Qəbizlik nədir, necə müalicə olunmalıdır? - Araşdırma



 20:32 22.12.2022     1641

Statistika göstərir ki, orta yaşlı hər 3 qadından biri, orta yaşlı hər  5 kişidən biri  qəbizlikdən əziyyət çəkir.

Bəs, qəbizlik nədir? 

Əvvəlcə, normal “çölə çıxmaq” haqqında danışaq.  İnsanlar, adətən, gündə 1 dəfə, bəzən isə gündə 2 dəfə “çölə çıxırlar”. Elə insanlar da var ki,  müddət günaşırı, yaxud iki gündən birdir.  Əgər vəziyyət həftədə 3 dəfədən azdırsa, demək, konstipasiyadan, yəni, qəbizlikdən şübhələnməyə dəyər. 

Xroniki konstipasiyanın səbəblərini belə sıralamaq olar: 
-nizamsız və balanssız qidalanma; 
-qidalar vasitəsilə yetəri qədər lif qəbul edilməməsi;
-lazımi qədər maye qəbul edilməməsi; 
-“çölə çıxmaq” ehtiyacının şüurlu şəkildə gözardı edilməsi; 
-hərəkətsizlik;
-qarın əzələlərində zəifləmə; 
-səyahətlər; 
-stress; 
-depressiya; 
-tiroid hormonu çatışmazlığı; 
-ağrıkəsicilər, anti-depresantlar, kalsium və dəmir əlavələri, alminium tərkibli turşu əleyhinə mədə dərmanları kimi preparatlar; 
-şəkərli diabet; 

    Qəbizlik insana narahatlıq verməklə bərabər zamanında müalicə edilməsə, müxtəlif komplikasiyalara da səbəb ola bilir. 
Fecal impaction: nəcisin qatılaşması. İmalə  kimi müxtəlif müdaxilələrlə, bəzən isə, hətta əməliyyatla bağırsaqların boşaldılması lazım gəlir; 
Hemoroid: nəcisin rektuma təzyiqi nəticəsində insanın daim gücənməsi ilə əmələ gəlir;
Anal dəlikdə yırtıqlar: fissur və  fistullar; 
Rektal prolaps: qalın bağırsağın içinin eşiyə çıxması; 
Qalın bağırsaq xəstəlikləri: məsələn; divertikulit; 
Qalın bağırsaqda xərçəng; 

Qəbizlik gözlə görülən komplikasiyalardan əlavə, ciddi metabolizma xəstəliklərinə də, ürək-damar problemlərinə də yol aça bilir.  Ümumiyyətlə, qəbizlik bağırsqların, dolayısı ilə, həzm sisteminin düzgün işləməməsinin göstəricisidir. 
Son zamanlarda “mikrobiom” terminini tez-tez eşidirik. Bu termin bağırsaqlardakı bakteriyaların cəmini ehtiva edir.  Bakteriyalar şəkər, xolesterol metabolizmamıza, immun sistemimizə, hətta əhval-ruhiyyəmizə belə, təsir edir.  Xroniki qəbizlikdən əziyyət çəkənlərdə  bağırsaq bakteriyalarının müxtəlifliyi və növləri dəyişir. Bu da ciddi metabolik xəstəliklərə zəmin yaradır. 
Göründüyü kimi, qəbizlik etinasız yanaşılacaq vəziyyət deyil.  Müalicə olunmasa, gələcəkdə ciddi komplikasiyalara yol aça biləcək qəbizlikdən yaxa qurtarmağın da üsulları var. 
Bəli, qəbizlik müalicəsi olan xəstəliklərdəndir. Ən birinci, qidalanma nizamına riayət edilməli, rasiona liflə zəngin qidalar daxil edilməlidir.  Lifli qidalar bağırsaqlarda su ilə birləşərək müəyyən həcmə malik kütlələr halına düşür və bağırsaq fəaliyyətini dəstəkləyir.  Bağırsaqdakı kütlələr böyüdükcə, bağırsaq hərəkətləri intensivləşir.  Milli mətbəxində liflə zəngin qidalar üstünlük təşkil edən ölkələrdə aparılan araşdırmalar göstərib ki, həmin ölkənin vətəndaşlarının çox az qismi qəbizlikdən əziyyət çəkir. 
Dolayısı ilə, nəcisin miqdarı və “çölə çıxmağın” nizamı, keyfiyyəti  birbaşa yeyilən lifli qidaların miqdarına bağlıdır. Liflə zəngin qidalar aşağıdakılardır: 
Noxud; 
Mərcimək; 
Lobya; 
Brokoli;
Gül kələm; 
Kələm; 
Qarğıdalı; 
Buğda yarması; 
Yulaf; 
Kətan toxumu və ya unu; 
Alma; 
Armud; 
Balqabaq; 
İspanaq; 
Göyərtilər; 

Lifli qidaların qəbulu ilə paralel bol miqdarda içilən su liflərin şişməsini, bayaq qeyd etdiyim kimi, bağırsaqlarda kütlə yaranmasını təmin edir. Digər yandan,  el arasında qəbizliyin aradan qaldırılmasına kömək edən, gündəlik olaraq tətbiq edilən bəzi üsullar da mövcuddur. Sadəcə, vurğulamalıyam ki, üsulların təsir etməsi individualdır.  Türkəçarə üsullar bunlardır: 
-gavalı və ya ərik qurusu yemək; 
-təzə əncir yemək; 
-zeytun yağı içmək; 
-zeytun yağında qovrulmuş ispanaq yemək; 
-aloe vera geli qəbul etmək; 

    Bundan əlavə, qəbizliyi yox etmək üçün bitki çaylarından istifadə edilməsi də dünyada olduqca geniş yayılıb. Bu məqamda  unutmayın ki, bazardan dəstə ilə aldığınız çiçəkləri dəmləyib içərkən bəzən lazım olan dozanı, yaxud istifadə qaydasını bilmək şansınız olmur. Yaxşı olar ki, istifadə təlimatına malik olan aptek  versiyalarına üz tutasınız. 
Bayaq qeyd etdim ki, xroniki qəbizliyin ən önəmli səbəblərindən biri hərəkətsizlikdir.  Müasir dövrümüzdə gündəlik hərəkət miqdarımız azalıb.  Buna paralel olaraq,  qəbizlik  çağdaşlarımız arasında günbəgün artmaqdadır.  Hərəkətsiz həyat tərzində enerji sərfiyyatımız azalır. Həzm sistemi də bütün orqanizmin tempinə uyaraq, daha az enerji yandırmağa cəhd edir.  Beləcə, bağırsaqlar da tənbəlləşir.  Şüurlu şəkildə hərəkət etmək, aktiv həyat tərzinə üstünlük vermək də qəbizliyi sonlandırır.  Dəfələrlə vurğulamışam ki, gün ərzində, ən azı, 10 min addım atmaq orqanizmin sağlamlığına faydalıdır.  Bu addımların qəbizliyin çarəsi olduğunu da xatırlatmağı özümə borc bilirəm. 
Qəbizliklə mübarizədə önəmli ünsürlərdən biri də sudur.  Bilirik ki, su içməyin xüsusi ölçüsü yoxdur. Bədənin su ehtiyacının miqdarını beynimiz müəyyən edir.  Amma qəbizliyi aradan qaldırmaq naminə lifli qidalar yedikdə, içdiyimiz suyun miqdarını artırmalıyıq. Çünki su həm bağırsaqlarda kütlə yaradır, həm də   daxili orqanların aktiv fəaliyyətini dəstəkləyir. 
Qəbizliyin səbəbləri sırasında “çölə çıxmaq” ehtiyacının gözardı edilməsinin olduğunu bayaq da demişdim.  Hansısa bir səbəbdən dolayı,  “çölə çıxmaq” ehtiyacı nəzərə alınmadıqda, bir sonrakı bağırsaq hərəkəti daha gec və daha zəif olur.  Üstəlik, növbəti hərəkətə qədər olan müddətdə  bağırsaqdakı nəcisin suyu çəkilir, qatılaşır. Bu da “çölə çıxmağı” daha da çətinləşdirir. Burda qarşımıza qəbizliyin müalicəsindəki ən önəmli ünsür çıxır. Bu da “bağırsaq təlimi”dir. 
İnsan günün müəyyən saatında nizamlı olaraq,  “çölə çıxırsa”, bu, onun “bağırsaq təlimi” metodunu tətbiq etməsinin nəticəsidir.  “Bağırsaq təlimi” bir az əzm və səbir gərəkdirir. “Bağırsaq təlimi”nin ən asan  yolu bədən ritmimizə uyğun davranmağımızdır.  Gecə yatarkən beynimizlə birgə bağırsaqlarımız da “dincəlmə” rejiminə keçir. Bağırsaqda hərəkətlilik azalır, həzm fəaliyyətləri yavaşlayır. Səhər yuxudan oyandığımızda bağırsaqlar yenidən hərəkətə keçir.  Bu yenidən aktivliyi dəyərləndirib günün birinci yarısında “çölə çıxmaq” vərdişinə yiyələnmək çox önəmlidir. Bunu asanlaşdırmanın bir yolu da təbii reflekslərimizin birindən yararlanmaqdır. Bu da qastrokolik refleksdir. Yəni, biz nəsə yedikdə, içdikdə mədədəki reseptorlar qalın bağırsaqlara siqnal ötürür və onları  hərəkətliliyə sövq edir. Yuxudan oyananda bir stəkan su içmək, bir az çay içmək, yüngülcə nəsə atışdırmaq belə, bağırsaqların hərəkətə keçməsinə təkan verir. Bu halda, qastrokolik refleksdən faydalanaraq, “çölə çıxmaq” ehtiyacı duymasaq belə,  şüurlu şəkildə  “bağırsaq təlimi” ilə məşğul olmaq  sağlamlığımız üçün vacibdir. 
Qəbizliyin qarşısının alınmasında və müalicəsində  önəmli ünsürlərdən biri də “çölə çıxmaq forması”dır.   Günümüzdə unitazda oturmaq standart “çölə çıxmaq” qaydasıdır. Amma insan biologiyasının ən təbii “çölə çıxmaq” forması çöməlməkdir. Minilliklər boyunca əcdadlarımız çömələrək “çölə çıxıblar”. Və bu, təkcə seçim deyil. Rəsmdən də göründüyü kimi, çömələrkən qarın əzələləri boşalır, bağırsaqla rektum arasında müəyyən bucaq əmələ gəlir.  Və bu bucaq düzləşərkən “çölə çıxmaq” daha asan olur.  Qəbizlikdən əziyyət çəkənlər  çömələrək “çölə çıxmağı” seçsələr,  proses daha asan baş tutar. 
Qısacası, qəbizliyi vaxtında müalicə etmək lazımdır ki, orqanizmdə daha ciddi fəsadlara səbəb olmasın. “Bağırsaq təlimi” orqanizmin sağlamlığı baxımından önəmlidir.  Xülasə: 
-rasionunuzda lifli qidalara üstünlük verin; 
-aktiv həyat tərzi keçirin; 
-bol miqdarda su için; 
-xalq təbabətindən istifadə etməkdən çəkinməyin; 
-“çölə çıxmaq” ehtiyacınızı gözardı etməyin; 
-çalışın ki, hər gün eyni saatda “çölə çıxasınız”; 
-tualetdə çətinliyiniz varsa, çömələrək “çölə çıxmağı” sınaqdan  çıxarın;  

Bütün bunlardan əlavə, həkimə müraciət etməyi ertələməyin. 

Bahadur Seyidov / Demedia.az