Dəfnə yarpağının inanılmaz faydaları - Araşdırma



 21:35 14.12.2022     1296

Dəfnə yarpağı - bu həmişəyaşıl yarpaqların sağlamlığa faydaları qədim zamanlardan insanlara məlum olub.

Onun vətəni Kiçik Asiya və Qafqaz dağları hesab olunur. 1 dəfnə ağacınn ömrü 100-400 il arasıdır.  Dəfnə ağacı iki məqsədlə əkilir: 

Dekorativ ağac kimi;  Tibbi məqsədlə istifadə üçün; 

Qədim Yunan və Qədim Roma mədəniyyətlərində  dəfnə yarpağından hazırlanmış tac döyüşdə və ya olimpiya oyunlarında qalib gələnlərin başına qoyulurdu.  Sonralar dəfnə imperatorun hakimiyyətinin simvoluna çevrilir.  

Hazırda dünya dəfnə yarpağını ədviyyat kimi qəbul edib.  Təzə və ya qurumuş halda istifadə etmək mümkündür.  Acıtəhər dada və heyranedici ətirə malik olan dəfnə yarpağının tərkibi zəngindir. A, C, PP vitamini və B qrupu vitaminləri, həmçinin, kalium, kalsium, maqnium, natrium, fosfor, dəmir, sink kimi elementləri sadalamaq olar. 100 qr dəfnə yarpağı orqanizmin sutkalıq B6 vitamini ehtiyacını ödəyir.  Sineol (eucalyptol)  və eugenol kimi efir yağları antiseptik funksiyasını yerinə yetirməklə bərabər, revmatizm ağrıları  zamanı ağrıkəsici effektinə də malik olurlar. Bundan əlavə, dəfnə yarpağı soyuqdəymə əleyhinə vasitə kimi də məşhurdur. Sineol  soyuqdəyməni toxumalardan təmizləmək qabiliyyətinə malikdir.

Həmçinin, tənəffüs yollarının təmizlənməsinə kömək edir. Eugenol antibakterial xüsusiyyəti ilə də faydalıdır. 
Dəfnə yarpağı yuxusuzluq, gərginlik,  əsəbilik kimi narahatlıqların aradan qalxmasına da kömək edir. Təkcə qoxusu ilə bu yarpaq insanın sinir sistemini sakitləşdirə bilir. Dəfnə yarpağının sedativ təsiri isə tərkibindəki linalool`dan qaynaqlanır. 
Yarpaqdakı yağ turşuları bağırsağa protektor kimi təsir göstərir. Metabolizmanın yaxşılaşması, rahat həzm, immunitetin möhkəmlənməsi, zərərli bakteriyaların məhvi və toksinlərin bağırsaqlardan atılması da dəfnə yarpağının faydalarındandır.  Mütəxəssislər yarpağın sidikqovucu xüsusiyyəti haqqında da çox danışır.  Dəfnə yarpağından hazırlanan məhlul orqanizmin maye balansının qorunmasında effektivdir. Bilirik ki, maye balansının qorunması orqanizmin artıq çəkilərdən qurtulmasının səbəblərindən biridir. 

Şəkərli diabet zamanı da dəfnə yarpağı həzmə kömək edən vasitə rolunu oynayır. Karbohidrat balansını normallaşdırır, qanda qlükozanın miqdarını azaldır. 

Oynaq ağrısı
Oynaq ağrısından yaxa qurtarmaq üçün dəfnə yarpağından hazırlanan maz lazımdır.  Lazım olanlar dəfnə yarpağı və tibbi vazelindir.  Yarpaqları üyüdün və vazelinə 1:2 nisbətində qatın. Qarışımı 30 dəq gözlədin. Sonra onu sterilizə edilmiş şüşə qaba tökün, ağzını bağlayın və soyuq yerdə saxlamağa cəhd edin.  Günün istənilən vaxtında bu mazdan oynaqlara yağlaya bilərsiniz. Müalicə müddəti 7-10 gündür. 

Damarların təmizlənməsi 
25-30 dəfnə yarpağını şirəli qaba qoyun və üstünə 2-2,5 stəkan qaynar su tökün. Vam odda 5 dəq qaynadın. Sonra suyu termosa tökün. 3-8 saat dəmlənməsini gözləyin.  Cuna ilə süzün  və isti məhlulu kiçik udumlarla için. Qeyd edim ki, günün istənilən vaxtı bu məhlulu içə bilərsiniz. Mütəxəssislər bu cür damar təmizlənməsi zamanı ətsiz yeməklərə üstünlük verilməsini, alkoqollu içkilərdən uzaq durulmasını tövsiyə edirlər.   Prosedur davam etdiyi günlər ərzində sidiyə tez-tez getmək normaldır.  3 günlük prosedurdan sonra 1 həftə ara verin, sonra təkrar başlayın.  İldə iki dəfə bu prosesi təkrarlasanız, damarlarınızın təmizliyindən əmin ola bilərsiniz. 

Qızdırma və titrətmə zamanı
Şüşə qaba  2 xörək qaşığı  üyüdülmüş dəfnə yarpağı  tökün. 1 stəkan bitki yağı əlavə edin, ağzını bağlayın və 10 sutka gözlədin.  Qarışımı soyuducuda saxlayın.  Qızdırma və titrətmə zamanı bütün bədəni bu qarışım ilə ovun.  

Qaymorit zamanı 
Bu zaman köməyə dəfnə yarpağının yağı çatır. 30 qr dəfnə yarpağını üyüdün. 1 stəkan bitki yğına qatın və 5 gün gözlədin. Sonra cuna ilə süzün.  Gündə 3 dəfə, hər dəfə də 2-3 damla olmaqla bu qarışımdan buruna damızdırın. 

Angina (tonzillit) zamanı. 
2-3 dəfnə yarpağını toz halına salın. 1 xörək qaşığı dərman gülümbaharı çiçəyi ilə qarışdırın. 300 ml qaynar suya əlavə edin. Ağzını bağlayın, 15 dəq gözlədin.  Cuna ilə süzün, ilıq halda boğazınızı qarqara edin. 

Revmatizm ağrıları
2 xörək qaşığı üyüdülmüş dəfnə yarpağını 1 stəkan 40%-li spirtə qatın. Ağzını bağlayın.  1 həftə otaq temperaturunda saxladıqdan sonra cuna ilə süzün. Ağrıyan nahiyələrə gündə 2-3 dəfə bu qarışımdan çəkin. 

Dəri xəstəlikləri
Yarım xörək qaşığı xırda üyüdülmüş dəfnə yarpağını 1 stəkan bitki yağına qatın. 1 həftə soyuducuda saxlayın.  Dərinin xəsarət almış bölgələrinə gündə 2 dəfə bu qarışımdan çəkin. 

Mədə qıcqırması
1 dəfnə yarpağını üyüdün, 1 xörək qaşığı dazı bitkisi, 1 xörək qaşığı bataqlıq  qurucası götürün. Hamısını 1 litr qaynar suya əlavə edin. Ağzını bağlayın, 2 saat gözlədin. Sonra cuna ilə süzün. Gündə 3 dəfə, hər dəfə 100 ml olmaqla qarışımdan için. 

Maddələr mübadiləsindəki problemlər
1 xörək qaşığı itburnu, 1 xörək qaşığı qırmızı quşarmudu  və 6-7 ədəd dəfnə yarpağı götürün.  Hamısını birlikdə üyüdün və 600 ml qaynar suya əlavə edin. Ağzını bağlayın və saat yarım gözlədin. Cuna ilə süzün. Stəkanın dörddə biri qədər olmaqla gün ərzində 3-4 dəfə, yeməkdən 20 dəq əvvəl için. 

İtdirsəyi
500 qr dəfnə yarpağını üyüdün və 200 ml qaynar suya qatın. 30 dəq gözlədin. Sonra tampona hopdurun, nahiyənin üstündə 3-4 dəq saxlayın. Proseduru gündə 2-3 dəfə təkrar edin. 

Spazm və qaşınmalar 
Təzə dəfnə yarpaqlarını üyüdün, kərə yağı ilə qarışdırın. Otaq temperaturunda 6 saat saxlayın. Gündə 3-4 dəfə xəsarət almış nahiyəyə bu qarışımdan çəkin. Vəziyyət yaxşılaşanadək proseduru davam etdirin. 

Sızanaqlar
Stəkanı yarıyadək üyüdülmüş dəfnə yarpağı ilə doldurun. Üstünə tam dolanadək keyfiyyətli araq əlavə edin. Otaq temperaturunda bir neçə gün saxlayın. Sonra cuna ilə süzün və günaşırı üz dərisini bu lasyonla silin. Lasyon dərini təmizləməklə yanaşı, ona qidalandırıcı təsir də göstərəcək. 

İmmuniteti möhkəmləndirmək
15 dəfnə yarpağını 300 qr təmiz suya əlavə edin.  Vam odda qaynayanadək saxlayın. Sonra azca odu artırın və 5 dəq qaynadın. Suyu termosa tökün və 3-4 saat gözləyin. Günün istənilən vaxtında 1 xörək qaşığı bu sudan için.  3 gün davam edən proseduru 2 həftə fasilə verməklə yenidən təkrarlaya bilərsiniz. 

Zərərləri və əks təsirləri 
Nəzarətsiz içilən dəfnə yarpağı məhlulu orqanizmə zərər verə bilər. Həddindən artıq içilərsə qanaxma yaradar, köp əmələ gətirər, hətta zəhərlənmə ilə nəticələnər. 
-Hamilələr, ümumiyyətlə, dəfnə yarpağından hazırlanan vasitələrdən imtina etməlidirlər. Çünki yarpağın tərkibindəki bəzi elementlər uşağın düşməsinə səbəb ola bilir.  
-Uşaq əmizdirən qadınlar da dəfnə yarpağı ilə ehtiyatlı olmalıdırlar.  Ananın dəfnə yarpağından hazırlanan müalicəvi vasitədən qəbul etməsi azyaşlıda şəkərli diabetə qədər gətirib çıxara bilər. 
-Qanında laxtalanma problemi olanlar dəfnə yarpağından hazırlanmış vasitələrin qəbulu zamanı həkimlə məsləhətləşməlidirlər. Səbəb isə yarpağın qanı durultmaq qabiliyyətinin olmasıdır. 
-Qaraciyər, böyrək, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər dəfnə yarpağının müalicəvi xüsusiyyətlərindən yararlanmaq fikrinə düşdükdə, əvvəlcə, həkimlə məsləhətləşsələr, yaxşı olar.  
-Mövsümi və ya bitki mənşəli allergiyası olanlar da dəfnə yarpağından istifadə zamanı ehtiyatı əldən verməməlidirlər. 

 Bahadur Seyidov / Demedia.az