Varikoz genetik xəstəlikdirmi? - Araşdırma



 21:31 19.12.2022     1307

Varikoz son illərdə geniş yayılmış xəstəliklərdəndir. Onun əmələ gəlməsi, səbəbləri və müalicə üsulları daim maraq dairəsindədir. Müalicə edilməsə, həyati təhlükə daşıyır. 

Aşağı ətrafların varikoz genişlənməsi 1-5 mm həcmində damar dağılmaları ilə müşahidə edilir. Bundan sonra  ayaqlara, baldır hissələrinə istənilən toxunuş, təmas qızarıqlıq, qəhvəyi ləkə və yaxud ağarmalarla nəticələnir.

Varikoz genetik xəstəlikdirmi? 

Genetik faktorlar istənilən xəstəliyin əmələ gəlməsi və meydana çıxmasında önəmli yerə malikdir. Statistikaya əsasən, valideynlərində  varikoz olmayan insanların ayaqlarında varikoz yaranma ehtimalı 20%-dir. Genetik faktor bu göstəricini yüksəldir. Valideynlərinin yalnız birində varikoz olan qadınların 60%-i, kişilərin isə 20%-i bu xəstəlikdən əziyyət çəkir. Atada və anada varikoz varsa, uşağın bu xəstəliyə tutulma riski 90%-dir. 

Niyə qadınlarda kişilərdən daha çox varikoz olur? 

Statistikaya görə, varikozdan əziyyət çəkən hər 3 insandan 2-i qadın, 1-i kişidir. Müasir dövrdə hər 100 qadından 7-inin varikoza tutulma riski var.  Ümumi sağlamlıq problemləri nəzərə alındıqda, bu rəqəmlər olduqca dəhşətli göstəricilərdir. Səbəblər sırasında hormonal dəyişikliklər, hamiləliklər, doğuşlar, hamiləlik əleyhinə dərmanlardan istifadə də var. 

Varikoz hansı yaş qrupunda daha çox görülür?

Maraqlısı odur ki, varikozun yaşla heç bir əlqaəsi yoxdur. Varikozdan əziyyət çəkən uşaqların sayı da ilbəil artmaqdadır.  Rəqəmlərə əsaslansaq, 50 yaşdan aşağı insanların 25%-i, 60 yaşdan yuxarı insanların 46%-i  varikozdan əziyyət çəkir.

Xəstəliyin diaqnozu necə qoyulur? 

Varikoz damar xəstəliyidir. Bu səbəblə də, mütləq bu sahədə ixtisaslaşmış həkimə müraciət olunmalıdır. Xəstəliyin şiddətini (xəfif, orta, irəli dərəcədə) və hansı damarlardan qaynaqlandığını dəqiqləşdirmək üçün “venoz ultrasəs-doppler” müayinəsi aparılmalıdır. Müayinələr yataqda, yaxud ayaqüstə aparıla bilər. Müalicəyə yalnız görünən damarlardan başlamaq problemin kökündən həll edilməsi demək deyil. 

Əməliyyat hansı hallarda mütləqdir? 

 Ayaqlarınızda aşağıdakı əlamətlər varsa tibbi müdaxilə mütləqdir: 
-damar şişmələri: ayaqlarda 5 mm və ya daha qalın, spagetti kimi görünən, qıvrımlı, hər an içində laxta yarana biləcək damarlar varsa; 
-ayaq ağrısı: qan dövranının pisləşməsi damar ətrafındakı nahiyədə problemlər yaradır, orqanlara da ziyan vurur. Səhərdən  az-az başlayan, axşama doğru artan, dabandan yuxarıya doğru qalxan ağrılar varsa;
-ayaqda şişkinlik: qan dövranının pisləşməsi varikozun başqa bir əlamətidir. Ayaqlardakı çirkli qanın ürəkdə və ağciyərlərdə təmizlənməsi üçün pompalanmasında problem yarandıqda daha çox diz altında, baldırın aşağısında göyərmələr, qəhvəyi ləkələr yaranır, şişkinliklər peyda olur; 
-dəridəki dəyişikliklər; ayaqlardakı varikozlar müalicə edilmədikdə xəstəlik daha da irəliləyir. Baldırın aşağısında qaşınma, qızarma, qəhvəyi ləkələr əmələ gəlir. Bəzən bu problemlər 2-3 ay davam edir; 

Varikozun qarşısını almaq mümkündürmü? 

Varikozun qarşısını almaq üçün xüsusi üsul yoxdur. Həyat tərzimiz, iş şəraitimiz, hamiləlik kimi faktorlarla yanaşı, bəzi dərmanlar və genetik xəstəliklər də varikozun yaranmasına stimul verə bilir. Ən önəmlisi isə genetikadır. Uşaq-böyük fərq eləmir, xəstəlik hər an peyda olur. Qadınlarda hündürdaban ayaqqabı, dar şalvar, uzunmüddətli günəş altında qalmaq, dizəcən olan corablardan istifadə etməmək, hava buraxmayan corablar geyinmək varikozların səbəbləri sırasındadır. 

Varikozun müalicəsində ən son yeniliklər hansılardır? 

İrəliləyən texnologiya xəstələrin müalicə şansını artırır. İstər radiofrekans, istər lazer enerjisi istifadə edilsin, yaxud “nazik plastik boru” olaraq bilinən bir kateter vasitəsilə venaya cərrahiyyəsiz müdaxilə olsun- hamısı varikozu sonlandıra bilir. Bəzən isə istilik ötürməklə damardakı şişkinlik azaldılır, damar nazilir. Üsullar 80-90% uğurla nəticələnir. 

Varikozun təkrarlanma riski varmı? 

Varikozun klassik əməliyyatla aradan qaldırılması üsulu ona görə daha istifadə edilmir ki,  növbəti 5 ildə varikozun təkrarlanma ehtimalı 50-70% olur. Endovenoz lazer ablasiya üsulu ilə aparılan müalicənin sonrasında isə təkrarlanma göstəricisi 9-14%-dir. Risk faktorları nəzərə alınaraq kapillyarların kosmetoloji müalicəsi də aparıla bilir. 

Varikoz həyati təhlükə yaradırmı? 

Varikoz müalicə edilmədikdə, zamana buraxıldığında ayaq damarlarında laxta əmələ gəlməsinə zəmin hazırlayır. Bu laxtanın sonradan orqanizmin istənilən yerinə çatması, orda problem yaratması ehtimalı yüksək olur.  Laxtanın ağciyərə, yaxud ürəyə çatması isə ölümlə nəticələnir.

Bahadur Seyidov / Demedia.az