Dünyaya gəldiyimiz ay taleyimizə necə təsir edir?



 21:01 22.12.2022     806

Dünyaya gəldiyimiz gün və ay bizim taleyimizə necə təsir edir?

Elm adamları bu inanclara qətiliklə qarşı çıxırlar. Lakin çoxlarımıza absurd kimi səslənən bu fikirin əslində rasional izahı varmış. 

ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosunun məlumatına görə, ən ağıllı və bacarıqlı uşaqlar sentyabr ayında doğulur. Bu ayda anadan olanlar nəinki məktəbdə yaxşı qiymət alır, həm də daha nüfuzlu kollec və universitetlərdə ali təhsil qazanır. Alimlərin sözlərinə görə, amerikalı uşaqlar altı yaşında məktəbə gedirlər, odur ki, sentyabrdan dekabr ayına qədər doğulanların cüzi üstünlüyü var: onlar yaz və yayda doğulan sinif yoldaşlarından bir neçə ay böyükdür, bu da ibtidai siniflərdə akademik göstəricilərə ciddi təsir edə bilər. Dahiliyin doğum tarixi ilə əlaqəsi araşdırılsa da, elm adamları bu məsələdə müəyyən nəticələrə gələ bilməyib. Bəziləri elm adamlarının doğum ili ilə Nobel mükafatı verilməsi arasında əlaqə tapsa da, digərləri zəka səviyyəsinin doğulduğu mövsümlə əlaqələndirilməsinə qarşı çıxır. Buna baxmayaraq, qışda doğulanların daha uzun yaşadığı, payız uşaqlarının məktəbdə daha yaxşı oxuduğu və yazın sonunda anadan olanların idmanda böyük uğurlar qazandığı iddia edilir.

Məsələn, Belçika, Fransa və Niderlandda futbolçuların doğum günləri əsasən avqusta düşür, sonra onların sayı tədricən azalır və iyul ayında minimum səviyyəyə çatır. İngiltərə Premyer Liqasında oyunçuların ad günləri payıza təsadüf edir, ingilis futbolunun indiki ulduzları arasında may-avqust aylarında doğulanlar yoxdur. Araşdırmalara görə, doğum tarixi ömrün uzunluğuna da təsir göstərə bilər. Payız və qışda doğulanlar daha uzun yaşayırlar. Ən pisi mart ayında doğulmuş körpələrdir, bunların yalnız dörd faizi yüz yaşa qədər yaşayır. Məsələn, bu araşdırmada 19-cu əsrin sonlarında doğulmuş insanların məlumatlarından istifadə edilib. O dövrdə payızın sonlarında və qışda mövsümi infeksiyalar, eynilə soyuqdəymə nəticəsində körpə ölümünün artması müşahidə edilib. Güclü körpələr şəraiti pis olan ailələrdə belə sağ qalıb. Və onların uzunömürlülüyü üçün daha çox şansı var. Bremen Ceykobs Universitetinin (Almaniya) professoru Aleksandr Lerçlanın qənaətinə görə, oktyabr-dekabr aylarında dünyaya gələn almanlar da may-iyun aylarında doğulanlardan orta hesabla daha uzun yaşayır. Oxşar məlumatlar Kaliforniya Universitetinin tədqiqatçıları tərəfindən də Yerin müxtəlif yarımkürələrində yaşayan əhalinin ömür müddətini müqayisə edərkən əldə edilib. Məlum olub ki, Avstriya və Danimarkada yüz yaşına çatmış insanlar daha çox sentyabr-dekabr, avstraliyalılar isə mart-iyun aylarında dünyaya gəlirlər. Bunun ən çox ehtimal olunan izahlarından biri hamiləlik dövründə qəbul edilən qidalardır. Payız və qışda doğuş edən qadınlar isti mövsümdə daha çox meyvə-tərəvəzə üstünlük verir. Bu da uşaqlarda sağlam dad vərdişləri meydana gətirir. Bunu eksperimental olaraq təsdiqləmək mümkün deyil, ancaq müəyyən fərziyyə ilə siçovulların üzərində aparılan araşdırmanı nümunə kimi göstərə bilərik. Bir qadın hamiləlik dövründə yağlı, kalorili qidalar qəbul edirsə, onun dünyaya gələn övladı da sonradan zərərli qidaya meylli olacaq və piylənmədən əziyyət çəkəcək.

Xəyalə Məmmədova  Demedia.az