Kəpək niyə əmələ gəlir? - Araşdırma



 22:04 22.12.2022     796

Kəpək baş dərisinin ölmüş hüceyrələrindən ibarətdir. Normal halda, bədənin digər hissələrinin dərisində olduğu kimi, başın dərisindəki hüceyrələri də müəyyən müddət keçdikdən sonra yeniləri ilə əvəz olunur.

Bu zaman ölmüş köhnə hüceyrələr insan gözü üçün nəzərə çarpmadan başın dərisindən xaric olunur. Beləliklə, başda az miqdarda kəpək olması tam normal fizioloji prosesdir. Ancaq müxtəlif səbəblər nəticəsində baş dərisinin hüceyrələri daha qısa vaxtdan sonra lay-lay qopmağa başlayır. Bu zaman saçlar xeyli sayda xoşagəlməz yapışqan pulcuqlarla örtülür və ya başdan paltarların üzərinə xeyli miqdarda quru kəpəklər tökülməyə başlayır. Saçların yuyulması da problemi həll etmir - saçlar qurumağa imkan tapmamış kəpəklər yenə də əmələ gəlir. Kəpəklərin olması yalnız estetik çatışmazlıq deyil. Ölmüş dəri hüceyrələri baş dərisinin səthində toplanması nəticəsində saçlar normal "nəfəs almır", zəifləyir, daha asanlıqla qırılır və tökülməyə başlayır.

Kəpəklərin əmələgəlmə səbəbləri çoxdur: irsi faktor, daxili orqanların bir sıra xəstəlikləri (kolit, qəbizlik, qara ciyər və öd kisəsinin xəstəlikləri, qalxanvari vəzinin xəstəlikləri və s.), avitaminozlar, streslər, maddələr mübadiləsi pozğunluqları, baş dərisindəki piy vəzilərinin normal fəaliyyətinin pozulması, saçlara düzgün qulluq edilməməsi (saçlarınıza uyğun gəlməyən və keyfiyyətsiz şampunlardan istifadə edilməsi, saçların çox tez-tez boyanması, isti fenlə tez-tez qurudulması) və s.

Əgər siz başınızda kəpəklərin xeyli dərəcədə artdığını müşahidə etsəniz, kəpəyin quru və ya yağlı olmasından asılı olmayaraq, mütləq həkim-trixoloqa (saçlar üzrə mütəxəssis) müraciət edin. 

Aysun / Demedia.az