Etiraz aksiyasını kordinasiya etmək üçün... - Osman Gündüz açıqladı
Etiraz aksiyasını kordinasiya etmək, aksiyaya qoşulmaq istəyənləri istiqamətləndirmək üçün vahid bir mərkəz formalaşdırmaq faydalı olardı.
Demedia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, hazırda Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən ekofəallarla, QHT nümayəndələri və jurnalistlərlə həmrəy olduğumu bildirirəm:
"Bu arada Rusiya Prezidenti Prezident İlham Əliyevə zəng edib.
Görünən odur ki, Azərbaycan hökumətinin üçtərəfli müqavilənin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməsində mövqeyi birmənalıdır və bu mövqe doğru olaraq da getdikcə sərtləşdirilir.
Düşünmək olar ki, Azərbaycan hökuməti Ermənistanın revanşist hərəkətlərinin, sürətlə silahlanmasının, yeni texnologiyalara can atmasının, hərbi büdcə xərcləri kəskin artırmasının fərqindədir. Hiss olunur ki, regionda vəziyyət yenidən gərginləşir.
Görünür ki, ermənilər və havadarları 44 günlük savaşda bizim qalib tərəf olduğumuzu, üçtərəfli müqavilə şərtlərini unudublar.
Hiss olunur ki, Rusiya sülhməramlıları və ermənilər situasiyanın bu formada dəyişməsindən çox narahatdırlar.
Bizim dövlət qurumlarının ərazidə monitorinqinə imkan verməyən sülhməramlılar və ermənilər üçün bu aksiya gözlənilməz olub.
İndiki anda təxribatlardan qorunmaq çox vacibdir. Təcrübə göstərir ki, rus hərbçiləri bunu yaxşı bacarırlar.
Düşünürəm ki, etiraz aksiyalarının idarə edilməsində səhvlərə yol verməmək, etiraz aksiyasını idarə etmək üçün, əlaqələr və kordinasiya üçün Komitə formalaşdırmaq doğru olar".
Xəyalə Məmmədova / Demedia.az