Soyuqqanlı və aydın strategiya üzrə məqsədyönlü siyasətə ehtiyac var - Şahin Cəfərli



 14:02 15.12.2022     583

Rusiya sülhməramlılarının “məsuliyyət zonası”nda (yeri gəlmişkən, 10 noyabr sənədində belə bir zona nəzərdə tutulmayıb) Azərbaycanın suverenliyini bərqərar etmək milli prioritetdir.

Demedia.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, momentumu yaxalamışkən bu vəzifəyə (və paralel şəkildə Ermənistanla qəti sülhə) mümkün qədər tez müddətdə nail olmaq lazımdır, çünki qeyri-müəyyənliyin uzanmasının nələr gətirib-aparacağı məlum deyil, bu, bizim maraqlarımız baxımından risklər daşıyan bir durumdur:

"Azərbaycan hakimiyyətinin də məhz buna – məsələni tezliklə tarixə qovuşdurmağa çalışdığı ortadadır.

Lakin Rusiyanın faktiki nəzarətindəki Qarabağ ərazisində Azərbaycanın dövlət hakimiyyətini təmin etmək yolunda irəliləyərkən “azərbaycanlılarla ermənilərin birgəyaşayışının imkansız olduğu” haqda dünyadakı alqıların (düşüncələrin, təsəvvürlərin) betonlaşmasına töhfə verməməliyik. Çünki bu, həm bəhs etdiyim qeyri-müəyyənliyin uzanmasına səbəb olur, həm də problemin qəti, birdəfəlik çözümündə maraqlı olmayan Rusiyanın bölgədə uzunmüddətli qalmasını şərtləndirir. Hiyləgər Ruben Vardanyan dünənki açıqlamasında məhz bu məqamı - birgəyaşayışın qeyri-mümkünlüyünü təsadüfən qabartmadı.

Mən Bakının son addımlarını Moskva ilə razılaşdırdığı və onunla birlikdə hərəkət etdiyi yönündə fikirlərə qatılmıram. Bununla belə, Rusiyanın qismən də olsa, bu hadisələrdən fayda götürdüyünü düşünürəm. Çünki bu tip hadisələr (bizim niyyətlərimizdən asılı olmayaraq) “Rusiya olmasa, azərbaycanlılar və ermənilər yenidən bir-birini boğazlayar, Bakı Qarabağdakı erməniləri yaşatmaz” alqısını istər-istəməz gücləndirir, Qarabağdakı rus hərbi mövcudiyyətinə legitimlik qazandırır. Belə bir vəziyyətdə Qərb, açıq söyləməsə də, rus ordusunun Qarabağda (eləcə də Ermənistanda) qalmağa davam etməsində maraqlı olur. (Aralarındakı böyük ziddiyyətlərə baxmayın, maraqları hansısa istiqamətdə üst-üstə düşəndə o istiqamət üzrə asanlıqla anlaşa bilirlər.) Azərbaycan bu məsələdə Rusiya ilə Qərbi birləşdirməməlidir.

Kimsə deyə bilər ki, Rusiyanın da, Qərbin də canı cəhənnəmə, biz heç nəyə baxmadan öz yolumuzla qətiyyətlə irəliləməliyik. Amma belə bir dünya yoxdur. Bunu Azərbaycan rəhbərliyi də yaxşı bildiyi üçün dünən yolu bağlayanın biz yox, ruslar olduğu, bu gün isə qazı bizim kəsmədiyimiz barədə rəsmi açıqlamalar vermək ehtiyacı hiss etdi. Yeri gəlmişkən, əgər qaz nəqli həqiqətən bizim tərəfimizdən dayandırılıbsa, bu, düşüncəsiz hərəkətdir, çünki Azərbaycanın addımlarının humanitar fəlakətə səbəb olduğu barədə ermənilər tərəfindən beynəlxalq rəyin formalaşdırılması ilə bərabər, həm də Rusiyanın Ukraynada enerji infrastrukturunu vurması ilə bir paralellik qurulmasına kömək etmiş olur. Bütün bunlar isə son nəticədə birgəyaşayın imkansızlığı barədə təsəvvürlərin möhkəmlənməsinə gətirib çıxarır...

Soyuqqanlı və aydın strategiya üzrə məqsədyönlü siyasətə ehtiyac var".

Xəyalə Məmmədova / Demedia.az