Qadın intim gigiyenası - VACİB DETALLAR



 22:32 16.12.2022     1898

İntim gigiyenada qarayağlı sabundan necə istifadə etmək olar?

Ondan istifadə nə zaman qadağandır? 

Qarayağlı sabun dermatologiyada və kosmetologiyada istifadə olunan ənənəvi məhsuldur.   Qarayağ ağcaqayın ağacının oduncağından əldə edilən təbii antiseptikdir. Qədim tibb ənənəsinin bir hissəsi olan qarayağ indi də bəzi dərman preparatlarının tərkibində var. Məhz qarayağ haqqında danışacağımız sabunun spesifik iyə malik olmasının səbəbidir. Soyuqdəymə əleyhinə, antibakterial, antiseptik vasitə sayılan qarayağlı sabunun tərkibində, adətən, 72% ağcaqayın qarayağı olur. Yerdə qalan isə bitki yağından hazırlanan sabundur ki, onun da tərkibində natrium duzu, su və bəzi yağlar var. 

Müalicəvi məqsədlə hazırlanan sabunun tərkibinə rəngləndirici və ya ətir vurulması qadağandır. Sabunun təbiiliyini yoxlamaq üçün kəskin iyini qoxulamaq bəs edir. 

İstifadəsi və faydaları

Saçların və dərinin təmizlənməsində əvəzsiz olan qarayağlı sabun bakteriyaları və parazitləri məhv edir.  Ağcaqayın qarayağının dezinfeksiyaedici  qailiyyəti var.  Sabun, həmçinin, dəri və saç toxumalarında qan axınını sürətləndirir. Bu da epidermisdə regenerasiya prosesinə təkan verir.  Ağcaqayın qarayağının sağaldıcı özəlliyi sayəsində dəridəki yaralar, çapıqlar və çiziklər də sürətlə sağalır.

Tərkibində heç bir zərərverici maddə olmadığından uşaqları da ürəklə bu sabunla çimizdirə bilərsiniz. Xüsusilə, tez-tez yıxılan, əl-ayağı cızılan uşaqların dərisinin sağlamlığında qarayağlı sabun daha effektivdir. Bəzən deyirlər ki, qarayağlı sabunu yalnız ehtiyac olanda istifadə etmək olar. Bu, yanlış fikirdir. Gündəlik gigiyenada da qarayağlı sabun əvəzsizdir. 

Neyrodermit, pioderma, eqzema kimi dəri xəstəliklərinin sağalması prosesində  qarayağlı sabun müalicəvi effekt göstərir. 

Üz dərisini qarayağlı sabunla yumaq ləkələrin əmələ gəlməsinin qarşısını alır. Amma bir şeyi unutmayın ki, sabunun qurutma qabiliyyəti var. Ona görə də, dəridə quruluq yaranarsa, çox narahat olmayın və təbii nəmləndiricilərdən istifadə etməkdən çəkinməyin. 

İntim gigiyenada qarayağlı sabun. 

Aptek və mağazalarda satılan digər intim təmizlik vasitələrindən fərqli olaraq, qarayağlı sabun dəridə və nahiyədə heç bir problem yaratmır.  Mütəxəssislər qadınlara məsləhət görür ki, mikrofloranın qorunması üçün həftədə  2, uzağı, 3 dəfə qarayağlı sabunla yuyunmaq kifayət edir. 

Vaginal göbələk infeksiyalarının aradan qalxmasında  effektiv olan qarayağlı sabunun bu ərəfədə istifadəsində müəyyən qaydalar gözlənilməlidir. Məsələn; 1 həftə boyunca gündə 2 dəfə-səhər və axşam vagina qarayağlı sabunla yuyulmalıdır. Amma çalışılmalıdır ki, qarayağlı sabunla yuma halları intensivləşməsin və sabun daha dərinə getməsin. Hər iki halda da  nahiyədə narahatlıq baş qaldırar. 

Xatırlatmaq istəyirəm ki, vaginal problemlərdə sabun profilaktik məqsədlə istifadə olunur. Yəni, mütləq müalicə deyil. Mütəxəssislə məsləhətləşmək ən birinci vəzifə olmalıdır. 

Yeniyetməliyə qədəm qoyan qız uşaqlarının tez-tez qarayağlı sabunla vaginal nahiyəni yumağı tövsiyə edilmir. Çünki nahiyədə quruluq yaranır, dəridə qaşınma olur, hətta disbakterioza qədər gəlib çıxır. 

Saçların tökülməsinə qarşı, saçların uzanması və ya həcminin artması üçün də qarayağlı sabundan istifadə etmək ənənəvi üsullar sırasındadır. 2 çay qaşığı  kastor yağını  1 xörək qaşığı sürtgəcdən keçirilmiş qarayağlı sabun ilə qarışdırın. İstənilən növ efir yağından bir neçə damcı bu qarışıma əlavə edin. Yaxşıca qarışdırın. Alınan məhlulu barmaq ucları ilə saçın  diblərinə sürtün. 15 dəq sonra başınızı isti su ilə yuyun.  Bu cür maskadan sonra saça şampun vurmaq məsləhət deyil. 
    Kəpək əleyhinə vasitə kimi də qarayağlı sabun qiymətlidir. Sadəcə, bu zaman qarayağlı sabunla başınızı sabunladıqdan sonra isti və ya ilıq suyla yumağınız yaxşıdır. Çünki qaynar su  sabunun  baş dərisindəki təmizləmə işinə mane olur.  Bir şeyi də qeyd edim ki, qarayağlı sabunla yuyulan saç bərk və cod olur, saçların daranması çətinləşir. Buna görə də, yuduqdan sonra saça az miqdarda sirkə və ya nəmləndirici balzam çəkin.  Qarayağlı sabunla ilk yumadan sonra saçınızdakı kəpəyin azaldığını hiss edəcəksiniz. Prosedurun müddəti maksimum  1 aydır. Bundan sonra, ən azı, 2 ay saçın dincəlməyi üçün vaxt lazımdır. 

Sızanaqları yox etmək üçün qarayağlı sabunun köpüyü ilə nahiyəni kompres eləmək vacibdir. Yaxşı olar ki, kompres bütün gecə boyu qalsın. Səhər yuxudan oyandıqda müsbətə doğru irəliləyişi özünüz də görəcəksiniz. Proseduru sızanaqlar yoxa çıxanadək hər gün təkrarlayın. 

Səpkilərin əmələ gəlməsinin qarşısını almaq da qarayağlı sabunun hünərləri sırasındadır.  Qeyd edim ki, sabun bütün tip dərilər üçün faydalıdır. Mütəmadi olaraq, qarayağlı sabunla yuyulan üz dərisində səpkilər, irinli yaralar və s. bu kimi problemlər olmur.  Həmçinin, üzdə qırışlar da intensiv  şəkildə yaranmır.  Hər gün 2 dəfə 30 san müddətində qarayağlı sabun köpüyü ilə üzünüzdəki qırışları masaj edin. Sonra üzünüzü soyuq su ilə yuyun. Dəriniz hamar və təravətli olacaq. Bundan əlavə, sabunla üz üçün xüsusi maska da hazırlamaq mümkündür. Sabunu sürtgəcdən keçirin, azca su ilə nəmləndirin və  alınan qarışımı üzünüzə çəkin. 15-20 dəq sonra, əvvəlcə, isti, ardınca da həmən soyuq su ilə üzünüzü yuyun ki, məsamələr qapansın. Təxminən, yarım saat sonra dəriyə nəmləndirici krem çəkmək olar. 

Qaşınma zamanı da qarayağlı sabun köməyə çatır. Bayaq da qeyd etdim ki, dəri problemləri zamanı qarayağlı sabun müalicəvi təsir edir.  Sabun köpüyünü qaşınan nahiyəyə çəkin, dəridə görünməz olanadək gözləyin, sonra ilıq su ilə nahiyəni yuyun. Sabun köpüyünü dırnaqların təmizlənməsi üçün də istifadə edə bilərsiniz. 

Qarayağlı sabun bit əleyhinə vasitə kimi də şöhrət tapıb. Əvvəlcə, saçı istədiyiniz şampunla yuyun. Sonra qarayağlı sabun və az miqdarda suyun qarışımı ilə hazırlanan qatı mayeni saçınıza yaxın. Çalışın ki, saçınızın bircə teli belə, kənarda qalmasın. Başınızı polietilenlə sarıyın və 30-40 dəq gözləyin. Üşümə hiss etsəniz, polietilenin üstündən dəsmal, yaxud  şal da bağlaya bilərsiniz. Açarkən başınızı isti suyla yuyun. Proseduru 10 gün davam etdirin və bitlərdən yaxa qurtardığınızın şahidi olun. Mütəxəssislər bu prosedurun ardınca saça nəmləndirici balzamlar çəkməyin komfort hissi yaratdığı fikrindədirlər. 

Zərərləri və əks təsirləri. 

Əgər düzgün istifadə etsəniz, qarayağlı sabunun sizə heç bir ziyanı dəyməyəcək. Yeganə əks təsiri  orqanizmin individual reaksiyasıdır.  Bunu da yoxlamaq asandır. Qarayağlı sabundan köpük hazırlayın və həmin köpüyü 10 dəq ərzində dərinizin həssas yerlərindən birində saxlayın. Əgər qaşınma, qızarma kimi hallar yoxdursa, rahatca istifadə edə bilərsiniz. 

Bir də, ekspertlər və mütəxəssislər hamiləlik zamanı intim nahiyələrin qarayağlı sabunla yuyulmasının əleyhinədir. Çünki zəngin tərkibi sayəsində uşaqlıq boynundakı nəm balansına təsir edə bilər. 

Yuyunarkən qarayağlı sabun köpüyünün gözə dəyməməsinə çalışın. Yoxsa gözləriniz qızarar, acışar, hətta ağlaya da bilərsiniz.  Quru baş dərisinin mütəmadi qarayağlı sabunla yuyulmaması da tövsiyələr sırasındadır. Səbəb kimi, quru dərinin daha da quruması, qabıq verməsi göstərilir. 

Sabuna qarşı individual allergiya qəfildən meydana çıxır. Buna görə də, hər hansı narahatlıq hiss etsəniz, mütləq həkimə müraciət edin. 

Aysun / Demedia.az