Pornonun ziyanı nədir? - Araşdırma



 23:13 22.12.2022     1818

Dünyanın müxtəlif bölgələrində insanlar fərqli dildə danışırlar. Onların mədəniyyəti, mətbəxi, hətta, yaşanan hadisəylə bağlı duyğuları da bir-birilə eyni  deyil.  

Lakin, son illərin statistikası bu müxtəlif mədəniyyətli insanların ortaq nöqtələrindən birinin pornoqrafiya izləmək olduğunu açıqladı... 
İnternet sayəsində pornoqrafiya daha əlçatan olub. Eyni zamanda, “porno” sözü internetdə ən çox axtarılan kəlmələr siyahısındadır. Bəs, pornoqrafiyaya baxmaq insanların həyat tərzinə necə təsir edir? 
Bəzi yerlərdə pornoqrafiyaya aludə olmaq psixoloji xəstəlik kimi dəyərləndirilir. ABŞ-ın Yuta ştatında siyasətçilər pornoya baxmağı normal cəmiyyət üçün təhdid hesab edirlər. 
Newcastle (Nyukastl) Universitetindən olan araşdırmaçılara görə, porno izləyənlər müasir dövrdə özlərini virtual dünyanın bir üzvü kimi görürlər. Bu da onların psixologiyasına mənfi təsir edir. Onlar virtual dünyayla real həyat arasındakı naməlumluqda qalır, get-gedə antisosiallığa meyl göstərirlər. Bəzən də etdikləri hansısa pis əməli, zərərli vərdişləri normal qəbul edir, real həyatda ətrafındakıları, ailə üzvlərini onunla razılaşmağa məcbur edirlər. 
    Bu qədər araşdırmalardan sonra elm adamları etiraf ediblər ki, pornoqrafiyanın insan həyatına zərərləri barədə tam dəqiqliklə nəticə əldə etmək, fikir bildirmək mümkünsüzdür. Çünki, hər gün məktəbdə lövhənin qarşısına keçib uşağına dərs keçən müəllimin, yaxud iş yerində müdirinin, lap elə, illərlə tanıdığın əmioğlunun, qonşunun belə porno izləyicisi olub-olmadığını bilmək olmur. 
    Buna baxmayaraq, pornoqrafiyanın insanlarda şiddətə meyl yaradıb-yaratmadığı ən önəmli araşdırma mövzusu olaraq qalır. 
    1960-cı illərin sonundan etibarən  Danimarka, İsveç və Almaniyada pornoqrafiyaya baxmaq qadağası götürülür.  1970-ci illərdə Kopenhagen Universitetində kriminologiya professoru Berl Kutchinsky bir araşdırma başlayır. O, Danimarka, İsveç və Almaniyadakı cinsəl cinayətlərin hesabını aparır. Maraqlı nəticə əldə edir: pornoqrafiya yasağı qaldırılandan sonra bu ölkələrdə cinsəl cinayətlər mühüm dərəcədə azalır, cinsi şiddətə meyl göstərənlərin davranışları yumşalır. 
    1995-ci ildə bu mövzuda aparılan 24 araşdırmanın nəticələri analiz edildi. Təxminən, 4 min nəfər obyekt seçildi və pornoqrafiyanın onların həyat tərzinə necə təsir etdiyi yoxlanıldı. Məlum oldu ki, porno izləyənlərlə izləməyənlər arasında elə də fərq yoxdu. Yalnız, bu 4 min nəfərin əksəriyyəti “ilk görüşdə kişinin evinə gedən qadın yatağa atılmağa hazırdı”  fikrinə qarşı çıxırdı. Onlar ilk görüşdə qadına əl uzadan kişiləri təcavüzkar kimi qiymətləndirirdilər. Beləcə, yenə ponoqrafiya ilə cinsi şiddət arasında əhəmiyyətli əlaqə olub-olmaması sual altında qaldı. 
    Amma, son illərdə izləyicilər özləri də pornoqrafiyanın şiddət tərkibli olmasından şikayət edirlər. Pornoqrafiya haqqında çəkilən sənədli filmlərin birində  olduqca maraqlı məsələ önə çəkilib. 1990-cı illərin məhşur porno ulduzlarından biri müsahibə zamanı deyir: “Bizim vaxtımızda sevişmə yataqdaydı. İndikilərin çoxu döyülür, şiddətə məruz qalır və təcavüzə uğrayır. Bu, sevişmə deyil!” 
    Lakin, 2009-cu ildə 80 videonu gözdən keçirən başqa bir araşdırmada porno ilə şiddətə meyllilik arasında heç bir bağ tapılmadı. 2010-cu ildə tədqiq edilən 300 porno videodan 88%-ində  qadına qarşı şiddət müşahidə edilsə də, elə həmin videdoakı qadınların özü bu davranışa normal reaksiya verib. 
    Pornoqrafiya ilə biznes kimi məşğul olanlar məhz bu araşdırma nəticələrini əllərində bayraq edərək ayağa qalxır, “pornonun şiddətli cinsəl cinayətlərə səbəb olduğuna dair heç bir elmi sübutun tapılmadığına” diqqət çəkirlər. 
    Kaliforniya Universitetindən Neil  Malamuth da pornoqrafiya ilə cinsəl cinayətlər arasındakı əlaqəni müəyyən etməkçün çox araşdırma aparıb. Onun açıqlamasında  deyilir ki, “cinsəl şiddətə meylliliyin mahiyyətində pornoya baxmaq dayanmır”. “Porno da siqaret, yaxud alkoqol kimi asılılıqdır. Amma, hər siqaret çəkən, yaxud alkoqol qəbul edən cinayətkar olmadığı kimi, hər pornoya baxan da cinayətkar deyil. Kimsə cinayət törədirsə, səbəbini onun daxilində və həyatının hər köşəsində axtarmaq lazımdır”-deyə Malamuth bildirib. 
    2014-cü ildə başqa bir araşdırma isə  pornonun insan beyninə təsirindən bəhs edir. Berlindəki Max Planck İnstitutundan olan araşdırmaçılar porno izləyən 60 kişinin beyninin ölçülərini götürdü. Onlara porno izləmək vərdişləri haqqında müxtəlif suallar verdilər. Məlum oldu ki, həmin kişilərin beynində zövq mərkəzi kiçilib. Beləcə, onlar hər gün daha çox porno izləməklə zövq almağa ehtiyac duyurlar. 
    İngiltərədə məktəblərdə cinsi xarakterli davranışlara məruz qalan uşaqlarla əlaqədar bir raport hazırlanıb. Həmin raportda 17 yaşlı oğlan uşağının dedikləri ictimaiyyət üçün “SOS” siqnalı sayılıb. Həmin oğlan deyib: “Bir dostum var, sevgilisinin porno ulduzu kimi geyinməsini, onlar kimi davranmasını istəyir. Çünki, pornoya hamının əli çatır. Əlimizdəki telefonla məktəbdə, avtobusda, idman zalında-harda olsaq pornoya baxa bilirik”. 
    Bundan sonra bir çox araşdırmaçılar pornonun qadınla kişinin cinsi həyatına necə təsir etdiyini tədqiq etməyə çalışdılar. Araşdırmada gənclərdən çox, orta yaşlılar iştirak etdi, alınan nəticələr isə bir-birini təkzib etdiyindən konkret hesabat hazırlamaq mümkün olmadı. 
    1989-cu ildə Douglas Kenrick (Duqlas Kenrik) porno izləyən kişilərin qadınlara olan maraqlarının azaldığını deyirdi. Amma, yaxın illərdə elmlər doktoru olmağa hazırlaşan Rhonda Balzarini tamamilə fərqli nəticələr ortaya qoydu. O, hamısı heteroseksual olan 150 qadın və 400 kişi üzərində apardığı araşdırmada bu inancın yanlış olduğunu müşahidə etdi. 
    Bu ilin mayında yayınlanan başqa bir araşdırmada deyilir: “Porno izləməyə başlamaq ailədə boşanmaya aparan ilk addımdır”. Səbəb kimi də ABŞ-da porno izləyən kişilərin boşanmaya meylli olması göstərilirdi. Psixoloqlar bu nəzəriyyəni dəstəkləmir. Onların fikrincə, porno izləməyi boşanma öncəsi davranış, yaxud xoşbəxt olmayan evliliyin göstəricisi kimi nəzərə almaq daha doğru olardı. 
    Adətən, pornoqrafiya tərəflərin cinsi aktivliyinə zərər vuran amil kimi  dəyərləndirilir. Mütəxəssislər, bu məqamda izlənilən videonun növünün əhəmiyyətindən danışırlar. Onların fikrincə, kişilər pornonu daha çox təklikdə izləyirlər, qadınlarsa partnyorları ilə izləməyə üstünlük verirlər. Buna görə də porno izləyən kişilər həyatlarından məmnun olmur. Qadınlarsa, əksinə, daha çox həyat enerjisi ilə dolu olurlar. 
    Pornonun zərərləri deyəndə, mütəxəssislərin ağlına ilk gələn söz “asılılıq”dır. Kembric Universitetində aparılan araşdırmada porno asılılığı narkotik maddələrə olan asılılıqla eyniləşdirilib. Qeyd edilib ki, hər ikisi beyindəki 3 eyni bölgəni aktivləşdirir. Pornoqrafiya izləyiciləri arasında aparılan sorğu onların bu fikrini dəstəkləyib. Belə ki, porno izləyənlərin əksəriyyəti, videoları zövq aldıqları üçün yox, istədikləri üçün izlədiklərini deyib. 
    İngiltərənin Milli Sağlamlıq Xidmətləri idarəsi isə əks düşüncədədir. Onlar seks düşkünlüyü ilə porno asılılığını ayırmağı təklif edir. Çünki, seks düşkünləri hər an şiddətə, cinayətə meyl edə bilir. Porno izləyənlərin əksəriyyəti isə  təmkinli və səbirli olurlar. 
    2002-2004-cü illərdə aparılan başqa bir araşdırmada porno izləyənlərin cinsəl həyatlarında bir çox problemlərin həll olunduğu, onların müəyyən kompleksləri aşdığı müşahidə edilib. 
    Pornoqrafiyanın qadına qarşı şiddəti artırdığı da zaman-zaman müzakirə mövzusu olub. Kopenhagen və Kaliforniya Universitetlərindən olan araşdırmaçıların 200 nəfər üzərində apardığı araşdırma bu istiqamətdə heç bir kəskin sübut əldə edə bilmədi. Onların da son fikri belə oldu: “Porno izləsin, yaxud, izləməsin, qadına qarşı münasibət hər kişi üçün individualdır”. 
    Nəticə etibarilə, bir araşdırmanın pornonun zərərlərindən bəhs etdiyini, bir başqasının isə onun əksinə, pornonu zərərsiz saydığını görürük. Hər bir insanın individual psixologiyası səbəbiylə aparılan araşdırmalar fərqli nəticələrlə sonuclanır. Bu gün çoxlarını “pornoqrafiya artdıqca, hansı risklər artır?” sualı düşündürür. Hələ ki, bu suala veriləcək dəqiq bir cavab tapılmayıb. Yeganə ortaq fikir budur: Hər bir vərdiş kimi, porno izləmək də bu vərdişin sahibinin-insanın həyatına təsirsiz ötüşmür. Bu təsirlərin mənfi, yaxud müsbət yöndə olması isə həmin insanın özündən asılıdır. 

Demedia.az