Hərbi addımlarımızın davam etdirilməsi vacibdir - Hərbi şərhçi



 18:00 22.12.2022     635

Nəhayət ki, erməni liderlərindən biri açıq şəkildə bu məsələyə toxunub. Dolayısı ilə ermənilərin müharibəyə hazırlaşdığını sətiraltı şəkildə açıqlayıb. Müharibədən sonra bu məsələ ilə bağlı dəfələrlə fikirlərim olub. Hesab edirəm ki, vəziyyət dəyişməyib. Qarabağdakı erməni separatçıları hər gün müdafiə xətti formalaşdırırlar, əks hücum əməliyyatlarının məşqini edirlər, əks həmlə əməliyyatlarının da məşqini etməmiş deyillər, silah-texnika parkını yeniləyirlər. Lazım olan hərbi təyinatlı vasitələrin əldə olunmasına çalışırlar. Bunu da iki ildir gizli saxlayırdılar.

Demedia.az xəbər verir ki, bunu hərbi şərhçi Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan açıq şəkildə bunu bəyan etdi:

"Bunun ardınca ekoloji problem səbəbindən aksiyalar başladı və yol bağlandı. Gördüyünüz kimi, Qarabağdakı erməni separatçılarının liderlərindən biri olan Vardanyan açıq şəkildə bildirir ki, müharibəyə hazır olmalıyıq. Bu o deməkdir ki, onlar müharibəyə hazırlaşırlar. Ermənilər bu istiqamətdə lazımi tədbirləri də görürlər. Bunu da öz müttəfiqləri və daxili imkanları hesabına həyata keçirirlər. Birmənalı olaraq, yeni hərbi əməliyyatların başlanmasının abı-havasını formalaşdırırlar. Erməni hərbi birləşmələri müharibəyə hazırlıq vəziyyətinə, yaxud lokal bir əməliyyat vəziyyətinə gətirilir. Son bir il ərzində erməni separatçılarının rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən, o cümlədən Ermənistan-Azərbaycan arasındakı sərhəddən mövqelərimizi atəşə tutması vəziyyətin getdikcə dərinləşməsindən xəbər verir.

Ermənistanın Müdafiə Nazirliyinin Qarabağdakı I əlahiddə ordu hərbi birləşməsinin hərbi qüvvələri, həmçinin separatçılara tabe olan qanunsuz hərbi dəstələr bu istiqamətdə fəaliyyət göstərirlər. Ermənistan müharibəyə başlayacaqmı, başlarsa hansısa bir üstünlük əldə edə bilərmi, bu suallara cavabım budur ki, hər zaman bir deyim var, onu unutmayaq, düşməni özündən güclü bil yanaşmasını heç zaman özümüzdən uzaq buraxmayaq. Biz ordumuzu, sadəcə, gücləndirməyə davam etməliyik. Silah-texnika parkımıza da diqqəti artırmalıyıq. Qarabağdakı separatçıların mövqeləri daim nəzarət altında saxlanılmalıdır. Tərəflər hazırda gözləmə mövqeyindədir, ortada tərəflərdən hansı biri hansı addımı atacaq kimi ortada sual da var. Ermənistanın strateji hədəfində mövqelərini gücləndirməkdir,

Azərbaycanın hədəfində isə işğal altında qalan digər əraziləri azad etməkdir. Təbii ki, Ermənistan böyük hərbi əməliyyatlar keçirmək gücündə deyil. Amma düşmən üçün hansısa bir istiqamətdə üstünlük əldə etmək də olduqca vacibdir, həm Qarabağda, həm də sərhəd boyunca. Azərbaycan isə buna heç zaman imkan verməməlidir, verməyəcək də. Etiraf etmək lazımdır ki, vəziyyət çox gərgindir. Hərbi addımlarımız davam etməlidir".

Xəyalə Məmmədova / Demedia.az