Bu, Zəngəzur dəhlizinin açılması məsələsini daha da aktuallaşdırır - İqtisadçı
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir. Əvəlla, Rusiya sülhməramlılarının nəinki QHT nümayəndələrinin və eləcə də digər Azərbaycan vətəndaşlarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmasına imkan verməməsi beynəlxalq hüquqa və ölkənin suverenlik prinsiplərinə ziddidir.
Demedia.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, üçtərəfli bəyanatda insanların hərəkəti ilə bağlı da hər hansı məhdudiyyət nəzərdə tutulmayıb:
"İkincisi, ətraf mühitin qorunması ilə bağlı etiraz beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur.
Üçüncüsü, Ağdərə rayonunda yerləşən qızıl bulaq mis-qızıl kolçedan yatağı Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından hesab olunur. Ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən yatağın işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər. “Base Metals” MMC aldı erməni şirkəti 2013-cü ildən 2020-ci ilədək həmin yatağın mis-qızıl ehtiyatlarınl talayıb. Həmin müddətdə mədəndə hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib. Konsentrat Ermənistana aparılıb, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb. Bu şirkət Avstraliyanın “İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan yüz milyon dollarla ifadə olunur.
Dördüncüsü, son hadisə Zəngəzur dəhlizinin açılması məsələsini daha da aktuallaşdırır və Ermənistan üçtərəfli bəyanatdakı öhdəliyini nə qədər tez yerinə yetirərsə o qədər regionda stabillik daha tez əldə olunar. Azərbaycan bütün mövcud imkanlardan və hüquqdan istifadə edərək Zəngəzur dəhlizinin daha qısa zamanda istifadəyə verilməsinə çalışır və bu istiqamətdəki mövcud siyasət davam etdiriləcək.
Beşincisi, son proseslər bir daha təsdiq edir ki, regionun inkişafı birbaşa qarşılıqlı ərazi bütövlüyü və suverenliyini tanınmaqla sülh müqaviləsinin bağlanmasından keçir. Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və Ermənistandakı revanışt meyillər sadəcə onun üzləşdiyi problemləri dərinləşdirəcək.
Nəhayət, Şuşa-Xankəndi yolundakı etiraz aksiyası bir daha göstərdi ki, Azərbaycanda milli həmrəylik və vətənpərvərlik kifayət qədər yüksəkdir və xalqımız xarici təhdidlərə hər zaman birgə cavab vermək əzmindədir".
Xəyalə Məmmədova / Demedia.az