Təzyiq necə ölçülür? - Bu qaydalara DİQQƏT EDİN
Təzyiqi ölçən zaman müəyyən qaydalara əməl olunmalıdır. Əgər bunları bilməsəniz, təzyiqi səhv ölçmüş olursunuz.
Bu qaydalar hansılardır?
Qan təzyiqi yəni hipertoniya çox hiyləgər xəstəlikdir. İlk mərhələlərdə heç bir simptomla özünü biruzə vermir. Bu isə çox təhlükəlidir. Gizli inkişaf edən hipertoniya tədricən insanın ürək-damar sistemini, böyrəklərini, gözlərini sıradan çıxardır. Bu səbəbdən təzyiqin vaxtaşırı olaraq ölçülməsi olduqca vacibdir. Bəs təzyiqi doğru ölçmə qaydaları hansılardır? 1. Təzyiqi yemək yedikdən, çay və ya qəhvə içdikdən, siqaret çəkdikdən dərhal sonra ölçmək olmaz. Sidik kisəsi boş olmalıdır. 2. Təzyiqi ölçdükdə danışmaq, gülmək, yemək yemək olmaz. Bu göstəricilərin daha yüksək olmasına gətirib çıxarır. 3. Təzyiqi ölçməzdən 5 dəqiqə əvvəl sakit oturmaq lazımdır. Çünki hansısa fiziki iş, yaxud idman hərəkətləri təzyiqi daha yüksək göstərir. 4. Təzyiq ölçülən qolu masanın üzərinə rahat qoymaq lazımdır. Qolun gərgin olması, "sallanması" zamanı təzyqin göstəriciləri daha yüksək olur. 5. Paltarın qolunu mütləq qatlamaq lazımdır. Tonometrin manjeti paltarın üzərində yerləşdikdə bu təzyiqin səhv ölçülməsinə gətirib çıxardır. 6. Təzyiqin ölçülməsi zamanı ayağı ayağın üzərinə qoymaq, narahat poza almaq, önə əyilmək olmaz. 7. Təzyiqi 5-10 dəqiqə fasilələrlə 3 dəfə ölçün və ən aşağı göstəricini götürün.
Məsələn, birinci dəfə 140/90 mm c. st., 2-ci dəfə 135/86 mm c. st, 3-cü dəfə 138/90 mm c.st göstərilibsə, 135/86 mm c.st götürülür. Əgər təzyiqin ölçülməsi zamanı orta yaşlı insanda göstəricilər daim 139/89 mm c.st-dan yuxarıdırsa, həkimə müraciət edin. Bu sizdə hipertoniyanın inkişafına işarə edə bilər. Yüksək qan təzyiqi bu gün nəinki yaşlı, gənclər arasında da xeyli yayılıb. Yediyimiz hansısa qida, yaxud bədənimizdəki xəstəliklər qan təzyiqimizin yüksəldə bilir. Bəs maraqlıdır, yüksək təzyiq, yəni Hipertoniyanın əsas əlamətləri nələrdir? Xəstələrdə yorğunluq, baş ağrıları, başgicəllənmə, ürək nayihəsində, baş-boyun hissədə ağırlıq halları ola bilər. İlk əlamətlər spesifik deyil, daha çox ümumi xarakter daşıyır. Bəzi insanlar vardır ki, onlar yüksək təzyiqə adi bir xəstəlik kimi baxırlar. Halbuki, uzun müddət hipertoniya xəstəliyindən əziyyət çəkən və müalicə olunmayan xəstələr bir müddət sonra təzyiq səbəbindən digər orqanlarında patoloji dəyişikliklər əmələ gəldiyinin şahidi olurlar. Türkiyədən olan mütəxəssislər isti havada ürəyin daha çox qan pompaladığını qeyd edərək, yüksək təzyiqi olanların daha diqqətli olmalarının vacibliyini vurğulayıblar. Məlumata görə, normal şəxslərlə müqayisədə təzyiqi olanlarda iflic olma riski 7 dəfə artıqdır.
Ona görə də təzyiq xəstələrinin daim diqqət altında olmaları tələb olunur. Əks təqdirdə isə ürək infarktı, insult, böyrək çatışmazlığı, görmə pozulmaları, aorta damarlarında genişlənmə, yırtılma kimi bir çox problem ortaya çıxa bilər. Təzyiqi normada saxlamaq üçün qan dövranını normallaşdırmaq lazımdır, xroniki bir narahatlıq olan kimi təzyiq yüksələ bilər.
Təzyiq xəstəliyi həm genetik ola bilər, həm də stress, siqaret, alkoqolun təsirindən, eləcə də çəki artıqlığı və s. kimi səbəblərdən yaranması mümkündür. Artıq çəkili insanların 60 faizindən çoxunda yüksək təzyiq problemi ortaya çıxır. Çəkidə 10 faizlik artım damarlarda təzyiqi artırır və təzyiq yüksəlir. Bunun üçün ideal bədən kütlə indeksinə sahib olmaq, təzyiqi aşağı salma mövzusunda ən təsirli tədbirdir. qidalanmaya diqqət etmək, çəkini daim normada saxlamaq lazımdır. Duz, şəkər və undan mümkün qədər istifadə etməmək lazımdır. Eləcə də konservləşdirilmiş, paketlənmiş qidalardan uzaq olmaq tövsiyə edilir.
Xəyalə Məmmədova / Demedia.az