 

Qeyd etməliyəm ki, yalnız bu 7 qidanı qəbul edərək qanda şəkərin miqdarını qalıcı şəkildə azaltmaq mümkün deyil.  Şəkər xəstələri daim həkim nəzarətində olmalıdır.  Əgər buna imkanı yoxdursa, ən azından, mütəxəssislərin təklif etdiyi proqrama uymağa çalışmalıdırlar. 
-videonun əvvəlində  sadaladığım qidalardan uzaq durun; 
-salat, tərəvəz və paxlalılar  süfrənin əsasını təşkil etməlidir;
-qanda şəkərin səviyyəsini aşağı salan 7 qidanı  rasionunuza elə daxil edin ki,  hər gün orqanizm onlardan qəbul edə bilsin; 
-aktiv həyat tərzinə üstünlük verin: gün ərzində 5000-10000 addım piyada gəzməyə çalışın;
-“fasiləli aclıq” proqramına əməl edin; 

“Fasiləli aclıq” proqramı şəkər xəstələrinin həyat keyfiyyətinin yaxşılaşması üçün olduqca faydalı üsuldur.  İnsulin müqavimətinin qırılmasına müsbət təsir edir.  Amma unutmayın ki, insulin qəbul edən xəstələr “fasiləli aclıq” proqramına həkim nəzarətində əməl etməlidir. 
Ümidverici xəbər isə odur ki, illərlə xronik xəstəlik sayılan şəkər xəstəliyini həkim nəzarətində sistematik proqram tətbiq etməklə önəmli ölçüdə azaltmaq, hətta müalicə etmək belə, mümkündür. Bu, tibb elminin son illərdəki uğurlarından biridir.

Bahadur Seyidov / Demedia.az