İnvestisiya təşviqi sənədi almaq üçün... - İqtisadçı açıqladı



 16:06 22.12.2022     614

Real sektora dəstək olan İnvestisiya təşviqi sənədinin verilməsilə bağlı cənab Prezident tərəfindən yeni fərman imzalanıb . Yeni sənədə görə investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 3 il ərzində hüquqi şəxslərə və fərdi sahibkarlara veriləcək. Amma bütün layihələrə deyil, sənaye məhəllələrində və aqroparklarda, turizm və rekreasiya zonalarında, eləcə də Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda həyata keçiriləcək layihələrə veriləcəkdir.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, bundan əlavə olaraq, Prezidentin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçiriləcək strateji investisiya layihələrinə İnvestisiya təşviqi sənədi veriləcək:

"Çünki, müəyyən istiqamətlər var ki, istisna hal ki strateji layihələr olaraq icra edilir. Amma bu zaman paylarının (səhmlərinin) 30 %-i və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslərə investisiya təşviqi sənədi verilmir.

Eyni zamanda, investisiya təşviqi sənədi almaq üçün təqdim edilən strateji investisiya layihələri üçün minimal investisiya məbləği Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 (beş) milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə isə 3 (üç) milyon manat müəyyən edilib.

O ki qaldı bəs strateji investisiya layihələri konkret hansılardır? Bu sual hazırda açıq sualdır. Strateji investisiya layihələrinin istiqamətlərinə dair təkliflərin 3 ay müddətində dövlət başçısına təqdim edilməsi ilə bağlı fərmanda ayrıca aiddiyyatı üzrə tapşırıq verilib.

İnvestisiya təşviqi sənədi ciddi vergi və gömrük güzəştlərinə imkan yaratdığı üçün sahibkarlar üçün önəmli sənəddir".

Xəyalə Məmmədova / Demedia.az