Hər il dünyada aclıq çəkən insanların sayı artır… - Araşdırma



 20:32 14.12.2022     1232

“Hər il dünyada aclıq çəkən insanların sayı artır…” 

Tanış cümlədi, hə? Çoxunuzun beyni heç bu cümləni qəbul etmək istəmir. Çünki təkrar-təkrar eşidirik və beynimizin hər gün yeni informasiyaya olan aclığı bu təkrarlığı yadırğayır… Bəs, bu günlərdə futbola azarkeşlik eləməkçün sərf etdiyimiz vaxtın çox azını, məsələn; cəmi, 10-15 dəqiqəsini ayırıb bu cümləni fikirləşsək, olmazmı? Yox, məqsədim nə sizi futbola baxmaqdan çəkindirmək, nə də hazırda Qətərdə keçirilən futbol yarışlarını gözdən salmaqdır.  Mən acları, bir tikə çörək tapa bilməyənləri yadınıza salmaq istəyirəm… 

Elektron mediada kiçik bir araşdırma aparmaqla  dünya üzrə hər 5 müsəlmandan birinin gündəlik gəlirinin 1 dollardan az olduğunu öyrənə bilərsiniz. Təsəvvür edin, qlobal təbii ehtiyatların 70%-dən çoxu məhz müsəlman ölkələrinin sərhədləri daxilindədir. Amma dünyadakı yoxsul əhalinin 45%-i də bu ölkələrdə yaşayır. Bəs, bu təzadın səbəbi nədir? 

Bir-iki misal çəkməklə, fikrimi daha aydın çatdıra biləcəyim qənaətindəyəm. 

11 noyabr Küveytdə “konstitutsiya günü” kimi qeyd olunur. 2012-ci ildə bu gün münasibətilə Küveyt əmiri atəşfəşanlıq keçirilməsi barədə əmr verir. Həmin atəşfəşanlığa, nə az, nə çox, düz 15 mln dollar xərclənir. Təntənəli atəşfəşanlıq “Ginnesin Rekordlar Kitabı”na belə, düşür.   “Havaya sovrulan” 15 mln dolların nə qədər müsəlman uşağın qarnını doyura biləcəyini hesablamağı isə sizin öhdənizə buraxıram, əziz dostlar… 

Ərəb şeyxlərinin qızıldan ev əşyalarını, sifarişlə hazırlanan, brilyantlarla bəzənən avtomobillərini “yada salmadan” keçirəm hazırda davam edən furbol çempionatına. Qətər bu yarışlara düz 12 il hazırlaşıb. Bu müddətdə ölkədə yeni stadionlar, otellər tikilib, metro stansiyaları açılıb, hava limanı, xəstəxanalar inşa edilib. Restoranlar haqda danışmağa ehtiyac  da yoxdu… Və bütün bunlara Qətər 300 mlrd dollar pul xərcləyib. Yəqin, Qətərin Avropadakı böyük  futbol klublarına milyardlarla dollar sərmayə qoyması haqqında da futbol azarkeşləri çox eşidiblər. 

Afrikadakı müsəlman ölkələrində, uzağa getməyək, elə Suriyada, Fələstində aclıq çəkən, təhsilə həsrət qalan, içməli su tapmayan müsəlman bacı-qardaşlarımızın  Küveyt, BƏƏ, Qətər kimi varlı müsəlman ölkələrinin yadına düşməməsi təəccüb doğurur. Bir müsəlman qardaşımızın sırf özünü  kiməsə göstərmək naminə qızıl unitaz sifariş verməsi ilə Somalidəki bir yarımcan uşağın  su həsrətinin dodağındakı yaratdığı qanlı çatın arasındakı əlaqənin izahına heç bir din kitabında rast gəlmək mümkün deyil… 

Hələ bu  “havaya sovrulan”, sırf eqonu təmin etmək, özünü “bomba oğlan” hiss etmək naminə xərclənən pulları “yeyənlər” arasında əcnəbi modelləri, sırf dəb xətrinə yarıçılpaq gəzən “star”ları gördükcə, müsəlman ölkələrindəki hicab davasını, “topuq göründü” cəzasını,  azyaşlı uşaqların “din naminə” təhsildən uzaqlaşdırılıb evə qapadılmalarını anlamaq üçün istinad nöqtəsi tapmaqda çətinlik çəkirəm… 

Uzun danışmaq istəmirəm, qardaşlarım və bacılarım. Sadəcə, düşünməyinizi istəyirəm… “Bir əlin verdiyini o biri əl bilməz” deyimini unutmaq, müsəlman insanpərvərliyini bütün dünyaya göstərmək naminə din qardaşlarımızın səxavətini, şükrünü vicdanla sərgilədiyini görmək istəyirəm… 

Məncə, siz də, Qətərdəki o bahalı restoranlarda Xorvatiyalı model İvana Knoll`un “selfi”lərini görməkdənsə, Somalidən olan uşaqların qarnının doymasını görməyi arzulayarsınız. Yanılmıram ki?! 

Bahadur Seyidov / Demedia.az