Naxçıvan yeni mərhələyə qədəm qoyur - İqtisadçı



 17:02 23.12.2022     571

Bu gün Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib. Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin edilməsi struktur islahatlarının davamı kimi qiymətləndirilməlidir.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, daha öncə, işğaldan azad olunan ərazilərimizdə də xüsusi nümayəndəliklər formalaşdırılıb:

"Xüsusi nümayəndəliklərin formalaşdırılması iqtisadi rayonlar üzrə idarəetmədə yeni yanaşmadır. Bu eyni zamanda qərarların qəbulunun çevikliyinin artırılması, şəffaflığın və hesabatlılğın gücləndirilməsi baxımdan da vacibdir.

Naxçıvan Muxar Respublikasının büdcəsinin gələn il üçün gəlirləri 635,3 milyon manat proqnozlaşdırılsa da bunun 449.8 milyon manatını dövlət büdcəsindən ayrılan dotasiya təşkil edəcək. Naxçıvanın öz gəlirləri isə 185,5 milyon manat olacaq. Göründüyü kimi, Naxçıvanın büdcəsinin 70.0 faizi dövlət büdcəsi hesabına formalaşır. Bu həm də o deməkdir ki, Naxçıvanın gəlirləri öz xərclərinin cəmi 30.0 faizini ödəyə bilir.

Bu baxımdan, yeni struktur islahatı Naxçıvan iqtisadiyyatının liberallaşmasına, sahibkarlar üçün yeni imkanların yaradılmasına və eləcə də yerli gəlirlərin çoxalmasına imkan yaradacaq. Bu isə həmçinin Naxçıvanın iqtisadi baxımdan da yeni mərhələyə qədəm qoyması deməkdir".

Xəyalə Məmmədova / Demedia.az