Gömrük buraxılış məntəqələrində prosesləri ləngidən məsələ... - Osman Gündüz



 17:02 22.12.2022     559

Gömrük buraxılış məntəqələrində prosesləri ləngidən ciddi bir məsələ hələ də öz həllini tapmayıb. Uzun illərdi ki, bizim gömrük postlarında bir deyil, iki pəncərə mövcuddur.

Demedia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, yəni məntəqədə gömrük rəsmiləşdirmələri, Prezident fərmanında qeyd olunduğu kimi "bir pəncərə" prinsipi ilə deyil , "iki pəncərə" prinsipi ilə aparılır:

"İkinci pəncərə isə Dövlət Sərhəd Xidmətinə aiddir. Gömrüyün vahid pəncərəsində aparılan bütün əməliyyatlar (avtomobil məlumatları, vətəndaşa aid məlumatlar və s.), təkrarən Sərhəd xidmətçiləri tərəfindən onların "pəncərəsində" də aparılır. Hansı ki, beynəlxalq normalara görə də bu belə olmalı deyil.

Əvvəllər DSX-da bildiyim qədər rəqəmsal mühit, transformasiya işləri də çox zəif inkişaf etmiş vəziyyətdə olub. Dataların inteqrasiyası olmadığından proses olduqca ləng həyata keçirilirdi .

Əvvəllər DGK və DSX rəhbərləri, generallar tez-tez gömrük postlarında görüşüb müzakirələr aparırdılar.

Lakin əvvəlki rəhbərliyin bu problemi həll etməyə, sadəcə gücü çatmadı.

Əlbəttə, düşünmək olar ki, bu məsələ iki qurumun generallarının bir yerə toplaşması ilə də həll olunan məsələ deyil.

Amma görünən də odur ki, DSX və DGK tərəfindən aparılan eynigüclü paralel əməliyyatlar sənədləşmə və sərhəddən keçid müddətini ikiqat artırır.

Bu isə əlavə problemlər və narazılıqlar yaradır".

Xəyalə Məmmədova / Demedia.az